İnsan və onun tərbiyəsi bütün dövrlərdə ən aktual məsələ olaraq qalmaqdadır. Tərbiyə işinin başlıca məqsədi kamil insan yetişdirmək olub. Gənc nəslin hansı keyfiyyətlərə yiyələnməsini cəmiyyət öz şərait və ehtiyacına uyğun olaraq zəruri bir tələb kimi qarşıya qoyur. Tərbiyənin məqsədi də həmin tələbdən doğur.
Hər bir xalqın özünəməxsus milli dəyərləri vardır. Bu dəyərlər həmin xalqın maddi, mənəvi ənənələri əsasında formalaşır. Qədim tarixi olan Azərbaycan xalqı zəngin mənəvi dəyərlərə malikdir. Böyük məşəqqətlə, əzabla əldə etdiyimiz müstəqillik şəraitində milli-mənəvi dəyərlərimizin yeni nəsillərə ötürülməsi, böyüməkdə olan nəsillərin bu dəyərlər əsasında tərbiyə olunması bu gün mühüm əhəmiyyət kəsb edir.
Tarixi mənbələrə nəzər saldıqda görürük ki, qədim türklərdə vətən əxlaqı, vətənpərvərlik hissi indiki kimi güclü olub. Məşhur ərəb yazıçısı Cahiz miladın IX əsrində türklərin vətənpərvərliklərini mədh edib. Onun yazdığına görə, Vətən sevgisi türklərdə istiqlal ilə birgə imiş. İstiqlalları olmadığı zaman onlar vətəni tərk edib, mühacirət həyatı yaşayıblar. Türklərdə vətənpərvərlik hissinin necə güclü olduğunu bilmək baxımından Hun dövlətinin qurucusu Metenin fədakarlığını, uzaqgörənliyini, yurda məhəbbətini xatırlatmaq kifayətdir. Düşmən Hun ölkəsindən heç bir məhsulu, yeraltı sərvəti, əhalisi olmayan bir ərazi istəyir. Faydasız torpağın verilməsində heç bir zərər olmadığını Meteyə söyləyərkən onun cavabı belə olur: “Vətən bizim mülkümüz deyildir, məzarda yatan atalarımızın və qiyamətə qədər doğulacaq törəmələrimizin bu mübarək torpaq üzərində haqları vardır. Vətəndən –istər bir qarış olsun- yer verməyə heç kəsin səlahiyyəti yoxdur. Buna görə də müharibə edəcəyik. Bax, indi mən atımı düşmənə doğru sürürəm. Ardımca gəlməyən edam olunacaqdır”, – deyərək düşmən üzərinə yürüş etdi və qələbə qazandı. Bu qəhrəmanlıqnümunəsi hökmdarın öz vətəndaşlarında vətən məhəbbətini, vətən sevgisini yaratmaq baxımından dəyərli nümunədir.
Vətən əxlaqı bu gün türk xalqlarının, xüsusilə azərbaycanlıların ən böyük istinadgah nöqtəsi olmalıdır. Z.Göyalp haqlı olaraq yazırdı: “Vətən əxlaqımız qüvvətli olmasa, nə müstəqilliyimizi, nə azadlığımızı, nə də vətənimizin bütövlüyünü qoruya bilmərik”.
Gənc nəslin ölkəmizin ləyaqətli vətəndaşları kimi yetişməsində tərbiyə prosesi mühüm əhəmiyyətə malikdir. Tərbiyənin milli zəmində qurulması milli kökə bağlı, doğma Azərbaycanımızı sevən, onun müdafiəsinə həmişə hazır olan şəxslərin hazırlanmasına kömək edir.
Millilik, milli ruhda tərbiyə işinin təşkili məsələləri ulu öndər Heydər Əliyevin çıxışlarında, tövsiyələrində öz dərin məzmunu ilə əksini tapıb. 9 fevral 1996-cı ildə Gənclərin Birinci forumunda “Müstəqil Azərbaycanın gələcəyi gənclərdir” adlı məşhur nitqində Heydər Əliyev deyibdir: “...Gənclərimiz milli ruhda tərbiyələnməlidir, bizim milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizi yaxşı bilməlidir, keçmişimizi yaxşı bilməlidir, dilimizi yaxşı bilməlidir. Milli dəyərlərimizi yaxşı bilməlidir. Milli dəyərlərimizi, ənənələrimizi yaxşı bilməyən, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz. Hər bir gənc vətənpərvər olmalıdır. Vətənpərvərlik böyük bir məfhumdur. Bu, sadəcə orduda xidmət etmək demək deyil, vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik.
Gənclərə mən nə demək istəyirəm? Hər bir gənc Azərbaycanın müstəqil gələcəyini təmin etmək üçün vətəni sevməlidir, ölkəni sevməlidir, torpağı sevməlidir, dilimizi sevməlidir, milli ənənələrimizi sevməlidir. Bunları sevə bilməyən adam, onları özü üçün mənəvi əsas edə bilməyən gənc həyatda özünə yer tapa bilməyəcəkdir və şübhəsiz ki, bizim ictimai-siyasi prosesdə, müstəqil Azərbaycanın inkişafında lazımi qədər iştirak edə bilməyəcəkdir”.
Vətən deyəndə ilk növbədə vətəndaşı olduğumuz doğma Azərbaycanımızın müstəqil dövlət kimi varlığı, dövlətçiliyimizin hərtərəfli inkişafı, mövcud ictimai-siyasi durumu və əlbəttə ki, ölkənin tərəqqisi yolunda hər birimizin üzərinə düşən vəzifələri düzgün dərk etməyimizlə bağlı kompleks məsələlər başa düşülür. Vətən və vətəndaş arasındakı asılılıq, sözsüz ki, bu məfhumların qarşılıqlı əlaqəsinin düzgün dərk edilməsinin, həmçinin hər bir vətəndaşın Vətən qarşısındakı mənəvi borcunun yerinə yetirilməsi üçün cəmiyyətdə gedən proseslərdə fəal iştirak etməsi ilə səciyyələnir. A.N.Radişşevin söylədiyi kimi, “Tərbiyənin əsas vəzifəsi həqiqi vətəndaş, vətən oğlu hazırlamaqdır”.
Azərbaycan Respublikasında vətənpərvərlik tərbiyəsinin böyüyən nəsillərə aşılanması 90-cı ilin əvvəllərindan başlayaraq torpaqlarının 20%-ni itirmiş bir xalq üçün hava və su kimi zəruri olan tələblərdən biri idi. İşğal altında qalmış, düşmən tapdağına çevrilmiş bu torpaqlar 27 ildən artıq bir zamanda Vətən həsrəti ilə yaşayan, Vətən torpaqlarına ayaq basmaq istəyində olan və bu ruha köklənən mübarizə əzmli nəsillərin formalaşmasına səbəb oldu. 44 günlük II Qarabağ müharibəsində ürəkləri Vətən sevgisi, Vətən məhəbbəti ilə çırpınan oğullarımız qəhrəmanlıq salnamələrini yazdı. Müqəddəs torpaqlarımızın işğaldan azad edilməsi Vətən uğrundan canını fəda edən igidlərimizin, qəhrəmanlarımızın və onların qəlbində, ruhunda yaranmış Vətən sevgisinin təcəssümüdür.
30 illik mifi dağıdan 44 günlük müharibə güclü və qüdrətli dövlətimizin, xalq-dövlət həmrəyliyinin, birliyinin, dəmir yumruğunun sayəsində zəfərlə sonlandı.
Prezident İlham Əliyev çıxışlarından birində ötən zaman kəsiyində formalaşan vətənpərvər nəsildən bəhs edərək söyləyibdir: “... Gənc, vətənpərvər, Vətəni hər şeydən çox sevən nəsil yetişdi. Bax bu nəsil torpaqlarımızı azad etdi. Şuşada Cıdır düzündə Azərbaycan xalqına müraciət edərkən demişdim ki, mən 2003-cü ildə hakimiyyətə gələndə bu gün 25-30 yaşında olan insanlar uşaq idi. Biz onları vətənpərvərlik ruhunda, dövlətə sədaqət ruhunda yetişdirdik və onlar bizim torpaqlarımızı işğalçılardan azad etdilər. O cümlədən işğal edilmiş torpaqlarda heç vaxt olmayan, amma əslən o torpaqlardan olan gənclər torpaqları uğrunda aslan kimi vuruşurdular. Bütün Azərbaycan xalqı, Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri bir yumruq kimi birləşərək düşməni məğlub edib və torpaqlarımızı işğaldan azad ediblər. Bu, tarixi hadisədir. Azərbaycan tarixində buna oxşar parlaq qələbə olmamışdır. Azərbaycan bütün dünyaya öz gücünü göstərdi, xalqımızın iradəsini göstərdi. Bir daha bütün dünya gördü ki, əgər iradə varsa, güc varsa, xalq-iqtidar birliyi, əzmkarlıq və cəsarət varsa, haqq-ədalət öz yerini tapır. Biz bunu nümayiş etdirdik”.
Doğrudan da, bu qələbə igid, qorxmaz, cəsur əsgərlərimiz, şəhid olmuş qəhrəmanlarımız sayəsində əldə edildi. O qəhrəmanlarımız ki, onlar uzun illərdir 20 Yanvar hadisəsinin, Xocalı soyqırımının qisasını almaq, Şuşanı, Laçını, Füzulini, Cəbrayılı, Zəngilanı işğaldan azad etmək, torpaqlarımızı mənfur düşməndən geri qaytarmaq, Vətən torpağının hər bir qarışını qorumaq əzmi ilə yaşadılar. Şəhid olmuş döyüşçülərimiz, qazilərimiz uzun illərdir ürəklərdə və ruhumuzda yaranmış əzikliyi, məğlub ölkə adını üzərimizdən götürməklə yanaşı, vəhşicəsinə qətl edilmiş uşaq, qadın, ana-bacı, oğul və qızlarımızın, qardaş və atalarımızın qanını yerdə qoymadı. 10 noyabr tarixi - xalqımız üçün Zəfər Bayramı, Qələbə günü kimi tarixə yazıldı.
Məhz bu qələbə Azərbaycan gənclərinə aşılanmış milli-mənəvi tərbiyənin, vətənpərvərlik tərbiyəsinin, ölkənin milli maraqlarına xidmət edən tərbiyə işinin ailədə, ümumtəhsil məktəblərində, ali məktəblərdə məqsədyönlü şəkildə təşkilinin nəticəsidir.
Lalə Allahverdiyeva
Pedaqogika üzrə fəlsəfə doktoru, dosent
Naxçıvan Müəllimlər İnstitutu