Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən ay ərzində əmək pensiyalarının və məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin maliyyələşdirilməsi vaxtında başa çatdırılıb. 17 milyon 97 min manat vəsait pensiya və məcburi dövlət sosial sığorta ödəmələrinə xərclənib.
Fonddan NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq pensiya hüququ yaranan 207 vətəndaşa əmək pensiyası təyin edilib ki, bunlardan 118-i yaşa görə, 12-si əlilliyə görə, 77-si isə ailə başçısını itirməyə görə əmək pensiyasına çıxan vətəndaşlar olub. Pensiya təyin olunmuş vətəndaşların 79-u kişi, 128-i isə qadındır. Yeni əmək fəaliyyətinə başlayanlara sosial sığorta şəhadətnamələrinin hazırlanması üçün 167 ərizə forması elekton imza vasitəsilə sifariş verilib.
Ötən ay qurum tərəfindən məcburi dövlət sosial sığorta haqqı üzrə 8 milyon 80 min 800 manat vəsait yığılaraq fondun xəzinə hesabına köçürülüb. Bu da nəzərdə tutulan məbləğdən 8,1 faiz çoxdur. Pensiya və müavinətlərin ödənişinə ayrılan vəsaitin 47,3 faizi məcburi dövlət sosial sığorta haqqı şəklində muxtar respublikada yığılıb.