NUHÇIXAN xəbər verir ki, işğalçı ölkənin Lori və Ararat vilayətlərində etirazlar baş qaldırıb. Əhali yeni hökumətdən sosial problemlərinin həllini, əyalət rəhbərlərinin istefaya getməsini tələb edirlər.
Lori vilayətinin Katnadjur ərazisinin sakinləri rəsmi qurumlardan narazılıq edirlər. Narazı kütlə hökumətin yad münasibətindən qəzəbləndiklərini deyir. Bildirilir ki, mer Armen Papoyan qardaşları ilə əlbir olaraq 20 ilə yaxındır ki vilayəti talayır. Sakinlər, daha talançılığa göz yuma bilmədiklərini qeyd edirlər. 2 il əvvəl də Katnadjurda yaşayanlar ayağa qalxıblar. Bundan sonra yaşadıqları ərazidə infrastrukturun yenilənməsi üçün Lori vilayətinə 200 milyon dram vəsait ayrılıb. Bu pullar əsasən su probleminin həllinə yönəldilməli idi. Hətta bundan ötrü beynəlxalq sərmayedarlar da cəlb olunub. Nəticədə isə sakinlər yenə də susuzdurlar. Çünki, hər şey onların sakitləşməsinə hesablanıb. Ayrılan pullar isə mer tərəfindən mənimsənilib. Etirazçılar deyirlər ki, susuzluq onların problemlərinin yalnız cüzi hissəsidir. Lori hazırda əsl cəhənnəmi xatırladır. Əhali iş tapa bilmədiyi üçün xaricə köçür. Nəticədə vilayət sakinlərinin sayı son 20 ildə 41 min nəfər azalıb. Etirazçılardan biri deyir ki, mer onu 100 min dram müqabilində sürücü kimi işə götürüb, o isə bircə dəfə də olsun nə bu əmək haqqını alıb, nə də işə çıxıb. Sürücü ştatı üçün ayrılan pul da hər ay Armen Papoyanın cibinə gedir. Ararat rayonunun Ayqestan kəndinin sakinləri də əyalət merinin fəaliyyətindən narazılıq edirlər. Vətəndaşlar Sokrat Osepyanı büdcəni talamaqda günahlandırırlar. Onlar Respublika Partiyasının üzvü olan meri istefaya getməyə çağırıblar. Əks təqdirdə yolları bağlayacaq, oturaq mitinqə başlayacaqlarını deyirlər. Kəndlilərin sözlərinə görə, mer Ayqestanı işğal edib. O, dövlət büdcəsini talamaqla kifayətlənməyib. İşsizlik səbəbindən başqa ölkələrə köçüb gedən sakinlərin evlərini mənimsəyib. Osepyan isə bu iddiaları qəbul etmir. Mer bildirir ki, heç bir büdcədən söz gedə bilməz. Çünki, axırıncı dəfə 10 il əvvəl Ayqestan kəndi üçün 23 min dram ayrılıb. Kəndlilər isə merdən uşaq bağçasını Suriyadan gələn ermənilərə necə satdığı barəsində hesabat verməsini tələb ediblər. Etirazçılar mer istefaya getməyəcəyi təqdirdə yolları bağlamağı qərara alıblar. Ermənistan İstintaq xidmətinin sədri Sasun Xaçatıryan isə qalmaqallı açıqlama verib. O, Serj Sarkisyanın da istintaqa cəlb ediləcəyini deyib. Sitat: “Bu cinayət işi üzrə dəyərli dəlil təqdim edə biləcək, istənilən məmur sorğu-sual ediləcək. 2008-ci ilin martında ordu siyasi proseslərə müdaxilə edib. Bu əsas ittihamdır. Konstitusiyaya görə bu qanunsuzluqdur. Ordunun cəlb edilməsi yolverilməzdir. Yalnız hərbi vəziyyət elan olunduqdan sonra ordu proseslərə müdaxilə edə bilər. Hərbi vəziyyət isə elan olunmayıb”. Sitatın sonu. Xaçatıryan bildirib ki, Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan və sabiq baş nazir Ovik Abramyan 2008-ci ildə konstitusiya quruluşunu devirmək işi ilə əlaqədar ifadə verməyə çağırılacaqlar. Çox güman ki, onları da Köçəryanın taleyi gözləyir.