Ordubad şəhərindəki qədim Cümə məscidinin bərpa işləri davam etdirilir - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məscidin bərpası zamanı, əsasən, milli memarlıq elementlərindən istifadə edilir. Sahəsi 890 kvadratmetr olacaq məsciddə axund otağı, qadın və kişi ibadət zalları, eləcə də digər otaqlar yerləşəcək, məscidin həyətində dəstəmaz yeri yaradılacaq, geniş abadlıq işləri aparılacaq, müasir istilik, işıqlandırma və suvarma sistemləri qurulacaq.
Qeyd edək ki, Orta əsrlərə aid olan, memarlıq quruluşuna görə fərqlənən məscid şəhərin mərkəzi meydanında ən hündür yerində ucaldılıb. Qədim Cümə məscidinin memarlıq görkəmi XVII-XVIII əsrlərə aid abidələrin başlıca cəhətlərini özündə daşıyır. Fevralın 5-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Ordubad şəhərindəki qədim Cümə məscidinin bərpası ilə maraqlanıb, bərpa işlərinin davam etdirilməsi barədə tapşırıq verib.
Mahmud Hüseynov