Meyvə bağlarında çiçək və meyvəciklərin tökülmə səbəbləri

A- A A+

Kənd təsərrüfatı bitkilərinin normal böyüyüb, inkişaf edərək yüksək məhsul verməsi üçün onlar lazım olan həyat amilləri ilə təmin edilməlidir. Bitkilərin həyat amillərinə, xüsusilə su və qida maddələrinə olan tələbatı əsasən torpaqdan ödənilir. Əlverişli əkin qatı quruluşuna malik olan torpaqlarda nəmliyin toplanması və qorunub saxlanması, habelə, qida maddələrinin səmərəli nisbətlərinin yaradılması mümkün olur. Əkin qatının quruluşunun yaxşılaşdırılması isə torpağın becərilməsi ilə həyata keçirilir. Ailə təsərrüfatı üzvləri, torpaq mülkiyyətçiləri bilməlidirlər ki, əkib becərdikləri sahələrdən yüksək məhsul götürülməsinin əsas səbəbi torpağa qida maddələrinin (mineral və üzvi gübrələr) normalara uyğun verilməsinin nəticəsidir. Çünki torpağa az mineral gübrə verəndə də məhsuldarlıq aşağı olur, normadan artıq olanda da. Ona görə də hər bir torpaq mülkiyyətçisi öz pay torpağının qida maddələrinə olan tələbatını öyrənmək üçün həmin sahələrdən əkindən qabaq torpaq nümunələri götürüb analiz etdirməlidirlər.

Muxtar respublikada əhalinin meyvə-tərəvəz məhsullarına olan tələbatını yerli məhsul istehsalı hesabına ödəmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 12 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” bu sahədə zəruri tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Dövlət Proqramının məqsədi meyvə-tərəvəzə olan tələbatın yerli istehsal hesabına ödənilməsi və ixrac imkanlarının artırılması, müvafiq sahədə ailə təsərrüfatlarının fəaliyyətinin genişləndirilməsi, müasir texnologiyalar əsasında yeni meyvə və tərəvəz emalı müəssisələrinin qurulmasıdır. Dövlət Proqramının icrası ilə əlaqədar bu sahədə xeyli işlər görülür, proqramda qarşıya qoyulan vəzifələr uğurla icra olunur. Bu sahəyə göstərilən hərtərəfli və davamlı dövlət dəstəyinin nəticəsidir ki, muxtar respublikamızda əvvəlki illərdən fərqli olaraq, meyvə bağları 5156,5 hektara, üzüm sahələri isə 1363 hektara çatdırılıb və gələcəkdə həmin sahələrin genişləndirilməsi üçün müvafiq tədbirlər həyata keçirilir.

Barverən meyvə bağlarından yüksək məhsul əldə etmək üçün diqqətçəkən sahələrdən ən başlıcası aqrotexniki tədbirlərin vaxtında və düzgün aparılmasıdırsa, ikinci səbəb meyvə bağlarında çiçək və meyvəciklərin tökülməsinin qarşısını almaq üçün müvafiq tədbirlərin vaxtında aparılmasıdır. Meyvə ağaclarının yaşından və bioloji xüsusiyyətlərindən asılı olaraq, onlar müxtəlif sayda çiçək əmələ gətirirlər. Adətən yaşlı meyvə ağacları 50 mindən 120 minə qədər çiçək açır, lakin çox hissəsi tökülür. Ağacda olan çiçəklərin təxminən 5-12 faizi məhsul verir ki, bu da 2500-5100-ə bərabərdir.

Meyvə ağaclarında açılan çiçəklərin çox hissəsinin tökülməsi əsasən bioloji və fizioloji proseslərin pozulması nəticəsində baş verir. Məlum olduğu kimi, meyvə-giləmeyvə ağacları bu ilin vegetasiya dövründə həm əmələ gətirdikləri məhsulun tam yetişməsi üçün, həm də gələn ilin məhsulu üçün çiçək tumurcuqları formalaşdırmaq məqsədilə daxili bioloji proseslərin aparıcı rolunu oynayır. Bu dövrdə isə bitki çoxlu miqdarda qida maddələri və rütubət tələb edir. Lakin tələb olunan şərait təmin olunmadıqda, çiçək tumurcuqları tam inkişaf edə bilmir. Çiçək saplağının meyvə budaqcığına və ya zoğa birləşdiyi yerdə bir neçə qatdan təşkil olunmaqla nazik divarlı ayırıcı hissə əmələ gəlir. Bu hissənin altında isə mantar toxuması yerləşir. Tam inkişaf edə bilməyən çiçək tumurcuqlarının bir hissəsi isə açılmır. Açılan çiçəklər mantar qatı zəif olduqda tökülür. Bundan əlavə, çiçək tumurcuqlarının xəstəlik və zərərvericilər tərəfindən zədələnməsi nəticəsində onlar qeyri-normal inkişaf etdiklərindən mayalanmayaraq tökülürlər. Eyni zamanda çiçəkləmə dövründə quru küləklərin əsməsi hesabına dişiciyin ağzı quruduğu üçün tozcuqları qəbul edə bilmir. Bunun nəticəsində isə tozlanmamış və mayalanmamış çiçəklərin tökülməsi baş verir.

Çiçəkləmə dövründə havanın nisbi rütubətinin həddindən çox olması da toz kisəciklərinin partlamasına və tozcuqların havaya qalxmasına mane olduğu üçün çiçəklər tozlana və mayalana bilmədiklərindən tökülməyə başlayır. Həmçinin nisbi rütubətin yüksək olması nəticəsində müxtəlif göbələk xəstəliklərinə tutulmuş çiçəklər də tökülürlər. Çiçəklərin tökülməsinin səbəblərindən biri də bağlarda tozlayıcı sortların olmamasıdır. Bunların qarşısının alınmasında əsas rol oynayan sahə meyvə bağlarını salan zaman müxtəlif meyvə sortlarının salınmasıdır. Eyni zamanda, meyvə bağları salınmamışdan əvvəl, həm də bağlar salındıqdan sonra bütün aqrotexniki tədbirlər keyfiyyətlə və optimal müddətdə aparılmalı və pestisidlərdən normalara uyğun aparmaqla düzgün istifadə olunmalıdır. Belə olduqda bitkilərin kökləri, gövdələri, yarpaqları karbohidratlarla tam təmin olunur, nəticədə çiçəklərin və meyvəciklərin tökülməsi azalır. Meyvə bağlarında çiçəklərin tökülməsinin əsas səbəblərindən biri də ağacların ayrı-ayrı zərərverici və xəstəliklər tərəfindən zədələnməsi ilə əlaqədardır. Respublikamızın ərazisində meyvə ağaclarında çiçəklərin tökülməsinə təsir edən zərərverici və xəstəliklər geniş yayılmışdır. Lakin bunlardan ən çox zərər verəni alma ballıcası, alma çiçəkyeyəni və buxarkadır. Onlar çiçəkləmədən qabaq tumurcuqları, çiçəkləmə vaxtı isə çiçək yatağını, çiçək saplağını zədələyərək onların inkişafını zəiflədir və yaxud dayandırır. Zədələnmiş qönçə və çiçəklər qonur rəng alaraq quruyur və tökülürlər.

Meyvə ağaclarının çiçəklərinin tökülməsinə səbəb olan xəstəliklərdən isə hazırda geniş yayılanı alma dəmgili və boz çürümə (monilial yanıq) xəstəliyidir. Alma dəmgili ilə sirayətlənmiş ağaclarda çiçəklərin inkişafı dayanır, onlar qonur rəng alaraq tökülürlər. Boz çürümə ilə sirayətlənmiş ağaclarda isə çiçəklər, yumurtalıqlar, bir illik zoğlar və təpə tumurcuqları əvvəlcə bozarır və sonra qonur rəng almaqla quruyub tökülürlər. Yuxarıda göstərilən zərərvericilərin qarşısını almaq məqsədilə çiçəkləmədən qabaq tumurcuqların şişməsi dövründə 0,05 faizli desis və ya 0,04 faizli karate və 100 litr suya 80 milliqram kral preparatlarının biri ilə çiləmə aparılmalıdır. Meyvələrdə geniş yayılan dəmgil xəstəliyinə, qara ləkəyə və moniliya yanığına qarşı sineb 0,4 faizli, saneb M-22 100 litr suya 300 qram, antracol VP 70-100 litr suya 300 qram qarışdırıb səpmək lazımdır.

İstər çiçəklərin, istərsə də meyvəciklərin tökülməsinin qarşısını almaq üçün aşağıdakı tədbirlərin aparılması mühüm əhəmiyyət kəsb edən şərtlərdən biridir. Bunun üçün meyvə bağı salınacaq sahələr, ilk növbədə, seçilməli, küləyin istiqaməti nəzərə alınmalı, çarpaz tozlanmanın getməsini təmin etmək üçün eyni növ meyvənin bir neçə sortu əkilməli, çiçəkləmə dövründə meyvə bağlarının müxtəlif yerlərində arı ailələri yerləşdirilməli, vegetasiya dövründə tələb olunan aqrotexniki tədbirlər vaxtında yerinə yetirilməli, yazda çiçəkləmədən əvvəl meyvə bağları suvarılmalı, çiçək tumurcuqlarının və çiçəklərin günəş şüaları ilə normal işıqlanmalarını təmin etmək üçün çətir daxilində lazım olmayan və qurumuş budaqlar kəsilməli, zərərverici və xəstəliklərə qarşı profilaktiki və qoruyucu mübarizə tədbirləri aparılmaqla, onların yayılmasının qarşısı alınmalı və tökülmüş meyvələr yığılaraq yandırılmalıdır. Göstərilən tədbirlərin vaxtında və keyfiyyətlə aparılması, meyvə bağlarında çiçəklərin və meyvəciklərin tökülməsinin qarşısını nəzərəçarpacaq dərəcədə alır, vahid sahədən yüksək məhsul götürülməsini təmin edir.

Xaliq Abbasov

Naxçıvan Muxtar Respublikası

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: