Naxçıvan Televiziyasına yeni efir və çəkiliş avadanlıqları təqdim olunub

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, aprelin 10-da Naxçıvan Televiziyasında yeni çəkiliş və efir avadanlıqlarının təqdimatı olub.

“Naxçıvan Muxtar Respubikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri  Sahil Tahirli bildirib ki, son illər teleradionun maddi-texniki bazası xeyli möhkəmləndirilib, 2013-2020-ci illərdə 500 min manat dəyərində yayım və çəkiliş avadanlıqları alınıb. Bu tədbirlərin davamı kimi, daha 70 min manat dəyərində ən müasir efir və çəkiliş avadanlıqları teleradionun istifadəsinə verilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində alınan və tapşırığı ilə təqdimatı keçirilən avadanlıqlar texniki və yaradıcı işin keyfiyyətini daha da yüksəldəcək.

Sonra “AS-IT And Broadcasting Solutions” MMC-nin direktoru Elçin Əskərov və Cəmiyyətin Kompüter şöbəsinin müdiri Elçin Məmmədov yeni alınan avadanlıqların funksiyaları və keyfiyyəti haqqında ətraflı məlumat veriblər. Bildirilib ki, teleradioya ümumilikdə 12 adda 22 yeni avadanlıq alınıb. Televiziya montaj və yayım sistemlərinin işini idarə edən və efirə rahat çıxışa imkan verən efirə çıxış kompüteri, lisenziyalı proqramla təchiz edilmiş montaj kompüteri, Full HD Monitorlar, ötürücü və siqnaldaşıyıcı cihazlar, kamera yaddaş kartları və bateryalar, yaxa mikrofonları ən son texnologiyaya əsaslanır. 45 min manat dəyərində efirə çıxış kompüteri “Günaydın” səhər proqramının canlı yayımının təşkili üçün də mühüm əhəmiyyət daşıyır.

Naxçıvan teleradiosunun əməkdaşları yaradılan şəraitə görə, Ali Məclisin Sədrinə minnətdarlıqlarını bildirib, göstərilən qayğının müqabilində efir keyfiyyətinin daha da yüksəldiləcəyini vurğulayıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: