Muxtar respublikanın qədim diyarı olan Kəngərli özünün zəngin tarixi, milli-mənəvi dəyərləri, adət-ənənələri ilə yanaşı, həm də çoxçeşidli, bir-birindən gözəl mətbəxi, milli kulinariya nümunələri ilə diqqət çəkir. Bu qədim yurd yerində ta əski vaxtlardan bəri dadı, tamı ilə damaqlarda iz buraxan, hər biri əsl süfrə bəzəyi olan gözəl yeməklər hazırlanır, bu gün də davam etdirilən bu ənənə ilə ulularımızın mətbəx mədəniyyəti yüksək səviyyədə nümayiş etdirilir.
Çeşidi və dadı ilə diqqət çəkən Kəngərli mətbəxi daha çox soyuq qış günlərində hazırlanan yeməklər və isti yay günlərinə məxsus nümunələrlə zəngindir. Bu qədim yurd yerinin mətbəxi öz zənginliyini daha çox isti iqlimin bu bölgədə hakim olmasından sonra buranın təbiətində bitən və öz müalicəvi əhəmiyyəti ilə seçilən yabanı bitkilərdən hazırlanan nümunələrdə göstərir. Bu nümunələr içərisində, əlbəttə, kətə xüsusi yer tutur.
Hazırlanma qaydası çox asan olan Kəngərli kətəsi təbiətdə bitən şomu, quşəppəyi, salmanca, qazayağı, mələçöyüd, quzuqulağı və sair yabanı bitkilərdən, eyni zamanda həyətyanı ərazilərdə becərilən qarışıq göyərtilərdən, keşniş, şüyüd, ispanaqdan hazırlanır.
Qeyd edək ki, Kəngərli kətəsinin hazırlanması üç mərhələdən ibarətdir. Xəmirin hazırlanması ilkin mərhələ hesab edilir. Bu zaman xəmir adi qaydada suya duz, maya və un əlavə edilərək yoğrulur, xəmir gəldikdən sonra (el arasında buna qıcqırtma deyilir) orta boyda kündələr hazırlanır. Kətə bişirmənin ikinci mərhələsi isə göyərtilərin hazır vəziyyətə gətirilməsindən ibarətdir. Bu zaman istər ev şəraitində becərilən, istərsə də yabanı bitkilərdən olsun, fərqi yoxdur, əvvəlcə yuyulur, incə-incə doğranır, duz və istiot vurulur, bəzi sulu bitkilərin ovularaq suyu çıxarılır. Üçüncü mərhələdə isə kətənin hazır vəziyyətə gətirilib bişirilmə prosesinə başlanılır. Əvvəlcədən hazırlanan kündələr oxlovla yayılır, üzərinə göyərtilər qoyulur, sonra bükülür. Bundan sonra həmin kətələr sobada bişirilməyə qoyulur, daha çox hallarda isə təndirə yapılır. Çox hallarda isti-isti yeyilən kətələrin içərisinə ev kərəsi, yaxud da xama qoyularaq qəbul edilir.
Kəngərli rayonunda hazırlanan kətələr süfrəyə təqdim edilmə baxımından da olduqca maraq doğurur. Təbiətin oyanması ilə burada bitən bitkilərdən hazırlanan kətə eyni ilə isti günlərdə içilən ayranla, kətə kimi yabanı bitkilərdən və ev şəraitində becərilən göyərtilərdən hazırlanan dovğa, qatıq aşı ilə birlikdə süfrələrə gətirilir, təqdim olunur.
Bəli, milli mətbəximizin daha bir gözəl nümunəsi olan kətə bu gün nəinki Kəngərlidə, ümumilikdə muxtar respublikada xüsusilə yaz-yay aylarında ən çox üz tutulan milli kulinariya nümunələrindəndir. Onu da qeyd edək ki, bütün milli kulinariya nümunələrimiz kimi, kətə də bu gün muxtar respublikamızda qorunur, təbliğ edilir. Artıq bir neçə ildir keçirilməsi ənənəvi hal alan “Kətə” festivalı həm kətəyə, həm də bu mənada qədim mətbəx ənənələrinə sahib çıxıldığını, eynilə qorunub saxlandığını və yaşadıldığını göstərir.
“Yeni həyat” qəzeti