Хalqımıza qarşı erməni millətçilərinin törətdiyi soyqırım siyasətinin tariхi ХVIII əsrin əvvəllərindən başlayır. Həmin dövrdə torpaqlarını Cənubi Qafqaza doğru genişləndirməkdə olan çar Rusiyası ermənilərdən vasitə kimi istifadə edir, Qafqazda erməni milli dövləti yaradacağı vədi ilə onları şirnikləndirirdi. 1724-cü il noyabrın 10-da I Pyotrun adından verilmiş fərmanda ələ keçirilmiş torpaqlarda — Bakıda və başqa yerlərdə ermənilərin məskunlaşdırılması üçün hər cür şərait yaradılması nəzərdə tutulubdur. Ermənilər bu fürsətdən istifadə edərək, öz məkrli siyasətlərini həyata keçirmək, ölkəmizin tarixi ərazisində erməni dövləti qurmaq məqsədilə Azərbaycanın müxtəlif bölgələrində soydaşlarımıza qarşı dəhşətli qırğınlar törədiblər. Ermənilərin fasilələrlə, lakin düşünülmüş və planlı şəkildə davam edən soyqırımı siyasəti nəticəsində minlərlə günahsız azərbaycanlı vəhşicəsinə qətlə yetirilib, evləri yandırılıb, əmlakları qarət olunubdur. Azərbaycanın ərazisində məskunlaşdırılan ermənilər sayca azlıq təşkil etsələr də, öz havadarlarının himayəsi altında inzibati bölgü yaradılmasına nail olublar. Bununla da azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi siyasətinin əsası qoyulubdur. Uydurma “Böyük Ermənistan” ideyasına həqiqət donu geyindirmək məqsədilə erməni tarixi saxtalaşdırılır, Azərbaycanın tarixi isə təhrif olunurdu. Bu süni xülyalardan ruhlanan erməni təcavüzkarları XX əsrdə azərbaycanlılara qarşı daha amansız qanlı aksiyalar həyata keçirirdilər. “Böyük Ermənistan” xülyası ilə yaşayan ermənilərin XX əsrdə azərbaycanlılara qarşı ilk kütləvi qırğını 1905-1907-ci illərə təsadüf edir. Həmin vaxt Bakıda, Naxçıvanda, Zəngəzurda, İrəvanda və digər tarixi Azərbaycan torpaqlarında ermənilər tərəfindən minlərlə azərbaycanlı amansızcasına qətlə yetirildi.
1917-ci il oktyabr çevrilişindən sonra ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa başladılar. Təkcə 1917-ci ilin dekabrından 1918-ci ilin mart ayına qədər Andranikin rəhbərliyi altında erməni qoşun hissələrinin fəal iştirakı ilə İrəvan qəzasında 32 kənd, Eçmiədzin qəzasında 84 kənd, Nor-Bəyazid qəzasında 7 kənd, ümumiyyətlə, 197 kənd dağıdıldı, sakinlərin bir qismi qətlə yetirilib, digər bir qismi isə öz doğma ev-eşiklərindən didərgin düşüb, əmlakları talan olunub, evləri isə yerləyeksan edilibdir.
1918-ci ilin martında Stepan Şaumyan Qafqazın fövqəladə komissarı təyin edildi və Bakıya göndərildi. Həmin vaxtdan “Əks-inqilabi ünsürlərlə mübarizə” şüarı altında maskalanaraq, daşnak-bolşevik Şaumyanın rəhbərliyi ilə Bakı Kommunası Bakı şəhərini azərbaycanlılardan təmizləmək kimi mənfur bir planı həyata keçirməyə qalxıbdır.
1918-ci il 9 martda Hacı Zeynalabdin Tağıyevin oğlu Məhəmməd Tağıyevin dəfn mərasimində iştirak etmək üçün, general Talışinskinin başçılıq etdiyi Azərbaycan alayı Bakıya gəlibdir. (Məhəmməd Tağıyev Lənkəran şəhərində baş verən ixtilafda rus-erməni silahlı dəstələri tərəfindən qətlə yetirilibdir və onun dəfn mərasimi 27 mart gününə təyin edilibdir). General Talışinski Bakıya gəlmədən bir neçə gün əvvəl, Lenin Bakı Sovetinin başçısı Stepan Şaumyana aşağıdakı məzmunda teleqram yollayıbdır:
“Hörmətli yoldaş Şaumyan, məktubunuz üçün təşəkkür edirəm. Sizin düşünülmüş siyasətiniz bizə çox xoşdur və yaranmış vəziyyətdə siyasətinizin daha dərin və ehtiyatlı diplomatiya ilə birgə tətbiq edilməsini məqsədəuyğun sayır və nəticədə qələbə çalacağımıza əminik. Çətinliklər gözlənilməzdir və indiyədək biz yalnızca imperialistlər arasında narazılıqlar və münaqişələr nəticəsində irəli getmişik. Bu konfliktləri işlətməyi öyrənin, hal-hazırda diplomatiya öyrənmək vacibdir. Bütün dostlara xoş arzular və salamlar.”
Leninin Şaumyana etdiyi bu müraciətə baxmayaraq, Bakıya daxil olarkən general Talışinski və Azərbaycan alayının üzvləri Bakı Soveti tərəfindən həbs altına alınıblar.
Qeyd etmək lazımdır ki, Bakıda qırğın törədilməsinə hələ 1918-ci ilin yanvarında cəhd edilibdi. Müsəlman korpusunun komandiri general Talışinskinin həbsi şəhərin türk-müsəlman əhalisində ciddi qəzəb doğurdu. Bundan istifadə edən ermənilər isə silahlı toqquşmaya cəhd göstərdilər. Lakin Məhəmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov və başqalarının səyi nəticəsində onların yanvar ayında qırğın törətmək planı baş tutmadı. Lakin onlar bu məkrli niyyətlərini mart ayında həyata keçirə bildilər. Stepan Şaumyan Bakı Sovetinin iclasında bildirmişdi ki, bu təşkilat Zaqafqaziyada vətəndaş müharibəsinin başlıca istehkamına çevrilməlidir. Toqquşmanın başlanması üçün bəhanə isə Hacı Zeynalabdin Tağıyevin oğlu Məhəmmədin cənazəsinin "Evelina" gəmisində Lənkərandan Bakıya gətirilməsini təşkil edən 48 hərbçinin gəlişi oldu. Ermənilər şayiə yaydılar ki, bu zabitlər Muğandakı malakan kəndlərini dağıtmaq barədə göstəriş alıblar. Bunu bəhanə gətirən Şaumyan gəmidəki zabitlərin tərksilah olunması üçün göstəriş verdi. Buna etiraz edən yerli əhali isə küçələrə çıxıb zabitlərin tərksilah olunmasına etirazını bildirdi. Beləliklə, dinc əhaliyə qarşı soyqırımı başladı. Yaranmış vəziyyətdən istifadə edən ermənilər öz istədiklərini bolşevizm bayrağı altında nail olmağa cəhd göstərərək, 1918-ci ilin martında cinayətkar planı həyata keçirməyə başlayır. Təxminən 7 min erməni əsgəri müxtəlif cəbhələrdən Bakıya gətirilir. Bundan başqa "Qırmızı Qvardiya" adı altında yaradılan 10-12 minlik ordunun da 70%-i ermənilərdən ibarət idi.
İlk həyəcanlı xəbərlər mart ayının əvvəllərində Şamaxı şəhərindən gəlməyə başlamışdır. Yaxşı silahlanmış ermənilər şəhərdə və kəndlərdə əsl qətliamlar düzəldir, insanlığa yaraşmayan vəhşiliklər törədirdilər, Şahidlərin yazdıqlarına görə ermənilər evlərə soxulur, talançılıq edir, uşağa, qocaya, qadına aman vermir, hamını güllədən keçirirdilər. Həmin günlərdə təxminən 7 min azərbaycanlının həyatına son qoyuldu. Martın 30-da isə Bakıda ilk atəş səsləri eşidildi. Təpədən dırnağa qədər silahlanmış erməni əsgərləri müsəlmanların evlərinə basqınlar edərək onları vəhşicəsinə öldürür, körpələrə və qocalara aman vermirdilər. Qadınlar daha ağır şəkildə öldürülürdü. Arxiv materiallarına əsasən qulaqları, burunları kəsilən, orqanları parça-parça edilən 37 qadının meyiti tapılıb. Nəriman Nərimanov Erməni vəhşilərinin törətdikləri qətliamlar haqqında belə bəhs edir: "Bolşevik olan bir müsəlmana belə aman verilmədi. Müsəlmanlara hər cür cinayəti etdilər. Nəinki kişilər, hətta hamilə qadınlar da daşnaqlardan canlarını qurtara bilmədilər". Hətta İçərişəhərə hücum zamanı A.Mikoyanın başçılığı ilə yaradılmış "İnqilabı müdafiə" adı ilə çıxış edən bu quldur dəstələri Bakının ən gözəl memarlıq abidələrindən olan "İsmailiyyəni" yandırıb, "Açıq söz", "Kaspi", "Bakı" qəzetlərinin redaksiyalarını dağıdıb, "Təzə pir" məscidinin minarələrini isə top atəşi ilə dəlik-deşik ediblər. Həmin dəhşətli günlərin şahidi olmuş Kulner familyalı bir alman 1925-ci ildə Bakı hadisələri barədə bunları yazıbdır: «Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdilər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış, cinsiyyət orqanları doğranmışdır. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər».
Quba qəzasında da hadisələr eyni istiqamətdə cərəyan edirdi. Aprel ayında Quba qəzasına göndərilən daşnak dəstələrinin komandiri Hamazasp bildirib: "Mən erməni xalqının qəhrəmanı və onun müdafiəçisiyəm... Mənə Xəzər dənizindən Şahdağadək olan ərazidə bütün müsəlmanları məhv etmək əmri verilmişdir". Onun başçılıq etdiyi daşnak dəstələri Quba qəzasında 122 kəndi yandırdılar. Yerli sakinlər isə min bir əzablarla qətlə yetirildilər. Ermənilər adamların gözlərini çıxararaq "gözmuncuğu" düzəldirdilər. Erməni millətçiləri tərəfindən törədilən bu soyqırımı zamanı 30 minə yaxın adam öldürüldü. Daşnakların azərbaycanlılara qarşı soyqırımı qısa müddətdə Şamaxı, Quba, İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvan, Qarsda da törədildi. Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi tamamilə yandırılıb, əhalisi məhv edilibdir. 1918-ci ilin aprelin 29-da Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və yaşlılardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq son nəfərinədək məhv edilibdir. Erməni silahlı dəstələri Naxçıvan qəzasının bir neçə kəndini yandırıb, Zəngəzur qəzasında 115 azərbaycanlı kəndi məhv edilib, 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülübdür. Bütövlükdə bu qəza üzrə 10068 azərbaycanlı öldürülüb və ya şikəst edilib, 50000 azərbaycanlı qaçqın düşübdür. İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı məhv edilib, kəndlər isə yerləyeksan edilibdir. Erməni silahlı dəstələri daha sonra Qarabağa yürüş edib, 1918-1920-ci illər arasında Qarabağın dağlıq hissəsində 150 kənd dağıdılıb, əhalisi məhv edilibdir.
İrəvan quberniyası, Şərur-Dərələyəz, Sürməli, Qars və digər ərazilərdə azərbaycanlıların qırğınının fəal iştirakçılarından biri olmuş erməni zabiti Ovanes Apresyanın xatirələri əsasında amerikalı aqronom Leonard Ramsden Hartvill «İnsanlar belə imişlər» adlı kitab yazıbdır. Ovanes Apresyan kitabın müəllifi ilə söhbəti zamanı ermənilərin ingilislərin və Rusiyanın yardımı ilə öz məqsədlərinə çatdıqlarını qeyd edərək təkcə Bakıda mart qırğını zamanı iyirmi beş min azərbaycanlının qətlə yetirildiyini bildiribdir.
1918-ci ilin mart ayında 10 minlik erməni ordusu Naxçıvanda da kütləvi qırğınlar törətdilər. S.Şaumyanın vasitəçiliyi ilə sovet Rusiyasının himayə və yardımına nail olmuş ermənilər, xüsusilə də Andranikin silahlı quldur dəstəsi 1918-ci ilin iyun-avqust aylarında Naxçıvan mahalının dinc türk-müsəlman əhalisinə heç bir çərçivəyə sığmayan vəhşiliklə divan tutubdur. İşğalçılara ciddi müqavimət göstərmiş Yaycı kəndi viran qoyulubdur. Culfa rayonu ərazisində Araz çayı üzərindəki körpü yandırılıb və Ordubadda 2000 türk-müsəlman əhali qətlə yetirilibdir. Bu vəhşətdən qaçmağa çalışan 300-ə qədər dinc sakin Araz çayını keçərkən boğulubdur. Yaycı kəndində ermənilər tarixdə bənzəri olmayan vəhşiliklər törətdilər. Digər bir erməni silahlı dəstəsi 1918-ci ildə “Yapon” ləqəbli quldurun başçılığı ilə Naxçıvan şəhərindən 40 km şimalda yerləşən Almalı yaşayış məntəqəsinin əhalisini qıraraq, öz tarixi yurdlarından didərgin salıbdır. Təxminən 200 kişi öldürülüb, xeyli gənc qadın əsir aparılıbdır. Osmanlı ordu hissələrinin Kazım Qarabəkir paşanın komandanlığı ilə Naxçıvan bölgəsinə gəlişi mahalın əhalisini daha irimiqyaslı qırğınlardan xilas edibdir. 1919-cu ilin əvvəlində erməni polkovniki Doluxanovun başçılıq etdiyi silahlı qüvvələr Şərur-Sədərək ərazilərində onları duz-çörəklə qarşılayan dinc əhaliyə qarşı zorakılıqlar törədibdir. Müsəlmanlar yaşayan 8 kənd mühasirəyə alınıb, Dəmirçi kəndi dağıdılaraq qarət olunub, 60 nəfər həbs edilərək İrəvana göndərilib, 200 nəfər Arazı keçmək istərkən çayda boğulubdur. Yerli əhalinin ciddi müqaviməti ilə qarşılaşan erməni hərbi hissəsi geri çəkilməyə məcbur olub. Naxçıvan mahalının türk-müsəlman əhalisi Şimali Azərbaycan Rusiya tərəfindən yenidən işğal olunduqdan sonra, sovet hakimiyyətinin ilk vaxtlarında da ermənilərin törətdikləri soyqırımlarına məruz qalıbdır. Belə dəhşətli qırğınlardan biri 1920-ci ilin yay aylarında həyata keçirilibdir. Bütövlükdə, 1918-1921-ci illərdə erməni quldur dəstələri tərəfindən Naxçıvan bölgəsində 73727 nəfər türk-müsəlman əhalisi vəhşicəsinə qətlə yetirilibdir.
Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini yad etmək məqsədilə ulu öndər Heydər Əliyevin 27 mart 1998-ci il «31 mart Azərbaycanlıların Soyqırımı haqqında» fərmanı ilə 31 mart Azərbaycanlıların Soyqırım Günü elan edilibdir. 1998-ci ildən bəri respublikamızda 31 mart hər il Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində yad edilir.
1918-ci ildə Bakıda və Azərbaycanın digər bölgələrində ermənilərin törətdikləri qırğınlardan 100 ildən artıq ötməsinə baxmayaraq, bu vəhşiliklər xalqın qan yaddaşında əbədi iz buraxıbdır. Ötən əsrin əvvəllərindən başlayaraq ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri aramsız soyqırımı və deportasiya siyasəti 1918-1920-ci illərdə xüsusən genişlənib və Azərbaycan xalqını yer üzündən tam silmək kimi iyrənc niyyətlərini bütün çılpaqlığı ilə üzə çıxarıbdır.
Bu faciənin dünyada soyqırımı kimi tanınmasında və haqq işimizin dünya ictimaiyyətinə çatdırılmasında bütün Azərbaycan Respublikası ictimai-siyasi birliklər, ictimai təşkilatlar, tarixçilər, siyasi xadimlərlə yanaşı hər birimiz bu yolda öz mübarizəmizi yorulmadan davam etdirməliyik.
Hər kəsə məlum olduğu kimi 2020-ci ilin sonlarında Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti və iradəsi nəticəsində Azərbaycan dövlətinin hərbi-siyasi tarixinin şanlı səhifəsi yazıldı. Böyük qürur hissi ilə deyə bilərik ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qətiyyətli iradəsiylə başlanmış İkinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin inamlı qələbəsi ilə başa çatdı. Azərbaycan xalqı son 2 əsrlik tarixində ərazi bütövlüyünü bərpa edərək uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızı işğaldan azad etdi. Bu qələbə Azərbaycan xalqının özünə inamını geri qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi. 30 ilə yaxın müddətdə səbr göstərən xalqımız nəhayət qələbəyə çatdı. Noyabrın 10-u ölkəmiz üçün qızıl hərflərlə yazılmış tarixi bir gün oldu.
Tarixi qələbə qazanan ordumuz erməni faciəsi nəticəsində həlak olmuş günahsız qurbanlarının qisasını aldı. Həlak olan bütün şəhidlərimizin ruhu əbədi rahatlığa qovuşdu.
Arzu Abdullayev
Naxçıvan Dövlət Universiteti
“Beynəlxalq münasibətlər” kafedrasının baş müəllimi