Yaz dövründə arılara qulluq

A- A A+

Arıçılıq iqtisadi cəhətdən, qida və müalicəvi əhəmiyyəti baxımından xeyirli və faydalı təsərrüfat sahəsidir. Azərbaycanda arıçılığın yem bazasını aran, dağətəyi və dağlıq ərazilərin bitki örtüyü təşkil edir. Muxtar respublikanın füsunkar təbiəti, bitki örtüyü, min bir rəngdə gül-çiçəyi, iqlim şəraiti, təmiz havası və digər amillər regionumuzda arıçılığın inkişafına geniş imkanlar yaradır.

Arılara qulluq 4 dövrə bölünür: erkən yaz dövrü, beçə dövrü, bal və ya məhsul dövrü, qış dövrü. Bu dövrlər bir-birindən kəskin surətdə fərqlənməsə də, bir-birinə təsir edir. Arıçının bu dövrlərdən hər hansı birini düzgün yerinə yetirməməsi növbəti dövrdə məhsuldarlığın aşağı düşməsi ilə nəticələnə bilər. Yaz fəsli arıların həyatında ən çətin mərhələdir. Yazın ilk günlərində arıçıların görəcəyi işlər həmin il üçün məhsuldarlığı müəyyən edir. Peşəkar bir arıçı yaz mövsümünə laqeyd yanaşmamalı, arıxanadakı mövcud problemləri vaxtında müəyyən etməlidir. Bununla da bal toplama mövsümündə yüksək məhsulun götürüləcəyinə əmin olmaq olar.  

Arı ailələri mart ayından başlayaraq xüsusi diqqət və qulluq tələb edir. Havaların dəyişkən keçməsi isə arı ailəsinin sürətli inkişafı üçün vacib olan nəsildəyişmə prosesini çətinləşdirir. Arı ailələrinə kömək məqsədilə arıçının yazda aşağıdakı zəruri işləri yerinə yetirməsi vacibdir.

Arı ailələri ilk dəfə kütləvi təmizləmə uçuşu edərkən, arıçı bütün ailələri diqqətlə müşahidə etməli, normal təmizləmə uçuşu etməyən ailələr qeyd olunmalı və yubanmadan səbəbi aydınlaşdırılmaqla bu ailələrə ilk yardım edilməlidir. Günəşli, sakit və havanın temperaturu +12 C-dən artıq olan günlərdə arıxanada ailələrə ilk baxış keçirilməli, hər bir pətək açılmalı, pətəyin quruluğu, ailənin gücü, ana arının varlığı, toxumlu və süfrəli çərçivələrin sayı, yem ehtiyatının miqdarı yoxlanılmalıdır. Bir arı ailəsinin həyatda qalması üçün ana arının olması şərtdir. Həmin günlərdə arılar sürətli bir şəkildə işləyərək yeşiyə çiçək tozu (polen) gətirərsə, bu ana arının varlığına işarədir. Əgər arılar polen gətirməzsə və pətəkdən qıraqda gəzərsə, ana arı böyük ehtimalla ölmüşdür. Ana arı itkisi olan arı ailəsi güc baxımından arıxanadakı ən zəif, lakin analı arı ailəsi ilə birləşdirilməlidir. Bu zaman ana arı qapaq altında olmalıdır. Analı ailənin anasız ailə pətəyinə köçürülməsi məsləhətdir. Yem ehtiyatı tükənən və ya normadan aşağı olan ailələrə yem ehtiyatı artıq ailələrdən ballı çərçivə və ya şəkər tozundan hazırlanmış və polivitaminlər qatılmış şərbətlə köməklik göstərilməlidir. Şərbətin ailələrə yem qabında verilməsi məsləhətdir. Bundan əlavə, ailələr keyfiyyətli isidicilərlə təmin edilməli, uçuş bacaları daraldılmalı, pətəklərin yaz yağışı ilə islanmasının qarşısı alınmalıdır. Quru, günəşli və küləksiz yerdə arıxana üçün keyfiyyətli su təminatına malik yerlər yaradılmalıdır. Bu, soyuq və küləkli günlərdə su daşıyan arıların işini asanlaşdırır və onların müxtəlif səbəblərdən məhv olma təhlükəsini azaldır.

Pətəkdəki arıların xəstəliyə tutulub-tutulmadığını da əyani yolla bilmək olar. Yeşikdəki ölü arı sayısı normadan çoxdursa və pətəkdə yetəri qədər bal varsa, xəstəlikdən şübhələnmək lazımdır. Yerlərdə qanadsız arılar varsa, varroa xəstəliyi var deməkdir. Yerlərdə və uçuş taxtası ətrafında kiçik qruplar varsa və arılar uçmursa, nozema xəstəliyindən şübhələnmək lazımdır. Arılar yeşikdən uçuş taxtasına mumya görünüşlü körpə arılar aparırsa, bu ailədə kirəcləşmə (daşlaşma) xəstəliyinin göstəricisidir.

Arıların çölə çıxdıqdan sonra bir neçə gün ərzində tullantı buraxmaları normaldır. Lakin uzun müddət uçuş taxtası və arı yeşiyinin qarşısı çirklənərsə, nozematoz xəstəliyindən şübhə edilməlidir. Arıçılıqda məhsul istehsalına müsbət təsir edən əsas amillərdən biri yaz dövründə arı ailələrinə qulluğun düzgün aparılmasıdır. Bu mövsümdə arıçıların arı pətəklərində görəcəyi işlər bol məhsulun əldə olunması baxımından əhəmiyyətlidir.

                                                           Gülgəz Məmmədova

                                                   Naxçıvan Muxtar Respublikası

                                       Elmi-Tədqiqat Baytarlıq Stansiyasının əməkdaşı

                                                                  “Arazın səsi” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: