Şahbuzda “Naxçıvanbank” ASC-nin rayon filialı və Tarix Diyarşünaslıq Muzeyi üçün tikilən binalarda son tamamlanma işləri görülür - FOTOLAR
Şahbuz rayonunda təhsil, səhiyyə, rabitə və digər infrastrukturlar üçün müasir standartlara cavab verən yeni binaların tikintisi, yolların abadlaşdırılması, sahibkarlara normal iş şəraiti yaratmaq istiqamətində mühüm işlər görülür. Hazırda rayon mərkəzində “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin yeni filialı və Rayon Tarix Diyarşünaslıq Muzeyi üçün tikilən binalarda son tamamlanma işləri görülür. Ümumilikdə 465 kvadratmetr sahədə yerləşəcək bank binası iki mərtəbədən ibarət olacaq. Birinci mərtəbəsində əməliyyat, xəzinə, server, qiymətlilərin saxlanılması və gözətçi otaqları, müştəri zalı, qazanxana yerləşəcək. İkinci mərtəbə isə direktor və əlavə iş otaqları üçün nəzərdə tutulub. Burada biznes, kənd təsərrüfatı, ailə təsərrüfatı, istehlak və ipoteka kreditlərinin verilməsi, eyni zamanda kassa əməliyyatları və pul köçürmələri kimi bütün maliyyə əməliyyatları həyata keçiriləcək.
1982-ci ildə yaradılan Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyi üçün tikilən bina da 2 mərtəbəlidir. 591 kvadratmetr sahəni əhatə edəcək yeni muzey binasında ziyarətçilərə tariximizin təbliği üçün geniş şərait yaradılacaq.
Burada sərgi salonu ilə yanaşı, fond, bələdçilər, direktor, qazanxana, elektrik, texniki işçilər, bərpaçı rəssam otaqları və foye də olacaq.
Qeyd edək ki, muzey üçün yeni binanın inşası turizm bölgəsi olan Şahbuz rayonunun tarixinin təbliğinin genişləndirilməsinə öz töhfəsini verəcək.
“Oğuz səsi” qəzeti