“AstraZeneca” vaksini koronavirusa yoluxmada, eləcə də bu xəstəlikdən ölüm hallarının qarşısının alınmasında böyük potensiala malikdir. Bu, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertlərinin gəldiyi qənaətdir.
NUHÇIXAN İnformasiya Agentliyi BMT-nin Xəbərlər Xidmətinə istinadla bildirir ki, ekspertlər peyvəndin trombozla əlaqəsinin təsdiqlənmədiyini bəyan ediblər.
ÜST-ün Peyvənd Təhlükəsizliyi üzrə Qlobal Məşvərət Komitəsinin üzvləri martın 16 və 19-da iki dəfə müşavirəyə toplaşıblar. Onlar “AstraZeneca” preparatı ilə Böyük Britaniya, Avropa və Hindistanda aparılmış vaksinasiya prosesinin məlumatları əsasında müqayisəli təhlillər aparıblar.
Xatırladaq ki, bundan əvvəl bir sıra Avropa ölkələri COVID-19 əleyhinə peyvənd olunmuş bir neçə avropalıda tromboz hallarına rast gəlindiyinə görə bu preparatın tətbiqini dayandırmışdı. Bununla belə, ÜST mütəxəssisləri əhalinin immunizasiyasının davam etdirilməsinin vacibliyini vurğulayırlar.
ÜST-ün Peyvənd Təhlükəsizliyi üzrə Qlobal Məşvərət Komitəsinin ekspertləri koronavirus əleyhinə mövcud vaksinlər haqqında məlumatları gələcəkdə də öyrənəcək və yenilənmiş məlumatları mütəmadi olaraq dərc edəcəklər.