İnsan sağlamlığı cəmiyyətin ən qiymətli sərvətidir

177

7 aprel bütün dünyada Sağlamlıq Günü kimi qeyd olunur. Bu tarix 1948-ci il aprelin 7-də BMT-nin xüsusi agentliyi kimi yaradılan Ümumdünya Səhiyyə Təşkilatının fəaliyyətə başlaması ilə əlaqədardır.

Səhiyyə hər bir ölkə üçün ən vacib sahələrdən biridir. Çünki bu sahə birbaşa insanların sağlamlığı ilə bağlıdır. Səhiyyə inkişaf edirsə, insanların sağlamlığı etibarlı qorunursa, o zaman ölkə də inkişaf edəcəkdir. Ölkəmizdə səhiyyənin cəmiyyət və dövlət həyatında ən mühüm sahəyə çevrilməsi, inkişaf və tərəqqisi xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Həyatını ölkəmizin yüksəlişinə və insanların xoşbəxtliyinə həsr edən ümummilli liderimiz səhiyyəni cəmiyyət və dövlət həyatında ən mühüm sahə kimi qiymətləndirərək demişdir: “Səhiyyə bizim üçün, hər bir cəmiyyət və dövlət üçün çox lazımlı, həyatın bütün sahələrini əhatə  edən sahədir. Onun inkişafı üçün zəruri tədbirlər görülüb və gələcəkdə də görüləcəkdir”.  Bu gün dövlət başçısı cənab İlham Əliyevin ulu öndərin müəyyənləşdirdiyi yolu uğurla davam etdirməsi səhiyyə sisteminin də inkişafına səbəb olub. Qəbul olunmuş dövlət proqramlarının uğurlu icrası xəstələrə göstərilən tibbi xidmətin səviyyəsinin xeyli yüksəlməsinə, xəstəliklər üzrə müayinələrin həcminin artmasına, xəstələrin dərmanla təchizatının əhəmiyyətli dərəcədə yaxşılaşmasına imkan verib.

Muxtar respublikamızda da vətəndaşların sağlamlığının qorunması istiqamətində mühüm işlər görülüb. Dövlət başçısı cənab İlham Əliyev muxtar respublikada uğurla həyata keçirilən səhiyyə islahatlarını yüksək qiymətləndirərək demişdir: “Mən çalışıram və istəyirəm ki, Azərbaycanın hər bir yerində yüksəksəviyyəli tibbi xidmət göstərilsin. Çox şadam ki, Naxçıvanda bu sahədə böyük işlər görülür, böyük uğurlar əldə edilir”. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Dövlətimizin ən qiymətli incisi onun vətəndaşlarıdır” prinsipi əsas götürülərək muxtar respublikada səhiyyə infrastrukturunun yenilənməsi, yeni ambulator və stasionar müalicə-profilaktika müəssisələrinin yaradılması, müasir avadanlıqlarla təchiz edilməsi, bu sistemin yeni dövrün tələblərinə uyğunlaşdırılması əhalinin sağlamlığının etibarlı təminatına geniş imkanlar açıb. Səhiyyə müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində görülən ardıcıl tədbirlər tibbi xidmətin səviyyəsinin xeyli yüksəlməsində, demoqrafik göstəricilərin yaxşılaşmasında, orta ömür müddətinin uzadılmasında əsaslı dönüş yaradıb.  Hazırda muxtar respublikada əhaliyə 216 tibb müəssisəsi tərəfindən səhiyyə xidməti göstərilir.  Həmin tibb müəssisələrində 704 həkim, 2 min 191 orta tibb işçisi  çalışır ki, bu da  muxtar respublika üzrə hər 10 min nəfərin 15,2  həkimlə, 47,5 orta tibb işçisi ilə təmin olunması deməkdir.

Muxtar respublikada uzun illər insanların qarşılaşdıqları problemlərdən biri onların tibbi yardımı yerlərdə ala bilməyib, hər bir müayinə və tibbi müdaxilə üçün Naxçıvan şəhərinə, başqa yerlərə getmək məcburiyyətində qalmaları olub.  Son illər bu problem tamamilə aradan qaldırılıb. Rayon mərkəzi və kənd sahə xəstəxanaları, həkim ambulatoriyaları, feldşer-mama məntəqələri müasir tələblər səviyyəsində qurulub, tibbi avadanlıqlarla təchiz edilib və həmin avadanlıqlarla işləyə biləcək kadrlar yetişib. Əminliklə demək olar ki, artıq vətəndaşların hər kənddə, rayon mərkəzlərində keyfiyyətli tibbi yardım alması mümkündür.

Əhaliyə göstərilən səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsində icbari tibbi sığortanın tətbiqi mühüm şərtdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 18 mart tarixli “Naxçıvan Muxtar Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı muxtar respublikada icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəlməsi, hər bir vətəndaş üçün əlçatan olması baxımından mühüm əhəmiyyət daşıyır. İcbari tibbi sığorta sisteminin tətbiqinə uyğun olaraq publik hüquqi şəxs statusu alan müəssisələrdə işçilərin əmək haqqı 50% artırılıb. Həmin müəssisələrdə icbari tibbi sığortanın və tibbi xidmətin fəaliyyətini təmin etmək üçün cari təmir və yenidənqurma işləri aparılıb, ehtiyac olan avadanlıqlarla təmin edilib və sığorta üçün vacib olan nümunəvi tibbi informasiya sistemi – kompüter proqram təminatı yaradılıb. Rayonlarda həyata keçirilməsi mümkün olan müayinə və müalicələr vətəndaşlara tibbi sığorta hesabına həyata keçirilib, tətbiq olunması mümkün olmayan xidmətlərin siyahısı dəqiqləşdirilib, bu siyahıya uyğun xidmətlər göstərəcək tibb müəssisələri müəyyənləşdirilib. Ehtiyacı olan xəstələrin müayinə və müalicələri göndərişlə təmin olunaraq həmin müəssisələrdə tibbi sığorta hesabına həyata keçirilir. 2020-ci ildə muxtar respublikada 215 minə yaxın sakin icbari tibbi sığortadan istifadə edib.

Muxtar respublikanın səhiyyə müəssisələrində xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstələrin aktiv müalicəyə cəlb edilməsi, eləcə də xəstələrin dövlət vəsaiti hesabına ixtisaslaşdırılmış müalicə ilə təminatı daim nəzarətdə saxlanılır. Həyata keçirilən tədbirlər nəticəsində şəkərli diabet xəstələrinin dərman və özünə nəzarət vasitələri ilə təminatı xeyli yaxşılaşıb. Son illər strateji əhəmiyyətli məsələ kimi qan xidmətinin inkişafına da xüsusi diqqət yetirilir. Hazırda Naxçıvan Muxtar Respublika Xəstəxanasında mövcud şərait Mərkəzi Qan Bankının fəaliyyətinə geniş imkanlar açıb. Qan Bankında qan komponentlərinin alınması və uzun müddət saxlanılması üçün hər bir şərait yaradılmış, talassemiya və hemofiliyalı xəstələrin hərtərəfli müalicəsi təmin edilmişdir.

Səhiyyə sistemində  o zaman uğurlar qazanılır ki, xəstəxanalar müasir avadanlıqlar və təcili yardım avtomobilləri ilə təmin olunur. Naxçıvan Muxtar Respublikasının səhiyyə müəssisələrinə təcili tibbi yardım avtomobillərinin təqdim olunması bu xidmətin təşkilində keyfiyyətcə yeni mərhələ açıb. Hazırda səhiyyə müəssisələrimizdə dünyanın aparıcı şirkətlərinin istehsalı olan müasir avadanlıqlarla müayinə və müalicə işləri aparılır, təcili yardım, elektrokardioqrafiya, exokardioqrafiya, EKQ-tredmil, rentgen, çoxprofilli diaqnostika, hemodializ, cərrahiyyə, kardiocərrahiyyə şöbələri, çoxsaylı aparat və avtoanalizatorla təchiz edilmiş laboratoriyalar, qan bankı, pulmonoloji, stomatoloji, burun-qulaq-boğaz, oftalmoloji, terapevtik, ginekoloji kabinələr fəaliyyət göstərir. Şöbə və kabinələrdə qurulmuş müasir aparat və cihazların köməkliyi ilə insan orqanizminin  hərtərəfli müayinəsi mümkündür.

Cəmiyyətdə sağlam  nəslin formalaşmasında  uşaqların sağlam böyüməsi mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə muxtar respublikada uşaqlara  tibbi xidmətlərin keyfiyyətinin artırılması və müasir tələblərə uyğunlaşdırılması üçün  ardıcıl tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq publik hüquqi şəxs statuslu Şərur və Ordubad rayon uşaq xəstəxanalarının  yaradılması gələcəyimiz olan uşaqların sağlamlığının qorunması istiqamətində mühüm tədbirlərdən biridir.

Muxtar respublikada dispanserizasiya işini yaxşılaşdırmaq, əhalini kütləvi müayinələrdən keçirmək, ucqar kəndlərdə və obalarda əhaliyə yüksəkixtisaslı səhiyyə xidmətləri göstərmək məqsədilə yaradılmış həkim briqadaları hazırda fəaliyyətlərini davam etdirir, yerlərdə əhalinin müayinə-müalicə işi ilə məşğul olurlar. Qadınlar  arasında süd vəzi xərçəngini vaxtında aşkarlamaq üçün profilaktik kütləvi müayinələr, ilkin vərəm xəstəliyinin vaxtında aşkarlanması məqsədilə kiçikyaşlı uşaqlar arasında tuberkulin və diaskin test sınağı, yuxarı sinif şagirdləri və müəllimlər arasında flüoroqrafiya müayinəsi və məktəbyaşlı uşaqların, tələbələrin kütləvi oftalmoloji, stomatoloji, ortopedik, endokrinoloji və digər müayinələri davam etdirilir. Reproduktiv sağlamlıq və ailə planlaşdırılması nəticəsində ana və uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə müsbət dinamika müşahidə olunur. Sağlam cəmiyyətin formalaşdırılması istiqamətində aparılan uğurlu siyasət əhalinin demoqrafik göstəricilərinin yüksəldilməsinə müsbət təsir göstərir.

“Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il 15 iyul tarixli Fərmanına uyğun olaraq səhiyyə sistemində elektron xidmətləri təkmilləşdirilir. Tibbi-Sosial Ekspertiza Komissiyasına göndərişlər  onlayn sistemə  keçirilib. Bu sistem əlilliyin qiymətləndirilməsinin vətəndaş-ekspert təması olmadan, elektron müstəvidə və şəxsin kimliyi, göndəriş verən təşkilatın hansı səhiyyə qurumu olduğu bilinmədən anonim olaraq, xəstəliyi əks etdirən tibbi sənədlər əsasında şəffaf şəkildə həyata keçirilməsinə imkan yaradır. Gənc ailələrdə səhiyyə maarifi işi, hamilə qadınların və uşaqların patronaj xidməti, yeni doğulmuşların vaxtında qeydiyyata alınması, uşaqların Elektron sağlamlıq kartları ilə təminatı və ondan istifadə qaydasının öyrədilməsi məqsədi ilə maarifləndirici tədbirlərin  davamlı aparılmasına nail olunmuşdur.

Ötən ildən dünyanın bir çox ölkələrində böyük təhlükəyə çevrilən koronavirus infeksiyasının muxtar respublika ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həlli Naxçıvan səhiyyəsinin prioritet istiqaməti olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” 2020-ci il 24 mart tarixli Fərmanına əsasən muxtar respublikada koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə  Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılmışdır. Virusla mübarizə məqsədilə səhiyyə müəssisələri, Polimer Zəncirvari Reaksiya laboratoriyası müasir tibbi avadanlıqlar, dərman və ləvazimatlar, həmçinin dezinfeksiya məhlulları ilə təmin olunmuşdur.

“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na müvafiq olaraq muxtar respublikada da vaksinasiya  ardıcıl şəkildə davam etdirilir. Risk qrupuna daxil olan tibb işçilərinə və insanlara, uşaq və yeniyetmə müəssisələrində çalışan şəxslərə  peyvəndlər vurulur. Dəmir yolu və avtovağzallarda, topdan və pərakəndə satış məntəqələrində, sinif otaqlarında, idman zallarında, bufet və yeməkxanalarda, dəhlizlərdə, sanitar qovşaqlarında və digər yerlərdə müntəzəm olaraq dezinfeksiya  və dezinseksiya işləri təşkil olunur. İctimai iaşə, ticarət, su təchizatı, sərhəd-gömrük məntəqələrində profilaktik sağlamlaşdırıcı əks-epidemik tədbirlər həyata keçirilir. Yaradılan şəraitin və görülən qabaqlayıcı tədbirlərin nəticəsidir ki, muxtar respublikada məhdud çərçivədə rast gəlinən virus dərhal lokallaşdırılaraq geniş yayılmasının qarşısı alınır.

Şəhid ailələrinə, Vətən müharibəsi qazilərinə və onların ailə üzvlərinə səhiyyə xidmətinin göstərilməsi, o cümlədən tibbi yardım, ixtisaslı həkimlər tərəfindən müayinə və müalicələrin aparılması, həmçinin ehtiyac olan dərman preparatları ilə ödənişsiz təmin edilməsi, əlilliyin təyin olunması üçün lazımi tibbi sənədlərin hazırlanması və digər xidmətlərin yüksək  səviyyədə  təmin  edilməsi  hazırda davam etdirilir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Hansı cəmiyyətdə sağlam insan çoxdursa, o cəmiyyətdə inkişaf davamlı olur. Bu səbəbdən də insan sağlamlığı dövlətimizin qarşısında duran əsas vəzifələrdəndir. Dövlət bu işdə üzərinə düşən vəzifələri yerinə yetirir, müasir səhiyyə müəssisələri tikərək əhalinin istifadəsinə verir. Səhiyyə işçiləri isə yaradılan şəraitdən səmərəli istifadə etməli, sakinlərə nümunəvi xidmət       göstərməlidirlər”.

Səhiyyə müəssisələrinin tibbi kadrlara olan tələbatının ödənilməsi sahəsində tədbirlər davam etdirilir. Naxçıvan Dövlət Universitetində Tibb fakültəsi üçün korpusun, Naxçıvan Tibb Kollecinin müasir tələblər səviyyəsində yenidən qurulması, ixtisasların sayının artırılması səhiyyə müəssisələrinin ixtisaslı tibbi kadrlarla təminatına imkan verir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların  müvafiq təşkilatlara hamiliyə verilməsi”  haqqında 27 iyul 2015-ci il tarixli Sərəncamına uyğun olaraq  Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsi və Tibb Kolleci Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinə hamiliyə  verilib. Həyata keçirilən tədbirlər nəticəsində Səhiyyə Nazirliyi ilə bu təhsil müəssisələri arasında əlaqələr daha da genişlənib. Görülən işlərin nəticəsi olaraq son illər Naxçıvan səhiyyəsində müxtəlif ixtisaslar üzrə  yüksəkixtisaslı gənc həkimlərin sayı xeyli artıb. Muxtar respublikanın səhiyyə müəssisələrinin əksəriyyətinə gənc kadrların  rəhbərlik etməsi onlara göstərilən inam və etimadın göstəricisidir. Tibb mütəxəssislərinin bilik və bacarıqlarının yüksəldilməsi, ixtisas səviyyəsinin artırılması üçün müvafiq mexanizmlər yaradılır, onlar Bakı şəhəri və  Türkiyə Respublikasının müxtəlif klinika və xəstəxanalarına təkmilləşmə və təcrübə kurslarına göndərililir, digər xarici ölkələrdə təlimlər təşkil edilir. Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin sertifikasiyasının aparılması, səhiyyə işçilərinin müasir elmi biliklərinin artırılması üçün müxtəlif profilli elmi-praktik seminar və konfransların təşkili diqqət mərkəzində saxlanılır. İstər tibb fakültəsinin, istərsə də tibb kollecinin məzunları bu gün muxtar respublikada ən mürəkkəb cərrahi əməliyyatların aparılmasında iştirak edirlər. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən Bakı şəhərində və xarici ölkələrdə fəaliyyət göstərən müxtəlif klinikalardan yüksək ixtisaslı həkimlərin və kollektivlərin muxtar respublikaya dəvət olunması və Naxçıvan həkimləri ilə birgə mürəkkəb cərrahi əməliyatlar aparmaları diqqətdə saxlanılır. Sosial layihələr çərçivəsində yüksəkixtisaslı həkim heyəti tərəfindən aparılan cərrahi əməliyyatlar yerli həkimlərin peşə bacarıqlarının yüksəldilməsində mühüm rol oynayır. Hazırda yerli həkim kadrlar tərəfindən müstəqil şəkildə TUR, açıq ürək, ürək damarlarına stend qoyulması, laparoskopik, LOR, göz və digər mürəkkəb cərrahiyyə əməliyyatları aparılmasına nail olunur. Artıq mürəkkəb cərrahi əməliyyatların da Naxçıvanda həyata keçirilməsi əhalinin müayinə və müalicə üçün başqa ölkələrə üz tutmasının qarşısını alıb. Aztəminatlı ailələrdən olan xəstələrə yönəldilmiş xüsusi sağlamlıq layihələri çərçivəsində açıq ürək əməliyyatları, koronarangioqrafiya manipulyasiyası, ürək damarlarına stend qoyulması, müxtəlif göz və digər əməliyyatların aparılması uğurla davam etdirilir.

Naxçıvanda səhiyyə turizmi də diqqətdə saxlanılan məsələlərdəndir. Duzdağ Fizioterapiya Mərkəzinin, Darıdağ Arsenli Su Müalicəxanasının və Ağbulaq İstirahət Mərkəzinin imkanları hesabına təşkil olunan müalicə turizmi xidmətləri muxtar respublikanın ümumi turizm potensialının mühüm bir hissəsini təşkil edir. Duzdağ Fizioterapiya Mərkəzi hər il orta hesabla 4 min xəstə qəbul edir. Mərkəzdə ölkəmizin bir çox yerlərindən, o cümlədən Türkiyə, Gürcüstan, Ukrayna, İran, Rusiya, Tacikistan, Qazaxıstan, Almaniya, Hollandiya, Avstriya və İngiltərə kimi xarici ölkələrdən gələn insanların yuxarı tənəffüs yolları xəstəlikləri müalicə olunur. Darıdağ Arsenli Su Müalicə və İstirahət Kompleksinin inşası da səhiyyə turizminin inkişafında yeni mərhələnin əsasını qoyacaqdır.

Muxtar respublikamızda aparılan genişmiqyaslı islahatlar göstərir ki, səhiyyə sistemi sürətlə inkişaf edir, müasirləşir. Tikilən, qurulan nə varsa, əhalinin sağlamlığının qorunmasına, orta ömür müddətinin uzanmasına xidmət edir. Muxtar respublikanın tibb işçiləri bundan sonra da səhiyyənin inkişafına, əhalinin sağlamlığının qorunmasına öz töhfələrini verəcəklər.

 

 Naxçıvan Muxtar Respublikası

Səhiyyə Nazirliyinin mətbuat xidməti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: