Babək şəhərində məhəllədaxili yollar abadlaşdırılır

A- A A+

Naxçıvanda aparılan genişmiqyaslı quruculuq işləri zamanı yol tikintisinə xüsusi diqqət yetirilir. Son illər muxtar respublikada müasir standartlara uyğun avtomobil yolları salınıb, mövcud yolnəqliyyat kompleksi təkmilləşdirilib, yeni körpülər tikilib. Muxtar respublikada müasir avadanlıqlarla təmin olunmuş yeni asfalt-beton zavodları, qum-çınqıl karxanaları və bitum anbarları istifadəyə verilib, yol təsərrüfatının yenidən qurulmasında əsas amil olan keyfiyyətli asfalt istehsalına nail olunub.

Vaxtilə dağ və sərhəd kəndlərinin kələ-kötür yollarını qət edib mənzil başına çatmaq müşkül məsələyə çevrilmişdi. Amma bu gün muxtar respublikanın bütün bölgələrində olduğu kimi, Babək rayonunun ən ucqar yaşayış məntəqələri olan Aşağı və Yuxarı Buzqov, Gərməçataq, Payız kəndlərində belə müasir yol infrastrukturu yaradılıb. Təkcə ötən il rayonun Nəcəfəlidizə kəndində aparılan kompleks quruculuq tədbirləri zamanı 5 kilometrlik avtomobil yolu yenidən qurulub, asfalt örtük salınıb. Eyni zamanda 1,1 kilometr uzunluğundakı kənddaxili yollara qum-çınqıl qatı verilib. Ümumiyyətlə, 2020-ci ildə Yol-Təmir İstismar İdarəsi tərəfindən rayon ərazisində 350 min manatdan çox iş icra edilib. İnsanların rahatlığına xidmət edən bu tədbirlər cari ildə də davam etdirilir.

Hazırda Babək Rayon Yol-Təmir İstismar İdarəsi tərəfindən Babək şəhərinin məhəllələrində yollar abadlaşdırılır. Bu günə kimi şəhərin 5 kilometrlik daxili yolları hamarlandıqdan sonra qum-çınqıl qatı verilib. Layihə üzrə 38 kilometrlik məhəllədaxili yollar abadlaşdırılacaq.

Faiq Allahverdiyev

“Şərqin səhəri” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: