Ötən ay muxtar respublikada 59 nəfər dövlət qulluğuna qəbul edilib

A- A A+

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya fəaliyyətində peşəkarlığın və keyfiyyətin artırılması, şəffaflıq və obyektivliyin təmin edilməsi, dövlət qulluğuna dair qanunvericiliyin tətbiqinə nəzarətin gücləndirilməsi istiqamətində tədbirləri iyul ayı ərzində də davam etdirib.

NUHÇIXAN xəbər verir ki, dövlət orqanlarında inzibati vəzifələrin dördüncü-yeddinci təsnifatına uyğun olaraq vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün bu il martın 5-də elan edilmiş müsabiqənin 25 iyun-3 iyul tarixlərdə müsahibə mərhələsi keçirilib. Müsahibədə iştirak edən 129 namizəddən 66-sı müvafiq keçid balını toplayaraq uğur qazanıb. Qanunvericiliyə uyğun olaraq keçid balını toplamış 58 nəfərin sənədləri təyin olunmaq üçün dövlət orqanlarına göndərilib və onların hamısı iddia etdikləri vəzifələrə təyin ediliblər. Ehtiyat kadrlarla işin təşkili də ay ərzində diqqətdə saxlanılıb, 1 nəfər vakant vəzifəyə təyin olunub. Müsabiqədə müvəffəqiyyət qazanaraq ilk dəfə dövlət qulluğuna qəbul olunan 44 dövlət qulluqçusunun təntənəli andiçmə mərasimi keçirilib.

Komissiya tərəfindən Televiziya və Radio Şurasının və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin müraciəti əsasında vakant sektor müdiri və baş mühasib vəzifələrinin tutulması üçün 3 nəfərin iştirakı ilə test imtahanı keçirilib. Həmçinin vakant inzibati rəhbər vəzifələrin tutulması üçün aparılan test imtahanında müvəffəqiyyət qazanmış 2 nəfər üçün müsahibədə və müvafiq dövlət orqanında vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün keçirilmiş bir daxili müsahibədə komissiyanın nümayəndəsinin iştirakı təmin edilib.

Naxçıvan Muxtar Respublikasının dövlət orqanlarında mətbuat xidmətlərinin fəaliyyətlərinin təşkili və qarşıda duran vəzifələrlə bağlı bu il mayın 19-da keçirilmiş tədbirdə qarşıya qoyulmuş tapşırıqların icrasının təmin edilməsi məqsədilə iyulun 16-17-də komissiya tərəfindən dövlət orqanlarında vakant mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçi vəzifələrinin tutulması üçün test imtahanı keçirilib. Həmin imtahanda 20 nəfər iştirak edib, keçid balını toplayan 5 nəfər növbəti mərhələdə iştirak etmək hüququ qazanıb.

Komissiyanın Əsasnaməsinə uyğun olaraq dövlət qulluğuna qəbul olmaq istəyən 39 namizədin və dövlət ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün 32 namizədin iştirakı ilə hazırlıq kursları təşkil edilib. Həmçinin komissiya tərəfindən dövlət qulluğuna və dövlət ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən şəxslər üçün keçirilən sınaq imtahanlarında 63 nəfər iştirak edib.

İyul ayı ərzində Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üçün müsabiqə elan edilib, bu məqsədlə sənəd qəbulu həyata keçirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: