Muxtar respublikada praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesi davam etdirilir. İyulun 27-dən start götürən sertifikasiya imtahanlarının növbəti mərhələsində orta tibb işçiləri 3 gün ərzində bilik və bacarıqlarını sınayıblar.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən NUHÇIXAN-a bildirilib ki, nazirlikdə test imtahanı üçün suallar əvvəlcədən tərtib edilərək kompyuterə yerləşdirilib. Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin Naxçıvan Muxtar Respublikası Regional Bölməsinin nümayəndəsinin iştirakı ilə test bankından hər variant üzrə 60 sual seçilərək imtahanda iştirak edən orta tibb işçilərinə təqdim olunub, eyni zamanda yazılı olmaqla, müsahibə mərhələsinin də sualları paylanılıb. Cavablandırma qaydaları izah edilib. Üç saat davam edən imtahanın gedişinə imtahan-nəzarət komissiyası tərəfindən nəzarət olunub. İmtahan suallarının test hissəsi üzrə cavab kartları kodlaşdırılıb, onların yoxlanması kompyuterlə, klinik hissəsi üzrə cavabların qiymətləndirilməsi isə mütəxəssislərin iştirakı ilə aparılıb.
İmtahanlarda Şərur, Babək, Kəngərli və Culfa rayon mərkəzi xəstəxanalarının, kənd sahə xəstəxanalarının, həkim ambulatoriyalarının, feldşer-mama məntəqələrinin 74 orta tibb işçisindən 69-u iştirak edib. İmtahan suallarının test hissəsi üzrə 40 və ya daha çox, klinik tapşırıq hissəsi üzrə isə 16 və ya daha çox bal toplamış 35 orta tibb işçisi sertifikasiyadan keçərək 5 il müddətində müvafiq ixtisas üzrə praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ qazanıb. 34 nəfər isə zəruri həddi keçə bilməyib.
Sertifikatlaşdırma imtahanlarında uğurlu nəticə əldə edə bilməyən orta tibb işçiləri ixtisaslarına uyğun hazırlıq kurslarına cəlb olunacaqlar. Onlar altı ay müddətində iş yerləri saxlanılmaqla müvafiq peşə hazırlığı keçəcək, sonra yenidən sertifikatlaşdırma imtahanlarında iştirak edəcəklər.