İnformasiya səngərində NUHÇIXAN

Bu gün Naxçıvan Televiziyasının 89, NUHÇIXAN İnformasiya Agentliyinin isə 3 yaşı tamam olur

A- A A+

Müharibə meydanında uğurlu informasiya savaşının böyük bir ordunun sahib olduğu güc qədər önəm kəsb etdiyi uzaq və yaxın tarixdə baş verən hadisələrdən məlumumuzdur. Teymurlənglərin, İskəndərlərin, Çingiz xanların zamanında belə söz, informasiya həmişə əsas qüvvə olub və müharibə aparan bütün tərəflər sözün gücünün qələbənin əsas şərtləndirici qüvvəsindən biri olduğunun fərqində olublar.

44 günlük Vətən müharibəmiz sona çatanda Azərbaycan təkcə hərbi və siyasət meydanında deyil, həm də informasiya cəbhəsindən qalib ayrıldı. Təbii ki, informasiya səngərində qazanılan qələbədə ən mühüm amil ordumuz kimi  informasiya əsgərlərinin də vahid komandanlıqda birləşməsi idi. Ali Baş Komandanın hər dəfəsində də vurğuladığı kimi düşmənin başına endirdiyimiz yumruq həm də ona görə güclü idi ki, birlikdən doğurdu, inamdan yoğrulmuşdu. Qələbənin ən başlıca amili isə inam idi. Azərbaycan insanı inandı. Döyüşən ƏSGƏRin gücünə də, cəbhədə yaşanan hadisələrə güzgü tutan SÖZün doğruluğuna da.

Və biz bu dövrdə düşmən ölkənin  hərbi uğursuzluqlarını etiraf etmələri kimi informasiya cəbhəsində də məğlub olduqlarını dilə gətirmələrinin şahidi olduq. Və dünya bir daha 30 ildir ona sırınan, inandığı yalanların utancını yaşadı...

Xankəndində yaşayan ermənilərin belə informasiyanı Ali Baş Komandandan İlham Əliyevdən aldığının xəbərini də, Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Artsrun Ovannisyanın, nazirliyin mətbuat katibi Şuşan Stepanyanın erməni xalqını 44 gün ərzində aldatdıqları üçün üzr istəyib istefa verməsinin də, “Ermənistan Azərbaycanla informasiya müharibəsində məğlub oldu” deyən erməni politoloq Armen Qasparyanın fikirlərini də, İnformasiya təhlükəsizliyi üzrə erməni ekspert Samvel Martirosyanın “Ermənistanda insanlar yerli mənbələrdən olan informasiyaya inanmağı dayandırır və Azərbaycan KİV-nin xəbərlərinə daha çox güvənirlər” deməsini, hətta Ermənistan prezidentinin bütün sahələrdə olduğu kimi informasiya müharibəsində də biabır olduğunu etiraf etməsini NUHÇIXAN İnformasiya Agentliyi olaraq oxuculara çatdırmışdıq…

Vətən müharibəsində NUHÇIXAN İnformasiya Agentliyi…

NUHÇIXAN İnformasiya Agentliyinin illik xəbər paylaşım statistikasına və izləyən ölkələrin say tərkibinə baxdıqda ilk üç yerdə Ermənistanın da adının olması, bu informasiya qələbəsində 3 yaşlı QƏHRƏMANın da varlığı qürur vericidir. Xəbəri ilkin mənbədən almağı, obyektiv və qərəzsiz olmağı qarşıya məqsəd qoyan Agentlik Vətən müharibəsində oxucularını dəqiq cəbhə xəbərləri ilə məlumatlandırdı. Ölkə mediası üçün həm də bir imtahan olan bu müharibədən NUHÇIXAN üzüağ çıxmağı bacardı. Paylaşdığımız xəbərin mütləq doğruluğuna təminat verdi və oxucular xəbərin doğru ünvanı olaraq NUHÇIXANı seçdi. İllər boyu həsrətlə azadlığını gözlədiyimiz Şuşadan, Ağdamdan, Zəngilandan, Cəbrayıldan gələn qələbə xəbərini paylaşmağın qürurunu yaşadıq… Bu hər birimizin taleyində olduğu kimi Nuhçıxanın da taleyində çox  önəmli tarixi hadisə idi. Etiraf edim ki, bəzən azadlığına qovuşan kənd, şəhər xəbərini paylaşanda sevincdən ürəyimiz titrədi, əllərimiz əsdi... Ancaq çalışdıq və buna nail olduq ki, xalqımız məhz qələbə xəbərini bizdən eşitsin. Həmin günlərdə televiziyamızın və agentliyimizin sosial şəbəkə hesablarından oxucuların bizə inandığını, intizarla paylaşacağımız xəbəri gözləmələrini  yazmaları sevincimizi birə-beş artırdı. Haşiyə çıxaraq deyim ki, o günlərdə sağlamlığımla bağlı xəstəxanada olarkən tibb işçilərinin digər xəbər saytlarında paylaşılan məlumatların NUHÇIXANda paylaşılmasını gözləməsi, “Gir, bax Nuhçıxana, onlar da paylaşıbsa, deməli, düzdü” demələrinin şahidi oldum. Dünyada ən böyük qiymət inanmaqdır və NUHÇIXAN artıq insanların inamını qazanmışdı… Çünki “NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir” deyə təqdim etdiyimiz bütün informasiyalarda, məlumatlarda təkcə bir meyarımız oldu: İnformasiya əsgəri kimi Müzəffər Azərbaycan əsgərinin yanında olmaq, onun qalibiyyətini xalqımıza operativ və düzgün çatdırmaq, xalqımızın və dövlətimizin mənafeyini müdafiə etmək. Məlumat üçün deyim ki, ötən bir il ərzində NUHÇIXAN İnformasiya Agentliyində 14000-dən artıq xəbər yer alıb, 62 mindən artıq izləyicisi olan İnstaqram üzərindən 7500-ə yaxın xəbər, muxtar diyarın tanıdılması ilə bağlı 2000-dən artıq foto, 1500-dən artıq video paylaşılıb. Həmçinin məhz bu platforma üzərindən Vətən müharibəsinin hər anına işıq tutan 1200-dən çox video izləyicilərə təqdim edilib. Televiziyamızın 150000 izləyicisi olan “Facebook” və 70000 izləyicisi olan “Youtube” hesabları üzərindən  3500-dən  artıq material paylaşılıb. Naxçıvan televiziyasını  sosial şəbəkə üzərindən izləyən ölkələr içərisində ilk onluqda Türkiyə, Rusiya, Ermənistan, İndoneziya, Ukrayna, ABŞ, İran, Gürcüstan, Almaniya kimi ölkələrin olduğunu görürük.

Qeyd etmək istəyirəm ki, NUHÇIXAN İnformasiya Agentliyi informasiya cəbhəsində bu gün 89-cu ilini geridə qoyan Naxçıvan televiziyası ilə birgə döyüşdü. Televiziyamızın Xəbərlər xidməti o günlərdə hər saatbaşı olmaqla yanaşı, cəbhə xəbərləri ilə bağlı xüsusi xəbər buraxılışları da təqdim etdi. Hər gün rus və ingilis dillərində də mühüm hadisələri geniş tamaşaçı kütləsinə çatdırdı. Tamaşaçılar hər anın xəbərini operativ olaraq efirin alt yazı qismində oxuya bildi. Əks-hücum əməliyyatının başladığı ilk andan efir proqramında əsaslı dəyişiklik edən doğma kanal ruhunu qələbə ruhuna, qalibiyyət ovqatına köklədi. Televiziyanın yaradıcı heyəti tərəfindən muxtar respublikamızın ictimi-siyasi-sosial həyatında baş verən hadisələrlə yanaşı, ölkə gündəminə işıq tutan, geniş analitik verilişlər hazırlandı. Agentlikdə nəinki muxtar respublikada yaşayıb-yaradan jurnalistlərin, bütövlükdə bütün ziyalıların, elm, mədəniyyət xadimlərinin, politoloqların geniş analitik məqalələri dərc olundu. Azərbaycanın  mütləq qələbəsini dünyaya bəyan edən 9 noyabr Bəyannaməsinin imzalanmasından sonra ölkəmizin hər bucağında olduğu kimi, muxtar respublikamızda da qələbə şüarları ilə küçələrə axışanların yanında idi televiziya. Cəbhədə tarix yazan Naxçıvan şəhidlərinin müqəddəs nəşi  Naxçıvana gətiriləndə də, Şuşaya şanlı bayrağımızı taxıb geri dönən qazilərimizin, əsgərlərimizin böyük qələbə sevinci ilə qarşılanmasında da televiziyamız yurdumun insanlarının sevincini geniş izləyici kütləsi ilə bölüşdü...

44 günlük zəfər yürüşümüzdə Naxçıvanın KİV-i olaraq tam təminatla “silahlanmağımız” isə təbii ki, illər boyu bu sahəyə göstərilən diqqətin nəticəsi idi. “Mətbuat işçiləri dövrün salnaməsini yaradan və onu gələcəyə daşıyanlardır”,-deyən Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri Vasif Talıbovun muxtar respublikada KİV-ə göstərdiyi qayğının nəticəsi idi ki, bütün müasir, çevik efir və çəkiliş avadanlıqlarına, ən müasir yayım sistemləri ilə təmin olunan Teleradio məhz Zəfərə addımladığımız o günlərdə insanların informasiya tələbatını tamamilə ödədi. Birinci Qarabağ müharibəsi zamanı yaşanmış informasiya aclığını isə çətin ki, bu xalq unuda. Naxçıvanın paytaxt Bakıdan, döyüş meydanına çevrilən Qarabağdan xəbərsiz olduğu kimi, ölkəmizin digər bölgələrinin də Naxçıvanın taleyindən bixəbər qalması yəqin ki, orta nəsildən olan hər kəsin yadındadır. Ötən il mətbuat günündə jurnalistlərlə görüşən Ali Məclisin Sədrinin “Bu gün dünyada mövcud olan muxtar qurumların mətbuat sahəsinə nəzər saldıqda, müqayisə etdikdə bir daha aydın olur ki, muxtariyyət statusu bizdən daha çox olanlarda belə Naxçıvandakı qədər mətbuata qayğı göstərilmir, şərait yaradılmır. Bu da bizi qürurlandırır ki, muxtar respublikamızda vətənpərvər jurnalistlər ordusu formalaşıb” fikri yaxın tarixdə yaşananların nə qədər doğru olduğunu təsdiqlədi. Məhz bu qayğı ilə yetişən vətənpərvər jurnalistlər ordusu vətənimizin düşmən üzərində qazandığı informasiya cəbhəsində də əhəmiyyətli rol oynadı. Mübaliğəsiz demək mümkündür ki, Naxçıvan televiziyası, o cümlədən Agentlik bu qələbədə muxtar diyarın media üzü olmağı bacardı.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov martın 17-də “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında Fərmanına əsasən Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin əsasında Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti yaradılıb. Hər zaman izləyicilərinə keyfiyyətli materiallar təqdim etməyi qarşısına məqsəd qoyan Naxçıvan televiziyası yeni fəaliyyət istiqamətində təkmilləşdirilmiş yaradıcı heyəti ilə oxuculara muxtar diyarın tarixi, mədəniyyəti, görkəmli elm və dövlət xadimləri, ictimai, siyasi həyatı ilə bağlı daha keyfiyyətli verilişlər və filmlərlə tamaşaçı görüşünə gələcək, muxtar diyarın güzgüsü olmağa, artıq dünyada bir nümunə olan Naxçıvanın bugünkü salnaməsini yaratmağa davam edəcək.

Bu gün doğma kanal Naxçıvan televiziyası 89, qoca çinarın gənc, amma bir o qədər də müdrik budağı olan NUHÇIXAN İnformasiya Agentliyi 3 yaşını qeyd edir. Bizi izləyən, oxuyan, seçən hər kəsə minnətdarıq... Hər birimiz informasiya səngərində xalqımız və dövlətimizin bütövlüyü naminə şanlı Azərbaycan Ordusu ilə birgə döyüşən ƏSGƏRik. Silahımız qılınc kimi kəsərli olan SÖZdür... Hər zaman düşməni hədəf alan sözə sadiq qalmaq arzusu ilə... Bayramımız mübarək...

Fizzə Bağırova

NUHÇIXAN İnformasiya Agentliyinin baş redaktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: