Ən gözəl qızısan sən təbiətin - FOTOLAR

A- A A+

Ölməz Səməd Vurğun bir şeirində təbiətin ən gözəl fəslini, baharı belə vəsf edirdi: 

Bahar, istəklimsən başdan-binadan,

Ən gözəl qızısan sən təbiətin.

Xoşbəxt yaranmısan xoşbəxt anadan,

Gözünün odusan şeirin, sənətin.

Yenə yazdır, təbiətə işvə-naz gəlib. Şairin könlü pərvazlanıb, söz adamlarının qəlbi cuşa gəlib. Qələm adamları, fırça ustaları ilk bahar çiçəklərini, bahar mənzərələrini vəsf edir.

Havadan, sudan, çiçəklərdən, insanların simasındakı təbəssümdən də bahar ətri gəlir. Ən ağır xəstəyə də dərmandır bahar havası. İnanmıram ki, baharı sevməyən insan ola. Arxların başını bəzəyən yarpızların, yenicə yaşıllaşan çəmənlərə bəzək vuran bənövşələrin, çiçəklərin rəngi, ətri ilə sevmişik baharı. Bahar adı qoymuşuq övladlarımıza. Ömrün cavan çağlarını bahara bənzətmişik. Bahar nəğmələri oxumuşuq can-dildən.

Nədənsə baharda insan təbiətin qoynunda daha çox vaxt keçirmək, ana yurdun hər dağını, dərəsini, oylağını, kənd-kəsəyini gəzmək, təbiətin min cür naz-nemətindən yığmaq istəyir.

Budur gəldi bahar fəsli,

Dağların lala vaxtıdır.

Açılıbdır qızılgüllər,

Bülbülün bala vaxtıdır, -deyir Aşıq Abbas Tufarqanlı bir qoşmasında…

Bu baharda yenə leyləklər, bülbüllər təbiətin əl çatmayan, ün yetməyən nöqtələrində, qaranquşlar eyvanlarda yuva qurub, keşik çəkir baharda doğulacaq balalarına.

Səhərin erkən saatlarında bülbülün xoş avazı şirin bahar yuxusundan oyadır bizi. Sonra həyətə çıxıb budaqdan budağa qonan sərçələrin ən gözəl nəğməsini eşidirik.

Qocaman çinarların, salxım söyüdlərin yarpaqları günbəgün boy atır. Beləcə yaşıl yarpaq ağuşuna qərq olan ağaclar da özünün bahar ömrünü yaşayır. Hərdən dağlardan soyuq küləklər də əsir. Ancaq günəş ilıq nəfəsi ilə ana torpağa sığalını çəkir. Bahar mehi alma və alça  ağaclarının ağ, çəhrayı çiçəklərinin ətrini hər yana yayır. İnsanlar kimi zəhmətkeş bal arılarının da qayğıları çoxalıb. Yazda çiçəkdən çiçəyə qonub şirə çəkmək kimi bir missiyanı yerinə yetirən bu həşəratlar da öz səsləri ilə təbiətin sükutunu pozub sanki. Haradasa uzaqlarda dağ döşünə səpələnən qoyun-quzu sürülərinin, çobanların səsi haray salır dağlara- daşlara, yalçın qayalara. Yenə qoynu səfalıdır təbiətin, yenə üzü gülür dağların, bağların.

Həyətlərdə, bağlarda bir qələbəlik, insanların simasında bir bahar ovqatı var. Ürəklər də bahar havası ilə dolub. İnsanoğluna bir işgüzarlıq gətirib baharın gəlişi. Çörəyini torpaqdan çıxaran, əllərindən, üz-gözündən zəhmət yağan adamlar bolluq həvəsi ilə ana tarlanın görüşünə gəlib, bərəkətli çöllərdə həyat qaynayır. Səsi uzaqdan eşidilən traktorların şumladığı  torpağın  sinəsinə dən düşür. Təmizlənmiş arx-bərələrə yol alan sular, yaz yağışları əkilən toxumlara həyat verir. Bir müddət sonra qara torpaq gülüstana dönəcək və əmək adamlarını öz səxavəti ilə sevindirəcək. 

Təbiət yaşıl xalısını toxuyacaq yenə. O xalının ən gözəl naxışları bahar çiçəkləri olacaq.

Təbiətin qeyri-adi bir nizamı var. Həyat elə bu nizamla qurulub. Fəsillər də nizamla bir göz qırpımında bir-birini əvəz edir. Ancaq baharı təbiətin ən gözəl qızı adlandıran şair heç də yanılmayıb. Yaşıl donu, rəngbərəng çiçəkləri, təbii nemətləri, insana bəxş etdiyi xoş ovqatla təbiətin ən gözəl qızıdır bahar.

Başqa bir ovqatda qarşıladıq bu baharı. Qarabağlı bir bahar gəldi ömrümüzə, elimizə. Sevincliyik, 30 il sonra baharına qovuşan cənnət Qarabağımızın da bahar libasını görəcəyik.

                                                              Türkanə Əmoyeva

                                                                  “NUHÇIXAN

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: