Həyat və bolluq rəmzi - Səməni

A- A A+

Novruz bayramının əsas rəmzlərindən olan səməni bolluq-bərəkət amili kimi xalqımızın düşüncəsində mühüm yer tutur. Təbiətin oyanışını və yazın gəlişini özündə təcəssüm etdirən səməninin il təhvil olunanda bayram süfrəsinə qoyulması təbiətin canlanmasından xəbər verir.

Nursu kənd sakini Rəfiqə İmanova deyir ki, yurdumuzda hələ lap qədim dövrlərdən evlərdə səməni cücərtmək adət olub. Bu adət-ənənəyə görə səməni buğdanın, qara mərciməyin, noxudun islağa qoyulması ilə cücərdilir. Belə bir deyim də var ki, sini qabda göyərdilən səməni yazda səpiləcək toxumun keyfiyyətini yoxlamağa imkan verir. Əgər səməni yaxşı cücərib boy atsa, bu o deməkdir ki, məhsul bol olacaq. Kənddə indi elə bir ev tapmaq olmaz ki, səməni göyərdilməsin. Hamı bilir ki, bayram süfrəsi nemətləri arasında səməni mütləq olmalıdır.  Səməni becərmək isə sadə görünsə də, olduqca diqqət tələb edən bir işdir. Səməni hazırlamaq üçün əvvəlcə buğdanı təmizləyib iki-üç gün suda saxlayırıq, bu vaxt ərzində buğda şişir. Sonra onu sudan çıxarıb dəsmalın üstünə səririk ki, suyu çəkilsin. Suyu çəkilən buğdanı qaba töküb, üzərinə isladılmış tənzif sərir və günəş şüaları düşən yerdə saxlayırıq. Tənzif buğda göyərənə qədər yaş qalmalıdır, elə ki, buğda göyərdi, tənzifi götürürük. Səməninin suyunu elə verməliyik ki, su yığışıb qabda qalmasın. Bunun üçün gündə bir dəfə az-az su çiləsək daha yaxşı olar. Rəfiqə nənə onu da deməyi özünə borc bildi ki, səməninin saxlanma müddəti başa çatdıqda, yəni, artıq qurumağa, saralmağa başladıqda onu natəmiz və başqa yerlərə atmaq günah sayılır. Bu təmizlik, saflıq, yaşamaq, bərəkət rəmzi ancaq axar suya atılmalıdır.

Rəfiqə nənə “Səməni” halvası haqqında da məlumat verdi. “Səməni” halvasını bişirmək çətin olduğundan onu hər adamın bişirməyə səbri çatmaz. Bu halvanı başqa şirniyyatlardan fərqləndirən əsas xüsusiyyət onun təbii məhsullardan hazırlanmasıdır. Halvanın hazırlanması üçün yüksək keyfiyyətli buğda təmizlənir, yuyulur və ilıq suya qoyulur. Suya qoyulmuş buğdanın suyunu tez-tez dəyişdiririk ki, suda qalıb iylənməsin. Bir-iki gün belə yuduqdan sonra, buğda yaş torbanın içərisinə tökülür, yeddi gün saxlanılır. Səməninin cücərtiləri sarımtıl rəngdə olduqda, bilirik ki, o, səməni halvasının bişirilməsi üçün hazırdır. Onu taxtadan olan tabaqda yaxşıca döyəcləyir, əldə etdiyimiz şirəni tənzifdən keçirib, üzərinə un tökərək xəmir yoğururuq. Təxminən 100 qram buğdanın şirəsinə 500 qram un əlavə edib xəmir hazırlayır və onu  mis qazana tökürük. Halvanı qarışdırmaq üçün möhkəm dəstəyi və iti ucu olan ərsin adlı mis əşyadan istifadə edirik. Halvanın ərsəyə gəlməsində ərsinin olması əsas şərtdir. Çünki halva çox uzun müddətə əmələ gəlir və ərsin olmasa, iş ləngiyər. Halva yanmasın deyə, dayanmadan qarışdırır, ara-sıra xəmirə evimizdə hazırladığımız kənd yağından da vururuq. Bu halvanın bişirilmə müddəti 6 saata yaxın çəkə bilər. Elə ki xəmir qəhvəyi rəngə çaldı, demək, halva bişib. Hazır olduqdan sonra ona tut doşabı, doğranmış qoz ləpəsi və ədviyyə vurulur. Yaxşıca qarışdırdıqdan sonra halva qoğal formasına salınaraq açıq yerə sərilir və bəzək kimi ortasına qoz ləpəsi qoyulur. Kəndimizin camaatı  hər il həvəslə bu halvanı bişirməkdən zövq alır və ona  xeyir, ruzi-bərəkət gətirən bir amil kimi baxır.

                                                                                            Sədayə Xəlilova

                                                                                          “Oğuz səsi” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: