“Qars Müqaviləsi və Naxçıvan” mövzusuna həsr olunan elmi konfrans keçirilib - FOTOLAR

A- A A+

2021-ci ildə mühüm tarixi-siyasi əhəmiyyətə malik olan Qars müqaviləsinin imzalanmasının 100 illiyi tamam olur. Fevralın 8-də “Qars müqaviləsinin 100 illiyinin keçirilməsi” haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Sərəncam imzalayıb. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bununla əlaqədar Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsində “Qars Müqaviləsi və Naxçıvan” mövzusuna həsr olunan elmi konfrans keçirilib.

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev “Beynəlxalq Qars müqaviləsi və Naxçıvanın muxtariyyəti məsələsi” mövzusunda çıxış edib.

Akademik qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən imzalanan müvafiq Sərəncam Naxçıvanın zəngin dövlətçilik tarixinin, muxtariyyətin baniləri olan görkəmli tarixi şəxsiyyətlərin, dövlət xadimlərinin, ümummilli liderimiz Heydər Əliyevin muxtariyyətin qorunmasındakı müstəsna xidmətlərinin öyrənilməsi və təbliği baxımından mühüm tarixi-siyasi əhəmiyyət kəsb edir.

Türkiyənin Qars Qafqaz Universiteti ilə birlikdə keçirilən konfransda bölmənin sədri İsmayıl Hacıyev bildirib ki, 1921-ci il oktyabrın 13-də Azərbaycan, Ermənistan və Gürcüstan sovet sosialist respublikaları ilə Türkiyə arasında imzalanan Qars müqaviləsi Naxçıvanın muxtariyyət statusuna təminat verən çox mühüm hüquqi, siyasi və beynəlxalq sənəddir. Bu müqavilə 1922-ci ilin mart-iyun aylarında müqaviləni imzalayan ölkələrin qanunvericilik orqanlarında təsdiq edilib və həmin ilin sentyabrın 11-dən qüvvəyə minib.

Akademik qeyd edib ki, 1920-ci ildə Zəngəzurun itirilməsi ilə Naxçıvan diyarının Azərbaycanla quru sərhəd əlaqəsi pozulub. 1921-ci ilin yanvarında Naxçıvanda keçirilən referendumun nəticəsində Naxçıvan diyarının Azərbaycanın tərkibində qalması, Türkiyə ilə Rusiya arasında imzalanan Moskva müqaviləsi bu məsələni ədalətli həll edib. Belə ki, Moskva beynəlxalq müqaviləsinə görə, Naxçıvana Azərbaycanın himayəsində muxtariyyət statusu verilib. Bundan 7 ay sonra - 1921-ci il oktyabrın 13-də Qarsda Türkiyə ilə Cənubi Qafqaz respublikaları - Azərbaycan, Gürcüstan və Ermənistan arasında Rusiya nümayəndəsinin iştirakı ilə beynəlxalq Qars müqaviləsi imzalanıb. Türkiyə, Azərbaycan və Ermənistan Naxçıvana Azərbaycanın tərkibində muxtariyyət statusu verilməsinə razı olub və müqaviləni imzalayıblar. 20 maddə və 3 əlavədən ibarət olan müqavilənin müddətsiz imzalanması diyarımızın statusu baxımından böyük əhəmiyyət kəsb edir. Müqavilənin 5-ci maddəsi bilavasitə Naxçıvanın statusu ilə bağlıdır. Üçüncü əlavədə isə Naxçıvanın ərazisinin dəqiq sərhədləri verilib.

Konfransa onlayn şəkildə qoşulan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxışında “Qars müqaviləsində iştirak edən Azərbaycan təmsilçiləri” mövzusuna xüsusilə toxunub. Qeyd edib ki, 1921-ci il 16 mart Moskva müqaviləsinin imzalandığı tarixi gündür. Bu gün həmin müqavilənin imzalanmasından 100 il ötür. Naxçıvanın statusunu qoruyub saxlamaq üçün Moskva müqaviləsi və xüsusən Qars müqaviləsi mühüm əhəmiyyət daşıyır. Naxçıvan əhalisinin və ziyalılarının inadlı mübarizəsi, o cümlədən görkəmli diplomat Behbud ağa Şahtaxtinskinin qətiyyətli mövqeyi, Türkiyə dövlətinin məsələyə ədalətli yanaşması nəticəsində bu müqavilə Naxçıvan ərazisi və bu ərazinin beynəlxalq müqavilə ilə qorunan toxunulmazlıq hüququnu təsbit edib.

Akademik İsa Həbibbəyli bildirib ki, Qars müqaviləsi Türkiyə və Azərbaycan üçün çox mühüm sənəddir. Bu müqavilə həm Türkiyənin mənafeyinə tamamilə zidd olan Sevr müqaviləsini iflasa uğradıb, həm də Türkiyə ilə Cənubi Qafqaz respublikaları arasında münasibətləri tənzimləyib. Müqavilənin əhəmiyyətli cəhətlərindən biri də onun müddətsiz imzalanmasıdır.

Naxçıvan Dövlət Universitetinin rektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev “Qars müqaviləsinin imzalanması ərəfəsində Naxçıvanda ictimai-siyasi vəziyyət” mövzusunda çıxış edib. Vurğulayıb ki, dünyanın siyasi xəritəsində kiçik, lakin geosiyasi mövqe baxımından böyük əhəmiyyət kəsb edən Naxçıvan diyarı Türk dünyasını bir-birinə bağlayan körpü vəzifəsini icra edir. Bölgədə mühüm kommunikasiya və tranzit rolunu oynayan Naxçıvan Muxtar Respublikası bu gün özünün sürətli inkişaf dövrünü yaşayır. Dahi şəxsiyyət Heydər Əliyevin parlaq ideyaları qədim diyar Naxçıvanda  uğurla həyata keçirilir. İndi Naxçıvan öz ərazi bütövlüyünə qarşı yönəlmiş istənilən təhdidi layiqincə dəf etməyə qadirdir.

Qars Qafqaz Universitetinin Tarix fakültəsinin dekanı, tarix üzrə elmlər doktoru Səlçuk Ural “Türkiyənin Qafqaz siyasəti və Qars müqaviləsi”, YAP Naxçıvan Şəhər Təşkilatının sədri, tarix üzrə fəlsəfə doktoru Elman Cəfərli “Qars müqaviləsi, Türkiyə və Cənubi Qafqaz Respublikalarının ərazi-sərhəd məsələləri”, Qars Qafqaz Universitetinin Beynəlxalq Əlaqələr şöbəsinin müdiri, Qafqaz və Orta Asiya Araşdırmalar Mərkəzinin direktoru, tarix üzrə elmlər doktoru, professor Hacəli Nəcəfoğlu “Qars Müqaviləsi Rusiya mənbələrində”, AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Emin Şıxəliyev “Qars müqaviləsinin tarixi, əhəmiyyəti və Naxçıvanın müasir dövrdə beynəlxalq arenada rolu” mövzularında çıxış ediblər.

Sonda Naxçıvan Dövlət Televiziyasının hazırladığı “Qars müqaviləsi və Naxçıvanın taleyi” filminə baxış olub.

Ərhan Novruzov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: