İnsan övladı yaranandan bəri onun bədii-estetik zövqünün formalaşmasında, mənəvi dünyasının və dünyagörüşünün zənginləşməsində ədəbiyyat sədaqətli yol yoldaşı olub. Və əsl ədəbiyyatı müqəddəs qılan ən ümdə cəhət isə insana və insanlığa irq, cins, mənsubiyyət ayırmadan xidmət etməsidir. Söz sənəti bəni-adəmin mövcudluğunun, bütün əbədi və qlobal problemlərin, hiss və həyəcanların, sevgi və nifrətin, həyatın fəlsəfi anlamının, insan idrakının təzahürünün və daha nələrin, nələrin obrazlı əksidir. Bütün bu məqamların obrazlı dərki isə söz sərraflarının bədii düşüncə və sənətkarlıq bacarığından bir başa asılıdır. Təbii ki, bu asılılıq həm də dövrün ictimai-siyasi mənzərəsi ilə də bağlıdır. Müxtəlif dövrlərdə hakim quruluşların ədəbi prosesə təsiri və yönləndirməsi də qaçılmaz bir reallıqdır. Bu səbəbdən dolayı qələm sahibləri dövrün reallıqlarını əks etdirmək baxımından müxtəlif bədii manevrlərdən, simvolik ifadələrdən istifadə ediblər. Xüsusilə təbii hadisələr, müxtəlif canlılar və təbiət obyektləri bu xüsusda ədiblərin həmişə köməyinə çatıb. Əslində dünya və eləcə də Azərbaycan ədəbiyyatını zənginləşdirən məqamlardan biri də rəmzlər, metaforalar, simvollar və sairdir.
Azərbaycan ədəbiyyatında da simvolik bədii ifadələrdən geniş istifadə olunub. Məşəqqətli inkişaf yolu keçən milli söz sənətimiz, təzyiq və təqiblərə sinə gərən söz ustadlarımız məzmunu ifadə etmək naminə müxtəlif bədii simvolların təzahür formalarından məharətlə istifadə ediblər. Lakin bu o demək deyil ki, simvollar həmişə sətraltı mənaların çatdırılmasında istifadə olunub. Xeyr, bəzən şair və yazıçılar bədii fikri daha obrazlı və daha anlaşıqlı ifadə etmək üçün simvollara müraciət edirlər. Deməli, bədii simvollar aid olduğu dövrə, düşüncə tərzi və məna yükünə, ünvanlanan geniş, yaxud dar auditoriyasına, fəlsəfi çəkisinə görə bədii fikrin məhsulu olan nəsr, dramaturgiya və poeziya ilə sıx əlaqəlidir. Ancaq bədii simvollardan istifadə poeziyada daha çox lazım gəlir.
Həqiqətən də bu günə qədərki oxuduğumuz, yaxud eşitdiyimiz şeirlərdə yalçın qayalar, daş qəlblər, büllur bulaqlar, hiyləgər tülkülər, nazlı ahular, ürkək dovşanlar, telli durnalar və başqa bənzətmə, eləcə də simvollar var. Ədəbiyyatımızda daha çox müraciət olunan simvollardan biri də durnalardır. O durnalar ki, sərhəd tanımır, səmalarda hürr dolanır. Diyari-qürbətdən salam yetirir, ala gözlü yardan soraq gətirir, nazənin-nazənin avaz edirlər. Yarın fərağından hüsnün çırağına pərvanə olanlar, vətən eşqi ilə od tutan qəribü-zarlar, həsrətdən köksü dağlananlarla rastlaşmamağımız mümkünsüzdür. Şeirlərdəki hadisə, predmet və anlayışların obrazlı izahında onlarla qoşa pərvazlanmaq istəyənlərin dərd ortağıdır durnalar. Nümunə olaraq, Molla Vəli Vidadinin “Durnalar” şeirinə nəzər yetirək:
Qatar-qatar olub qalxıb havaya,
Nә çıxıbsız asimana, durnalar!
Qәrib-qәrib, qәmgin-qәmgin ötәrsiz,
Üz tutubsuz nә mәkana, durnalar?!
Tәsbih kimi qatarınız düzәrsiz,
Havalanıb әrş üzündә süzәrsiz,
Gah olur ki, danә-xurә gәzәrsiz,
Siz düşәrsiz pәrişana, durnalar!
Әrz elәyim, bu sözümün sağıdır,
Yollarınız hәramidir, yağıdır,
Şahin-şunqar sürbәnizi dağıdır,
Boyanarsız qızıl qana, durnalar!
Әzәl başdan Bәsrә, Bağdad eliniz,
Bәylәr üçün әrmәqandır teliniz,
Oxuduqca şirin-şirin diliniz,
Bağrım olur şana-şana, durnalar!
Bir baş çәkin dәrmandәnin halinә,
Әrzә yazsın, qәlәm alsın әlinә,
Vidadi xәstәdәn Bağdad elinә
Siz yetirin bir nişana, durnalar!
Bəzən şairlər dərin məzmunu ifadə etmək üçün ağıl və hissin gücü ilə hadisələri poetikcəsinə seçilmiş simvollarla qələmə alırlar. “Durnalar” haqqında çox şairlərimiz şeir yazıb. Molla Vəli Vidadi, Molla Pənah Vaqif, Qasım bəy Zakir, S.Ə.Şirvani, Rəşid bəy Əfəndiyev və başqaları. Hər birinin vəsf, yaxud müraciət etdiyi durnalar bir-birindən fərqlənir. Eləcə də oxşarlıqlar var. Çünki adətən şairlər uzaq düşdüklərindən, həsrət qaldıqlarından xəbər almaq üçün durnalara üz tutublar. Elə Vidadinin özü də qatar-qatar olan durnalara xitabən yazır.
Vidadi xәstәdәn Bağdad elinә
Siz yetirin bir nişana, durnalar!
Bu mənada Vidadi durnalara üz tutub el-obasından xəbər almaq, həsrətin çəkdiyi yurduna nişanə göndərmək istəyini dilə gətirib. Molla Vəli Vidadinin qərib-qərib, qəmgin-qəmgin ötən durnalar ifadəsi durnaların belə qərib, qəriblərə həmdərd olmasına bir işarədir. Eldən elə köçən durnalar hansı səmtə, hansı elə uçsa da, elə qəribdir ki, qəribdir. Ancaq haralı olması bilinməyən durna elə bütün şairlərin, bütün qəriblərin həmyerlisidir. Çünki Molla Pənah Vaqifin də düşüncəsində Bağdad elinə müştaq olan elə durnalardır.
Bir zaman havada qanad saxlayın,
Sözüm vardır mənim sizə, durnalar!
Qatarlaşıb nə diyardan gəlirsiz?
Bir xəbər versəniz bizə, durnalar!
Sizə müştaq durur Bağdad elləri,
Gözləyə-gözləyə qalıb yolları,
Asta qanad çalın, qafil telləri
Heyifdir, salarsız düzə, durnalar!
Xeyli vaxtdır yarın fərağındayam,
Pərvanə tək hüsnün çırağındayam,
Bir ala gözlünün sorağındayam,
Görünürmü, görün, gözə, durnalar!
Mən sevmişəm ala gözün sürməsin,
Bədnəzər kəsibən, ziyan verməsin,
Saqın gəzin, laçın gözü görməsin,
Qorxuram səfnizi poza, durnalar!
Nazənin-nazənin edərsiz avaz,
Ruhlar tazələnir, olur sərəfraz,
Vaqifin də könlü çox edər pərvaz
Hərdən sizin ilə gəzə, durnalar!
Bədii nümunələr ədəbi rəmzlər, qəbul olunmuş simvollarla zəngin olduqda daha düşündürücü, daha dolğun və mənalı olur. Çünki simvollar ən dərin hiss və emosiyaların bədii ifadəsidir. Adətən şeirlərdə çinar məğrurluğun, torpağa bağlılığın, canavar acgözlüyün, göyərçin sülhün simvolu kimi işlənir və qəbul olunursa, hüzn, kədər və ayrılıq da durna ilə simvolizə edilir. Molla Vəli Vidadinin “Durnalar” şeirində olduğu kimi, Vaqifin də eyniadlı şeirində həsrət, kədər, intizar notları duyulmaqdadır. Yanaşmalar fərqli olsa da, ümumi anlayış həsrətdir. O həsrət ki, sevgi olan bütün qəlblərə yol tapa bilir. Fərq etmir, bu sevginin adı ya canan, ya dost, ya vətən olsun.
XIX əsr Azərbaycan ədəbiyyatı öz poetik çaları, məna yükü və janr müxtəlifliyi ilə diqqəti cəlb edir. Bu dövr ədəbiyyatımızın ən görkəmli nümayəndələrindən biri də Qasım bəy Zakirdir. Qasım bəy Zakir satirik üslubun təşəkkül tapması və inkişafındakı xidmətləri ilə adını ədəbiyyat tariximizə yazdırdı. Klassik şeir ənənələrinə sadiq qalan Q.Zakir də lirik şeirlərində, satirik ifadələrində simvollardan geniş istifadə edib. Məhz bu qəbildən olan şeirlərindən biri də məşhur “Durnalar” şeiridir. Yüksək bədii məzmuna malik lirik nümunədə şairin vətən həsrəti, yurd-yuva nigaranlığı, qəriblik yükü xüsusi ustalıq və sənətkarlıqla ifadə olunur. Qoşmada “Bu viladə hər gün tökülür qanlar, Yavaş-yavaş keçin, səsiniz anılar” ifadəsi ilə lirik şair dövrün real mənzərəsini yaratmaqla yanaşı, “Diyari - qürbətdə müddətdi varam, Gecə-gündüz vətən deyib ağlaram” deməklə həm də özünün vətən nisgilini, dərd- sərini durnalara xitabən dilə gətirir.
Bir saat havada qanad saxlayın,
Rəhm edin didəmdə yaşa, durnalar!
Qatarlaşıb hansı yerdən gəlirsiz,
Qaqqıldaşa-qaqqıldaşa, durnalar?!
Bu viladə hər gün tökülür qanlar,
Yavaş-yavaş keçin, səsiniz anılar.
Laçın yatağıdır bizim məkanlar,
Qorxuram sürbəniz çaşa, durnalar!
Diyari - qürbətdə müddətdi varam,
Gecə-gündüz vətən deyib ağlaram,
Mən də sizin kimi qəribi-zaram,
Eyləməyin məndən haşa, durnalar!
Ədəbiyyatımızda durnalara həsr olunan şeirlər təkcə onlara xitab olunaraq yazılmayıb. Eyni zamanda heç bir məna, məzmun gizlədilmədən durnaların şəninə, onların vəsfinə həsr olunan şeirlər də az deyil. Təbiət aşiqi şairlər bütün gözəl mənzərələr və təbiət hadisələrinə biganə qalmadığı kimi durnalardan da bəhs ediblər. Bir canlı kimi durnanın yaşam tərzi, yaradanın ona bəxş etdiyi gözəllik bir çox şairin ilham mənbəyi olub. Bu şairlərdən biri də Rəşid bəy Əfəndiyevdir.
Ey havada uçan durna,
Bizi qoyub qaçan durna,
Get, xoş gəldin, səfa gəldin,
Gələcəksən haçan, durna?
Göy çəməndə gəzən durna,
Su üstündə süzən durna,
Gəl, bir gözüm görsün səni,
Al, yaşıla bəzən, durna!
Getmə-getmə, gözüm durna!
Sənə var bir sözüm durna!
Sən gedəndə necə sənin
Həsrətinə dözüm durna?!
Əsrlərdən-əsrlərə, nəsillərdən-nəsillərə ərmağan qalan söz sənətimiz klassik ənənələrdən güc alıb, daha da zənginləşərək günümüzədək gəlib çatıb. Əlbəttə, bu ədəbi davamlılıq müasirlərimizin də yaradıcılığında öz əksini tapıb. XX əsr Azərbaycan poeziyası da bədii rəmzlər və simvollarla zəngindir. A.İldrırm (Durnacıq), N.Xəzri (Tənha durna, Niyə gecikdiniz, durnalar, niyə?), B.Vahabzadə (Durna qatarı), M.Gülgün (Durnalar qayıtdı), M.Araz (Durnaları dönməz oldu dağların), N.Kəsəmənli (Durnalar bahar axtarır) və başqa şairlərin yaradıcılığında simvollardan xüsusən “Durna” simvolundan istifadənin şahidi oluruq. Adını çəkdiyimiz və çəkmədiyimiz şairlərin yaradıcılığında həsrət rəmzi olan durnaya həsr olunan şeirlərdə də mövzuya yanaşmalar müxtəlifdir. Şair bəzən vətən, millət dərdini durnalarla bölüşsə də, nəticədə acı həqiqətləri dilə gətirmiş sayılır. XX əsrin əvvəllərində istiqlal ruhlu şairlərimiz əsarətə düşən xalqın acı taleyini, ölümlərə, sürgünlərə aparan faciəvi ideologiyanın dəhşətli nəticələrini müxtəlif simvollarla qələmə alırdılar. Məsələn; Vətən, millət sevdalısı Almas İldırım özünün “Durnalar” şeirində vətənsiz durnalardan sanki vətənin sorağını alır. Və bu şeir vasitəsilə xalqını milli birliyə, oyanışa səsləyir. “Qaqqıldaşın, qoy yatanlar ayılsın, Əzilənlər qalxıb adam sayılsın” misraları ilə fikrini tam açıq şəkildə ifadə edir.
Uçursunuz alnı açıq, üzü ağ,
Bağrım çatlar sizdən almasam soraq.
Yorulanda olur sizə oturaq
Göl kənarı yaşıl çəmən, durnalar.
Qaqqıldaşın, qoy yatanlar ayılsın,
Əzilənlər qalxıb adam sayılsın,
Şöhrətiniz bu ellərə yayılsın,
Ey baş vurub göldə çimən, durnalar.
XX əsrin sonlarına qədər sürən sovet ideologiyası xalqımızın azadlıq və milli istiqlal eşqini söndürə bilmədi. Reallıqları qələmə alan aydınlarımızın ölüm hökmü və repressiyalarla sonlanan həyatı sonrakı ədəbi mərhələdə yenə də şairlərimizin mövzu mənbəyinə çevrildi. Dönüşü olmayan yolların birləşdirdiyi talelər Məmməd Araz yaradacılığında durnaya müraciətlə öz bədii əksini tapıb. “Durnaları dönməz oldu dağların”, yaxud da “Azad durna yol istədi, yol bölük” dərin məzmunlu misralarında bütöv bir xalqın tarixi taleyindən bəhs olunur.
Boz qayalar çapıqlandı, qaraldı;
Durnaları dönməz oldu dağların.
Ada göllər çamırlandı, qaraldı,
Durnaları dönməz oldu dağların.
Azad durna yol istədi, yol bölük,
Tala bölük, çala bölük; göl bölük.
Göylüyünü necə saxlar bu göylük,
Dumaları dönməz oldu dağların.
O Vaqifdi - odasına od düşən,
O Zakirdi - sədasına od düşən,
O Arazdı - səmasına od düşən,
Durnaları dönməz oldu dağların..
Kimisi durnanı həmdərdi, kimisi quşların ən gözəli, kimisi də isti yerlərə uçduğu üçün vəfasız bildi, “vəfasız” deyə tanıtdı. Kimi şair durnaya ümid bəslədi, kimi şair durnadan mədət umdu. Əsrlər boyu durna teli bəylərin, şahların tacını bəzədi. Durna xalqın yaddaşında yaşadıldı, inam yeri oldu, inanc mənbəyinə çevrildi, daşını çevirdik, sınadı bizi, amma ümidimizi sınamadı, tükətmədi. Bu günə qədər ədəbi müstəvidə “Durna” hüznün, kədərin, həsrətin, nigarançılığın simvolu kimi səsləndi. Ancaq bundan sonrakı ədəbi prosesdə durnalardan gözləntilərin dəyişilməyi labüddür. Yeni əsərlər yazıldıqca, yeni ümidlər doğacaq. Bir zamanlar Qarabağdan soraq gətirən durnalar bu dəfə qalib Azərbaycan əsgərinə bənzədildi.
A durnalar, Qarabağa gedək biz,
Bağlı qalan yollarını açaq biz,
Bir baş qoyub, toprağında yataq biz,
Düşmənləri Qarabağdan qovaq biz.
Əhməd Əhmədov
Naxçıvan televiziyasının əməkdaşı