Ohanyan səddini ilk keçən Vətən Müharibəsi Qəhrəmanı Faiq Qasımov - FOTOLAR
Vətənin bütövlüyü naminə şirin canından keçən oğulların qanları ilə yazdığı şanlı zəfər tariximiz qürur mənbəyimizdir.
Bu gün o şanlı qələbəni bizə yaşadan qəhrəmanlardan biri haqqında söz açacağıq.
Qarabağ adlı cənnətimizin qartal vüqarlı kəndlərindən biridir Qubadlı rayonunun Qayalısı. İşğaldan əvvəl bu kənddə yaşayan Qasımovlar ailəsində altı oğul, bir qız böyüyüb. 1974-cü ildə doğulan Faiq Qasımov isə ailənin ən kiçiyi, sonbeşiyi olub. O, 1981-1991-ci illərdə Qayalı kənd orta məktəbində oxuyub. Hələ uşaq yaşlarından Əliyar Əliyevin məşqçiliyi altında idmanın güləş növü ilə məşğul olub. Hərbi xidməti dövründə Birinci Qarabağ müharibəsində iştirak edib və Milli qəhrəman Əliyar Əliyevin taborunda topçu kimi Laçında, Qubadlıda vuruşub. Bu xidmətinə görə Qarabağ Müharibəsi Veteranı adına layiq görülüb.
1993-cü ilin avqust ayında doğma yurdlarından qaçqın düşən Qasımovlar ailəsinin də vətən nisgili sona çatıb artıq. Ancaq bu yolda canlar fəda ediblər. 6 qardaşının üçü qazi, üçü isə şəhid olub Ruqiyyə xanımın. Torpaq uğrunda üç qardaş itirib. Birinci Qarabağ müharibəsində qardaşı Həsənqulu Qasımov, ikinci Qarabağ müharibəsində son beşikləri Faiq Qasımov şəhid olub, bir qardaşı isə birinci Qarabağ müharibəsində aldığı qəlpə yarasından uzun müddət əziyyət çəkib, sonra isə dünyasını dəyişib.
Sözün həqiqi mənasında bu qardaşların özləri çəpər, sinələri sipər olub Vətənə. İndi ömür vəfa etsə, qardaşlarının uğrunda can verdiyi, doğulub boya-başa çatdığı o torpaqlara ayaqyalın gedəcəyini deyir Ruqiyyə xanım.
Mən hərbçini Faiq Qasımovun simasında tanımışam. Onun məğrur, zəhmli baxışında, görkəmində anlamışam hərbçi necə olar.Nə üçün bu peşə var. Əsl hərbçi görkəmi var idi onda. Zahirən sərt baxışlı, amma daxilən mehriban, gülərüz, sözlü-söhbətli, humanist, saf, kövrək qəlbli bir insan idi. Bəlkə də üzündəki o ifadə, o sərt baxış illərlə Qubadlısına həsrət qalması, Vətən, torpaq üçün döyüşüb 23 yaşında şəhid olan qardaşı Həsən üçün keçirdiyi sarsıntı, tökdüyü göz yaşlarından, düşmənə olan nifrətindən yaranmışdı.
O, Birinci Qarabağ müharibəsinin qorxmaz döyüşçüsü, “Qorxmazçılar” adı qazanmış taqımı ilə birlikdə bir dastan yazaraq 108 nəfəri Laçında mühasirədən çıxaran, “körpələr güllə səsinə oyanmasın, qoy onları anaların laylası oyatsın” deyən dəliqanlı Qubadlı balası, Qubadlı qəhrəmanı Həsən Qorxmazın (Həsənqulu Qasımovun) doğmaca qardaşıdır… Faiq Qasımov qardaşı Həsənqulu Qasımov şəhid olduqdan sonra hərbçi olacağına and içir. O hərbi xidmətini bitirib, 1993 –cü ildə Bakı Ali Birləşmiş Komandanlıq məktəbinə daxil olur. Azərbaycanın Milli Qəhrəmanları Polad Həşimov, Mais Bərxudarov və Şükür Həmidovla eyni ildə məzun olur.
Hərbçi kimi vətənə xidmətinin 16 ili Naxçıvanda keçdi Faiq Qasımovun. Naxçıvanda ailə həyatı qurdu. 1995-ci ildən 2009-cu ilədək Naxçıvanın hər qarış torpağına, hər dağına ayaq qoydu. Vətənin soyuq səngərləri, dağları onun evi oldu.
2009-2012-ci illərdə Balakən rayonunda davam etdirdi xidmətini. Daha sonra isə öz istəyi və təkidi ilə Füzuliyə təyinat aldı. Hər dəfə o dağlardan doğma yurduna baxanda ürəyi Qayalı üçün, atasının, qardaşı Həsənin məzarı üçün qubar etdi, 46 illik ömrünün 25 ili beləcə keçdi qəhrəman hərbçi Faiq Qasımovun.
2016-cı ildə dörd günlük Aprel Döyüşlərində ordumuzun qazandığı parlaq qələbə onun vətən nisgilli qəlbinə su səpdi. Bu döyüşlərdə Lələtəpəni azad edən, düşmənin yüksək rütbəli hərbçilərini məhv edən və Milli qəhrəman Şükür Həmidovun rəhbərliyi altında Lələtəpəyə bayraq sancan polkovnik-leytenant Faiq Qasımov Qubadlısına qovuşacağı günün çox da uzaqda olmadığını, qələbənin yaxın olduğunu hiss etdi. Göstərdiyi yüksək döyüş şücaətinə görə Ali Baş Komandan onu “Azərbaycan bayrağı” ordeni ilə təltif etdi. “Hərbi xidmətdə fərqlənməyə görə”, “Qüsursuz xidmətə görə”, Azərbaycan Silahlı qüvvələrinin yubiley medallarına layiq görüldü, “Vətən Müharibəsi qəhrəmanı”, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin alınmasına görə” medalları bu vətəndən ona pay oldu 25 illik xidməti dövründə.
2020-ci il sentyabrın 27-də düşmənin əks-həmlə əməliyyatına cavab olaraq başlayan 44 günlük Vətən müharibəsində isə o hamıdan öndə getdi doğma torpağın müdafiəsinə. Hərbi bilik və bacarıqlarını düşmənin qurduğu sədləri yarmaq üçün tətbiq etdi və öz heyəti ilə birlikdə keçilməz sədləri keçdi. Füzulinin işğaldan azad olunması uğrunda döyüşdü və şəhid oldu polkovnik-leytenant. 21 gün sonra qəhrəman hərbçimizin mübarək nəşi torpağa tapşırıldı.
Beləliklə, Birinci Qarabağ müharibəsində qardaşı Həsənqulu Qasımov o torpaqların işğal olunmaması üçün, o isə həmin torpaqları azad etmək, qardaşının qisasını almaq üçün vuruşdu. Xalq qəhrəmanı Qaçaq Nəbinin, Milli qəhrəman Əliyar Əliyevin, Həsən Qorxmazın, general Mais Bərxudarovun ata yurdu olan Qubadlının qəhrəman oğullarının sırasına Faiq Qasımovun da adı yazıldı.
“Bu hərbi geyim, bu çəkmələr mənim əynimdən o vaxt çıxacaq ki, biz torpaqlarımızı azad edəcəyik” deyən polkovnik-leytenant oktyabrın 20-si vaxtilə qardaşı Həsənqulu Qasımovun oxuduğu “gələn getməlidir dünyadan bir gün” ağısının sədaları altında II Fəxri xiyabanda dəfn olundu.
O, Vətən müharibəsinin ilk şəhidlərindən oldu. Son nəfəsində də təki Vətən yaşasın, təki torpaqlarımız düşmən tapdağı altında qalmasın dedi. Qubadlısına qovuşmaq, xoş günlərini görmək, qardaşının məzarını ziyarət etmək ona qismət olmadı. 44 gün sonra isə Müzəffər Ordumuz haqq savaşını qələbə ilə bitirdi. O gün onların da ruhu rahatlıq tapdı. Qüdrətli ordumuz Faiq Qasımovun da, Həsən Qorxmazın da qisasını aldı.
Bazarçayın sol sahilində yerləşən Qubadlı indi azad günlərini yaşayır. Azərbaycan əsgəri orada xidmət edir. O torpaqlarda Azərbaycan hərbçisinin qanıyla, canıyla ucaltdığı üçrəngli bayraq dalğalanır. Əzm və vüqarla. Əsən yellər Qubadlının ətrini Faiq Qasımovun da məzarına gətir. Adı tarixlərə yazılan Vətən müharibəsi qəhrəmanının əməlləri oğlu Zaminə və gələcək nəsillərə ərmağandı. Atasının ölümündən sonra onun yolunu davam etdirəcəyinə and içən Zamin ataların “Ot kökü üstə bitər”deyimini bir daha təsdiq edib.
Türkanə Əmoyeva
“NUHÇIXAN”