Martın 23-ü Ümumdünya Meteorologiya Günüdür.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu tarix Ümumdünya Meteorologiya Təşkilatının təsis edildiyi gündür. Belə ki, təşkilat 1950-ci ilin məhz həmin günü atmosfer hadisələrini, okeanların atmosferlə əlaqəsini, iqlim və su resurslarının Yer üzərində paylanmasının nəticəsini öyrənmək üçün ixtisaslaşmış orqan kimi yaradılıb. Təşkilatın mərkəzi İsveçrənin Cenevrə şəhərində yerləşir.
Təşkilata üzv olan 193 meteoroloji qurum tərəfindən qeyd edilən Ümumdünya Meteorologiya Günü 1961-ci ildən etibarən təqvimə salınıb. Bu günün qeyd edilməsində məqsəd əhalinin sağlamlığının təminində meteorologiya və meteoroloji xidmətin mühümlüyünə diqqət çəkmək, insanların fikrini bəşəriyyətin üzləşdiyi ən ciddi problemlərdən biri olan iqlim dəyişikliklərinə, onların səbəb və nəticələrinə, o cümlədən qarşısının alınmasına yönəltməkdir. Hər ilin bu günü insanlara 38 meteoroloji xidmətin mənasını başa salan yeni şüar seçilir. Bu ilin devizi “Okean, bizim iqlimimiz və havamız”dır.
Azərbaycanda hidrometeoroloji müşahidələrin təşkili, proqnozlar və xəbərdarlıqların hazırlanmasını və yayımlanmasını təmin edən qurum Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətidir. Xidmətin operativ bölməsi olan Hidrometeoroloji Proqnozlar Bürosunda gündəlik operativ olaraq hər 3 saatdan bir havanın parametrləri - temperatur, yağıntı, görünüş, rütubətlilik, atmosfer təzyiqi, buludluq, atmosfer hadisələri və s. üzrə 84 meteoroloji stansiyadan məlumat alınır. Eyni zamanda, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən 8 stansiyadan sutka ərzində 8 dəfə dəniz hidrometeoroloji müşahidələri - dənizin səviyyəsi, dalğalanma rejimi, suyun temperaturu və s., 41 hidroloji məntəqədən çaylar üzrə suyun səviyyəsi və su sərfi haqqında məlumatlar alınaraq təhlil edilir, gündəlik icmallarda və proqnozlarda istifadə olunur.
Büroda respublikanın 7 bölgəsi və Bakı şəhəri üçün verilən qısamüddətli (sutkalıq) və ortamüddətli (48, 72 saat) proqnozlar, aylıq hava proqnozu, Xəzər dənizinin 6 akvatoriyası üzrə qısamüddətli (yarımsutkalıq, sutkalıq) və ortamüddətli (48, 72 saat) dəniz hidrometeoroloji proqnozlar, gözlənilən təhlükəli və təbii fəlakət hadisələri barədə xəbərdarlıqlar kimi hidrometeoroloji proqnozlar tərtib edilir. Bununla yanaşı, tibbi-meteoroloji proqnozlar, böyük su anbarlarının (Mingəçevir, Şəmkir) gündəlik axım, Kür çayının aşağı axınında Kür-Surra, Şirvan və Salyan məntəqələri üzrə 2- 3 günlük səviyyə, çaylar üzrə ongünlük, aylıq, böyük su anbarlarının fəsillik axım, yaz-yay (aprel-iyun) gursululuq dövrü proqnozları da tərtib olunur.
Gündəlik müşahidə olunan və gözlənilən hava proqnozları, eyni zamanda, çaylarda müşahidə olunan daşqın, sel və faktiki sululuq haqqında məlumatlar mütəmadi olaraq nazirliyin veb-səhifəsində yerləşdirilir. Respublikanın bölgələri, Bakı və Abşeron yarımadası üzrə iki və üçgünlük hava proqnozları, hava şəraitinin kəskin dəyişməsi, çaylarda gözlənilən qısamüddətli daşqın və sel hadisələri ilə bağlı xəbərdarlıqlar dövlət qurumlarına, müvafiq təşkilatlara göndərilir.
Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bu ilə yeniliklərlə başladıqlarını qeyd edib. Belə ki, proqnozlara əlçatanlığı təmin etmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytında “Meteo.az” bölməsinə daxil olmaqla hava haqqında məlumatları daha geniş formatda əldə etmək mümkündür. Onun sözlərinə görə, burada məqsəd ondan ibarətdir ki, istənilən vətəndaş paytaxt, eləcə də respublikanın bütün bölgələri üzrə 7 günlük proqnozları əldə edə bilsin. Proqnozların etibarlı olması üçün bütün səylər göstəriləcək.
“Meteo.az” bölməsində səsli mesajlar yayımlanacaq, fermerlər üçün faydalı olan aqrometeorolji məlumatlar yerləşdiriləcək. Meteohəssas insanlar üçün ayrıca bölmə nəzərdə tutulub və orada tibbi-meteoroloji proqnozlar əksini tapacaq. Bununla yanaşı, ölkədə gözlənilən hər hansı anomal hidrometeoroloji hadisələr barədə xəbərdarlıq bölməsi də nəzərdə tutulub. Burada dünya təcrübəsində qəbul olunan rəngli kodlarla, eyni zamanda, rəqəmlər və mətnlər vasitəsilə gözlənilən təhlükəli hidrometeoroloji hadisələr əhaliyə çatdırılacaq”, - deyə U.Tağıyeva qeyd edib.
Ölkəmizdə erkən xəbərdarlıq sistemlərinin quraşdırılması davam edir. Belə sistemlərdən ikisi martın 9-da Şamaxı və Göygöl rayonlarında istifadəyə verilib.
U.Tağıyeva Azərbaycanın İqlim Dəyişikliyinə dair Paris Sazişini imzalayaraq atmosfer havasına buraxılan istixana qazlarının 2030-cu ilədək 35 faiz azaldılması barədə öz üzərinə öhdəlik götürməklə iqlim dəyişmələri ilə bağlı problemlərin həlli istiqamətində töhfə verdiyini qeyd edib: “Paris Sazişi, həmçinin ölkələrin iqlim dəyişmələrinin təsirlərinə adaptasiyası məsələlərini əhatə edir. O cümlədən Sendal çərçivə proqramında 2030-cu ilədək ölkələrdə təhlükəli hava hadisələrinin erkən xəbərdarlıq sisteminin yaradılmasının zəruriliyi göstərilir. Bununla əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən dövlət investisiya proqramları çərçivəsində meteoroloji radarların lider istehsalçısı olan ABŞ-ın “BARON” şirkətindən 2 ədəd son nəsil Dopler meteoroloji radar alınıb. Bununla da İqlim Dəyişmələri üzrə Tərəflərin 26-cı Konfransı ərəfəsində Azərbaycan konvensiyanın prinsiplərinə öz sadiqliyini növbəti dəfə təsdiq edib. Martın 9-da Şamaxı və Göygöl rayonları ərazisində ən müasir Dopler meteoroloji radarların açılışı olub. Həmin radarların tətbiqi bizə imkan yaradacaq ki, regionda təhlükəli hidrometeoroloji hadisələrin yaranma vaxtını, davamiyyətini və əhatə dairəsini daha dəqiq proqnozlaşdıraq. Nəticədə üç-dörd saat əvvəldən gözlənilən hadisə haqqında xəbərdarlıqları fəaliyyəti hava-iqlim proseslərindən asılı olan əlaqədar qurumlara və əhaliyə çatdırmaq imkanı yaranır. ABŞ-ın “BARON” şirkətinin istehsalı olan radarlar regionda ilk olaraq ölkəmizdə quraşdırılıb. Gələcəkdə bütün ölkəni əhatə etmək üçün daha üç radarın alınması planlaşdırılır. Onlardan da birinin işğaldan azad olunan torpaqlarımızda - Qarabağda quraşdırılması nəzərdə tutulub. Belə müasir texnologiyaların tətbiqi ilə iqlim dəyişmələrinin fəsadlarını minimuma endirmək mümkündür. Həmin radarlardan alınan məlumatların regional əhəmiyyəti də var. Azərbaycan regional əməkdaşlığa açıq olan ölkədir. Düşünürük ki, belə texnologiyaların tətbiqi nəinki Azərbaycan, eləcə də region ölkələri üçün əhəmiyyətli olacaq.
Ümumiyyətlə, Azərbaycanda son iki il ərzində hidrometeorologiya xidmətinin modernləşdirilməsi istiqamətində işlər həyata keçirilir. Bütün bu layihələr dövlət investisiyası çərçivəsindədir. Yalnız son iki il ərzində ölkəmizdə 25 hidroloji avtomat stansiyası, dörd dəniz avtomat stansiyası, eyni zamanda, 5 hava keyfiyyətinin monitorinqi avtomat stansiyası quraşdırılıb. Bunun nəticəsində hidrometeotəminat keyfiyyətcə daha yeni səviyyəyə qaldırılaraq iqlim dəyişmələrinin təsirlərinə həssaslığın azalmasına imkan yaranıb.
İşğaldan azad olunmuş rayonlarda hidrometeoroloji şəbəkəni tez bir zamanda bərpa etmək arzumuzdur. Nazirlik bu istiqamətdə bütün lazımi addımları atacaq. Qarabağ bölgəsində 1990-cı ilə qədər 10 hidrometeoroloji, 3 radiometeoroloji stansiya, 15 hidroloji, 2 aqrometeoroloji və atmosfer proseslərinə fəal təsir göstərən 16 məntəqə fəaliyyət göstərirdi. Ümid edirik ki, yaxın zamanlarda onların fəaliyyəti bərpa olunacaq”.