“Məktəblilərin dram müsabiqəsi”nin qalibləri mükafatlandırılıb

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, muxtar respublikada məktəblilər arasında keçirilən dram müsabiqəsinə yekun vurulub.

Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov bildirilib ki, muxtar respublikada təhsil müəssisələrinin infrastrukturu yenilənib, maddi-tədris bazası möhkəmləndirilib, məktəb kitabxanaları 3 milyona yaxın dərslik,  600 mindən çox latın qrafikası ilə çap olunmuş bədii ədəbiyyatla təmin edilib.

Nazir qeyd edib ki, şagirdlərin dünyagörüşünün artırılması istiqamətində davamlı tədbirlər görülür. Bu istiqamətdə keçirilən tədbirlərdən biri də “Məktəblilərin dram müsabiqəsi”dir. 2021-ci il yanvarın 11-dən başlayaraq 3 mərhələdə keçirilən “Məktəblilərin dram müsabiqəsi”ndə 170 məktəb üzrə 1400-ə yaxın şagird iştirak edib. Əsərlərdən səhnələşdirilən parçalar münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova  qeyd edib ki, son illər muxtar respublikada teatrların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib, teatr binaları yenidən qurulub və ya əsaslı təmir olunaraq istifadəyə verilib. Hazırda muxtar respublikada fəaliyyət göstərən Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı, Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı, Naxçıvan Dövlət Uşaq Teatrı, bögələrdə fəaliyyət göstərən 5 xalq teatrı tamaşaçıların,o cümlədən gənclərin asudə vaxtlarının mənalı təşkilində əhəmiyyətli rol oynayır.

Nazir vurğulayıb ki, Naxçıvan Muxtar Respublikası Təhsil və Mədəniyyət Nazirliklərinin birgə təşkilatçılığı ilə orta məktəblərin V-Xl sinif şagirdləri arasında keçirilən “Məktəblilərin dram müsabiqəsi” də şagirdlərin kitab mütaliəsinə marağının atmasına, onların bədii-estetik zövqünün və bədii qiraət bacarığının formalaşmasına, muxtar diyarımızda teatr sənətinə olan marağın güclənməsinə dəyərli töhfə verəcəkdir.

Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Əliyev, muxtar respublikada şagirdlərin mütaliəyə marağının artırılması məqsədilə keçirilən ədəbi-bədii görüşlərin, tamaşa və müsabiqələrin əhəmiyyətini vurğulayıb.

Qeyd edək ki,“Məktəblilərin dram müsabiqəsi”ndə Naxçıvan Muxtar Respublikası Ekoloji Tərbiyə Mərkəzinin dərnək üzvlərinin hazırladığı Şəhid Polad Həşimovun əziz xatirəsinə həsr olunmuş səhnəcik 3-cü, Heydər Əliyev adına Hərbi Liseyin kursantlarının hazırladığı Mirvarid Dilbazinin “Xocalı Fəryadı” əsəri 2-ci, Culfa rayon Qızılca kənd tam orta məktəbin şagirdlərinin hazırladığı Nəcəf bəy Vəzirovun “Müsibəti Fəxrəddin” əsəri isə 1-ci yerə layiq görülüb.

Qaliblər təşkilatçılar tərəfindən plaket və oxunması zəruri olan kitablarla mükafatlandırılıblar. Həmçinin müsabiqə müddətində aktyorluq bacarığı ilə fərqlənən 14 şagirdə mükafatlar təqdim edilib.

Sonra “Məktəblilərin dram müsabiqəsi”nin seçim mərhələləri ilə bağlı hazırlanan videoçarx təqdim edilib.

Tədbirin sonunda müsabiqənin qalibi olan məktəblər hazırladıqları səhnəcikləri təqdim ediblər .

Adilə Səfərova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: