Naxçıvanda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri qorunur - FOTOLAR
Dövlət Miqrasiya Xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Xidmətin təşkilatçılığı ilə “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri”nə dair növbəti maarifləndirici tədbir keçirilib.
Muxtar respublikada həyata keçirilən genişmiqyaslı siyasi və iqtisadi islahatlar nəticəsində yaşayış səviyyəsi xeyli yüksəldiyini, bütün sahələrdə müşahidə olunan dayanıqlı və dinamik inkişafın əcnəbilərin diyarımıza olan marağını və müxtəlif məqsədlərlə səfər etmək niyyətini daha da artırdığına diqqət çəkən Xidmətin əməkdaşı Tural Bayramov bildirib ki, Naxçıvanda miqrasiya prosesləri qanunvericiliyin tələblərinə uyğun tənzimlənir.
Tural Bayramov miqrasiya sahəsində qanunvericiliyin tələblərinin pozulmasına görə mövcud qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət mövzusuna da toxunaraq slayd vasitəsilə tədbir iştirakçılarına ətraflı məlumat verib. Təqdim edilən slaydlar əcnəbilərin daha rahat və aydın formada başa düşə bilmələri üçün ingilis dilində də səsləndirilib, tədbir iştirakçılarına maarifləndirici bukletlər paylanılıb.
Tədbirin yekununda əcnəbilərin “Xan sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma altında Muzey kompleksinə ekskursiyaları təşkil olunub.