Övladlarımıza ilk hədiyyəmiz onlara yaxşı adlar qoymaqdır

A- A A+

Körpə gözəl müjdədir, doğmalara, yadlara!

Ölkədə yol verməyək xalqa yasaq adlara.

Gülməli ad qoymayaq, gül kimi övladlara.

Tarix boyu Azərbaycanda şəxs adları və onların danışıqda özlərinə necə yer almaları xalqımızın etnomədəni simasını xarakterizə edən mühüm əlamətlərdən biri olub. Hər şeydən öncə, qeyd edim ki, ad göstəricisi tarixən Azərbaycan (türk) xalqının bir etnos, xalq, millət olaraq özünü, əslini, nəslini tanımağa və tanıtmağa dəlalət edən köklü dil (nitq) faktıdır. Körpəsi doğulan ailələrdə mühüm məsələlərdən biri ona ad qoymaqdır. Ad insan üçün böyük əhəmiyyət kəsb edən məsələlərdəndir. Cəmiyyətimizdə yaxşı, mənasız və hətta pis adları olan, adları ilə müsbət və ya mənfi təsəvvür yaradan, öyünüb qürrələnən və ya xəcalət hissi keçirən adamlar var. İnsanın bəzən gündə yüz dəfə adı ilə çağırıldığını nəzərə alsaq, bunun əhəmiyyətini anlamaq heç də çətin deyil.

 Bəs uşağa nə ad qoyaq?

Uşaqlara ad qoymaq məsələsi ailələrdə hər zaman mübahisəli mövzulardan biri olub. Bu həm də ümumi olaraq cəmiyyətdə müzakirə olunan məsələlərdəndir. Kimisi yaşlı nənə-babasının adını uşaqlarında yaşatmaq istəyir, kimisi baxdığı serial qəhrəmanının adını övladına verir, kimisi də hansısa məhşurun adını. Elə ailələr də var ki, uşağa hələ ana bətnində olarkən ad qoyur.

Biz  sözümüzü valideynlərə ünvanlayırıq ki, öz ata-analarının adını yaşatmaq üçün övladlarına sovet dövründən qalma, keçmiş adları verməkdən çəkinsinlər. Ad qoymaq ümumiyyətlə, valideynlərin borcudur. Valideynlər bəzən öz ata-analarının adını yaşatmaq üçün uşaqlarına belə adlar qoyurlar. Fikir versək görərik ki, çox vaxt da həmin adla çağırmırlar, “qondarma” adlardan istifadə edirlər. Bu adla çağırmayacaqsansa, bu adı uşağa niyə qoyursan? Yaxud da çağırırsan. Amma sən öz nənə-babanı, ata-ananı sevirsənsə, bunu ürəyində yaşat. Nənə-babanın adı öz dövrləri üçün aktual olub, bu gün o ad uşağa yaraşmaya bilər. Axı uşaq özünü dərk etdikcə, ona verilən addan utanmağa başlayır. Valideynlərinin nə üçün məhz bu adı seçdikləri onda maraq doğurur. Ad yaxşı olarsa, uşaqda onun mənasına və ya sahibinə simpatiyanın yaranma ehtimalı yüksək olur. Son vaxtlar uşaqlara cansız əşyaların adlarını verirlər. Yağmur, Su, Damla kimi. Axı uşaq böyüyəndə öz adındakı dərinliyi, keçmişi, tarixi bağlantını, milli mənəvi dəyərlərin olmadığını anlayanda məyus olacaq.Yaxud da uşaqlara bir qisim adlar verilir ki, onlar uşaqların üstünə müəyyən məsuliyyət yükləyir. Ceyran, Cüyür, Maral, Aslan kimi heyvan adlarının da uşaqlara verilməsi doğru yanaşma deyil. Bunu valideynlər ona görə qoyurlar ki, həmin heyvanlara xas olan “yüksək keyfiyyətlər” uşaqlarında da olsun? Amma hansı heyvanın dəyərləri insanlardan nə dərəcədə üstün ola bilər ki, buna görə heyvan adını övladına qoyasan? Ən acınacaqlı vəziyyət serialların baş qəhrəmanlarının adlarını uşaqlara vermək istəyən valideynlərin də olmasıdır. Feriha, Yaman, Neslihan və sair. Valideyn o qəhrəmanı sevə bilər, ancaq bilməlidir ki, uşağı böyüyəndə həmin adın heç bir anlamı qalmayacaq.

Niyə başımızı telefondan, seriallardan qaldırıb kitab oxumuruq? Koroğlu dastanından Rövşən, Cəfər Cabbarlının Sevil, Yaşar, əsərlərindəki adlardan, Səməd Vurğunun Aygün adını, Kitabi Dədə Qorqud dastanından Selcan kimi daha çox mənalı və milli adlar verək körpələrimizə. Bu gün ən çox qoyulan adlar Yusif və Zəhradır. Yusif adı “Qurani-Kərim”dən götürülüb, Zəhra adı da ərəb mənşəlidir. Düzdür, yeni adlar da var: Aylin və Ayan kimi. Lakin bu adlar da ədəbiyyata aid deyil. Göründüyü kimi, yeni adlar dini və Türkiyə mənbələrindən gəlir.

Cəmiyyətdə, məktəbdə - hər bir yerdə insanın özündən və əməllərindən öncə adı onun barəsində müəyyən fikir formalaşdırır, hörmət və ya istehza doğurur, müsbət və ya mənfi baxış yaradır. Adın yaxşı olması güclü özünəinam hissinə və bunun ardınca uğurlu perspektivə səbəb ola bilər. Mirzə Fətəli Axundzadənin obrazlı dili ilə desək, “Sağlıqda xalqın sevimlisi və öldükdən sonra adı tarixin bəzəyi olmaq dünyada ən böyük səadətdir”. İnsan həyatının ilk səadəti isə ona verilən şəxsi adı ilə başlanır və həmin ad ona ömürlük xidmət edir. Odur ki, yeni doğulan övlada ad qoymada yüz ölçüb, bir biçmək lazımdır ki, ona cəmiyyətin ənənəsinə münasib məzmunlu və əhəngdar ad verilsin. Çünki insanın gərək hər şeyi gözəl olsun: üzü də, paltarı da, qəlbi də, fikirləri də, hətta adı da.

Alim Ağayev

“Arazın səsi” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: