Yaycıda soyqırım qurbanlarının xatirəsi anılıb

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 31 mart Azərbaycanlıların Soyqırımı Günü münasibətilə Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatı tərəfindən Yaycı kəndində anım tədbiri keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Yaycı kəndində soyqırımına məruz qalmış soydaşlarımızın xatirəsinə ucaldılmış abidəni və Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib, gül dəstələri qoyublar.

Yeni Azərbaycan Partiyası Culfa Rayon təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Qadir İbrahimov bildirib ki, 1918-ci ilin mart qırğınları ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı şəkildə həyata keçirdikləri soyqırımıdır. Ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra bu məsələyə prinsipial yanaşma nümayiş etdirilib, azərbaycanlılara qarşı törədilən soyqırım siyasətinin əsl mahiyyəti beynəlxalq ictimaiyyətə çatdırılıb. Ümummilli liderimizin “Azərbaycanlıların soyqırımı haqqında” müvafiq Fərmanı ilə hər il respublikamızda 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi yad olunur.

Qadir İbrahimov deyib ki, 1918-ci ildə rayonun Yaycı kəndində də cəllad Andranikin quldurları tərəfindən qanlı faciə törədilib. Ermənilər  kəndi dağıdıb, yüzlərlə Yaycı sakini qətlə yetirilib. Onların xatirəsinin əbədiləşdirilməsi üçün 2007-ci ildə Yaycı soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılıb.

Diqqətə çatdırılıb ki, 1918-1921-ci illərdə Naxçıvanda еrmənilər tərəfindən 73 min 727 nəfər azərbaycanlı vəhşiliklə qətlə yetirilib.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuz 44 gün ərzində İkinci Qarabağ müharibəsində ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, erməni faşizmi üzərində tarixi, şanlı qələbə qazandı. Bu gün vətən uğrunda canlarından keçən bütün şəhidlərimizin, o cümlədən soyqırım qurbanlarının ruhları şaddır.

Sadiq Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: