ÜST-nin Avropa regionuna daxil olan ölkələrdə koronavirusun yeni ştammları sürətlə yayılır, xəstəxanalarda gərginlik artır, dini bayramlarla əlaqədar insanlar arasında ünsiyyət çoxalıb. Bütün bu amillər məcmu halda xəstəlik göstəricilərinin artmasına gətirib çıxarıb. Təkcə son bir həftə ərzində COVID-19-a yeni yoluxma hallarının sayının 1,6 milyon artması və 24 min nəfərin bu xəstəlikdən dünyasını dəyişməsi təsdiqlənib.
NUHÇIXAN İnformasiya Agentliyi BMT-nin rəsmi saytına istinadla xəbər verir ki, bu məlumatlar Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional bürosu tərəfindən elan edilib. Pandemiyanın əvvəlindən bəri Avropa regionunda COVID-19-a yoluxanların sayı 45 milyona çatıb. ÜST-nin fövqəladə hallar üzrə regional direktoru Dorit Nitzan deyib: “Cəmi beş həftə bundan əvvəl Avropada yeni yoluxma hallarının sayı 1 milyonu aşmırdı, indi isə regionda son aylarda ən pis vəziyyət yaranıb”. Onun sözlərinə görə, bir sıra ölkələr virusun yayılmasını dayandırmaq üçün yeni məhdudiyyətlər tətbiq edir. Lakin bu qaydalara hər kəs ciddi riayət etməlidir.
İlk dəfə Böyük Britaniyada aşkar edilmiş B.1.1.7 ştammı artıq Avropa regionundakı 50 ölkədə tapılıb. Hazırda Avropada koronavirusun məhz bu variantı üstünlük təşkil edir. Bu da məlumdur ki, həmin variant daha asanlıqla yayılır və xəstəliyin ağır keçməsi riskini artıra bilər. ÜST-də xatırladırlar ki, bu ştamm çox təhlükəlidir və əlavə ehtiyat tədbirləri görülməsini tələb edir.
Böyük Britaniya Səhiyyə Nazirliyinin məlumatına görə, ötən ilin dekabr ayından bəri peyvəndləmə tədbirləri yaşı 70-dən yuxarı olan ən azı 6 min nəfərin həyatını qorumağa kömək edib. İsraildən daxil olan statistik məlumatlar göstərir ki, “Pfizer-BioNTech” vaksininin 2 dozası yoluxmadan, xəstəliyin ağır keçməsindən və xəstəxanaya düşməkdən 90 faiz qoruyur.
Son məlumata görə, ÜST-nin Avropa regionu əhalisinin yalnız 10 faizi COVID-19-a qarşı vaksinin birinci dozasını və bu əhalinin yalnız 4 faizi vaksinin hər iki dozasını alıb.
Regionun bütün zəngin ölkələrində vaksinləmə başlayıb. Bu proses gəlir səviyyəsi orta olan ölkələrin 80 faizini və gəlirləri aşağı səviyyədə olan ölkələrin 60 faizini əhatə edir. ÜST-nin Avropa regionundakı 10 dövlət vaksinlərin paylanması üzrə beynəlxalq COVAX layihəsi üzrə vaksin alıb.
Bununla belə, vaksinlər hələlik hamı üçün əlçatan deyil, virus isə yayılmaqda davam edir. Buna görə vəziyyəti nəzarətə almaq üçün əlavə tədbirlər tətbiq edilməlidir. Regiondakı 27 dövlətdə tam və ya qismən karantin rejimi, 21 ölkədə komendant saatı tətbiq edilib. Son iki həftədə 23 dövlətdə məhdudiyyətlər sərtləşdirilib, 13 ölkədə isə məhdudiyyətlər yumşaldılıb.
ÜST-də əmindirlər: vaksinləmə və karantin tədbirləri pandemiyanı dayandırmağa kömək edəcək, lakin bu virusun daha neçə insanın həyatına son qoyacağı cəmiyyətin hər bir üzvündən asılıdır.