Miras qoyanın nəvə və nəticələri nə vaxt vərəsə olurlar?

A- A A+

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumatına görə Azərbaycan Respublikasının mülki qanunvericiliyinin tələbinə görə miras qoyanın nəvə və nəticələri öz valideynlərinin sağlığında vərəsə olmurlar. Ölənin nəvə-nəticələri o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsə olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Vərəsəlik hüququnun bu qaydada ötürülməsi təmsilçilik hüququ üzrə vərəsəlik adlanır. Bu ancaq miras qoyanın nəvə-nəticələrinin vərəsə olacaq valideynlərinin miras açılanadək ölməsi faktı ilə yaranan hüquqdur. Elə hesab edək ki, atanın üç oğlu vardır. Oğlanlardan biri ölür və onun iki qızı (atanın nəvələri) qalır. Bundan xeyli müddət keçmiş (məsələn, bir il) atanın özü ölür və bunun nəticəsində miras açılır. Belə halda miras qoyan atanın sağ olan iki oğlu vərəsəliyə çağırılırlar. Onlarla birlikdə, eyni vaxtda həm də ölən oğlun sağ olan iki qızı, yəni miras qoyan atanın iki qız nəvəsi də vərəsəliyə çağırılırlar. Həmin qızlar miras qoyan atanın vərəsəsi ola bilən öz ölmüş valideyninin (əlbəttə, o, ölməsəydi atanın ölümündən sonra vərəsə olacaqdı) vərəsəlik münasibətində yerini tutur, onu əvəz edir və buna görə də miras əmlakdan müəyyən pay (qanun üzrə vərəsəlik əsasında ölmüş valideynə düşəsi hissəyə bərabər olan pay) alırlar. Bununla onlar qanun üzrə vərəsə olurlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: