Həyatda elə hadisələr var ki, öz-özünə vaxtı çatanda icra olunur. Fəsillərin dəyişməsi də belə hadisələrdəndir. İlin fəsilləri də bir-birini əvəz edərək öz yerini dəyişir, günlər, aylar fərqli xüsusiyyətləri ilə yaddaşlarda yaşayır. Qışın soyuğu, şaxtası artıq öz ömrünü başa vurub. Dağların bəyaz donu ilıq günəş şüalarının təsiri ilə əriyir, çayların suyu çoxalır, təpələr, yamaclar yaşıllaşır. Çay kənarlarında, bulaq axarlarında yarpız, bulaqotu cücərir. Yarğanlarda novruzgülü, daşların, kolların dibində bənövşə baş qaldırır. Təbiətdə olan bu canlanmaya quşların xoş avazı yeni bir rəng qatır.
Artıq yazın gəlişi ətraf aləmdə duyulur. Həyətlərdə təmizlik işləri aparılır, ağacların dibləri bellənir, su arxları lildən tə- mizlənir. Ağacların quru budaqları budanır, yeni tinglər əkilir... Bir sözlə, yaz özünün təbii gözəllikləri ilə seçilir. Daşların dibindən baş qaldıran bənövşəyə Tanrı elə bir rəng çaları bəxş edib ki, o rəngi sözlə təsəvvür etmək olmaz. Ömrü az, gözəlliyi çox, xoşətirli bənövşə yazın müjdəçisi sayılır. Uşaqlar bənövşəni dərib suya qoyurlar. Su içərisinə qoyulan bənövşə öz təravətini uzun müddət saxlayır. Əvvəllər sevənlər arasında bənövşə “lal sevgi” etirafı idi. İstədiyi qıza bənövşə verməklə oğlan öz sevgisini bildirmiş olurdu. Bənövşədən tək gül kimi yox, təbii dərman kimi də istifadə olunur. Bənövşə çiçəyini qurudub, bədənin soyuqlaması zamanı dəmləyib istifadə etmək olar. Bənövşə çiçəyindən mürəbbə də bişirilir ki, bu da bədəndə olan iltihabı təmizləyir, sinə ağrılarını azaldır. Təbiətdən qar-sazaq çəkilib getməmiş torpağın altından baş qaldıran novruzgülü də baharın müjdəçisi hesab edilir. Yazda dağ ətəklərində ilk açan çiçəklərdən olan novruzgülündən həm də müalicə məqsədilə istifadə olunur. Bu gül ürək xəstəliyinin məlhəmi hesab olunur, damarlarda olan tıxanmaya yaxşı kömək edir. Təzə açılan vaxtı yığılıb yeyilən novruzgülü ürək ağrılarını aradan qaldırır. Baharın gəlişi həm də çöl pencərlərinin torpaqdan baş qaldıran vədəsidir. Yazda təbiətlə bağlı olan inanca görə, göy guruldamasa, çöldə bitən pencərləri yemək düzgün deyil. Ancaq qeyd edək ki, göy guruldaması hadisəsi baş verib və odur ki, yaz nemətlərindən istifadə etmək olar.
Yazın ilk yeyilən bitkisi yarpız və bulaqotudur. Həyətlərdə, çay kənarlarında yarpız ilk cücərən yaz bitkisidir. Yazda təzə təndir çörəyinin arasına qoyulan pendir-yarpız dürməyi ağıza məxsusi dad verir. Bulaq axarlarında olan bulaqotu və ya acıqıcı adlanan pencərdən dadlı yemək bişirilir. Bulaqotu həm də şəkər xəstəliyi olanlara yaxşı təsir edir. Bu bitki çiçəkləyənə qədər yığılıb yeyilə bilər.
Yazda erkən cücərən bitkilərdən biri də gicitkəndir. Gicitkən ən çox ağacların dibində, kolların altında bitir. Duzla ovulub yeyilir. Həmçinin gicitkəndən kətə də bişirilir. Gicitkən dəmləməsi qan axmanı dayandırır, qanın laxtalanmasına kömək edir.
Erkən yazda ilk cücərən, istər aran, istərsə də dağlıq bölgələrimizdə geniş yayılan xıncılovuz, əsasən təpələrdə, çaykənarı və düzənliklərdə bitir. Soğanağı (kökü) ilə birlikdə torpaqdan çıxarılan bu pencərin qovurma ilə və ya xırda doğranmış ət tikələri ilə qızartması çox dadlı olur.
Yurdumuza yazın gəlişi süfrələrimizi də təbii nemətlərlə təravətləndirir, ağzımıza yeni dad gətirir. Hər bitkidə bir vitamin var. Soyuq qış aylarından sonra immuniteti aşağı düşmüş orqanizmi möhkəmləndirmək üçün yazda cücərən bu vitaminli bitkilərdən istifadə edək ki, canımıza sağlamlıq, ruhumuza xoş ovqat gətirsin.
Qışdan yaz ayına keçiddə, yəni fəsil dəyişikliyinə hər orqanizm fərqli reaksiya verir. İmmun sistemi zəif olanlar bu dəyişkənliyə tez məruz qalırlar. Odur ki, bu mövsümdə orqanizmi möhkəmləndirmək üçün qida rasionuna diqqət yetirmək mütləqdir.
Səriyyə Salahova
“Arazın səsi”qəzeti