Araz kəndində böyük quruculuq işləri başlayıb

A- A A+

Babək rayonunun kiçik yaşayış məntəqəsi olan Araz kəndində kompleks quruculuq işlərinə başlanılıb. Araz kəndi Araz Su Anbarının sahilində yerləşir. 47 təsərrüfatda 200-ə yaxın əhali yaşayır. İndiki Nehrəm qəsəbəsi zamanla böyüyüb, məskunlaşma artıb və ondan yeni bir kənd – Araz kəndi yaranıb. 2003-cü ildə təşkil olunan kənddə ümumi orta məktəb olsa da, dövlət qurumları üçün heç bir tikili olmayıb və uzun illər uyğunlaşdırılmış binalarda yerləşiblər. Kənd məktəbi isə 9 illik olduğu üçün orta təhsilini başa vurmaq istəyənlər qonşu Nehrəm qəsəbəsindəki məktəblərə üz tutublar. Artıq bütün bu qayğılar öz həllini tapmaq üzrədir. Kiçik kənd bu gün böyük tikinti meydançasını xatırladır. Mart ayının ilk günlərindən başlayaraq Araz kəndində müasir layihə əsasında məktəb, kənd və xidmət mərkəzlərinin tikintisinə başlanılıb. Gələcək perspektiv nəzərə alınaraq təhsil ocağı 88 şagird yerlik inşa olunur və artıq təhsil ocağı 11 illik olacaq. Tikinti işlərinin yeni tədris ilinin başlamasına qədər başa çatdırılması nəzərdə tutulub. Təhsil ocağında 11 sinif otağı, kitabxana, şahmat və kompüter sinifləri, fizika və kimya laboratoriyaları, hərbi kabinə fəaliyyət göstərəcək.

Quruculuq işləri çərçivəsində kənd və xidmət mərkəzləri də inşa olunur. Layihəyə əsasən, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin binasında Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, kitabxana, baytarlıq və feldşer-mama məntəqəsi, poçt, bələdiyyə, statistika və arxiv otaqları yaradılacaq. Əhaliyə nümunəvi ticarət və məişət xidmətləri göstərilməsi üçün kənddə xidmət mərkəzi də inşa olunur.

Ötən ildən başlayaraq Araz kəndində içməli su və kanalizasiya sistemlərinin çəkilişi aparılır. Artıq evlərdə birləşmələr də aparılıb. Yaxın gələcəkdə işlərin başa çatdırılması planlaşdırılır.  

                                                        “Şərqin səhəri” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: