Naxçıvanda dərman bitkiləri istehsal olunur

A- A A+

Şahbuz şəhərində yerləşən “Farma Şah” Məhdud Məsuliyyətli Cəmiyyəti yabanı halda bitən qiymətli dərman bitkilərinin emalı və paketlənməsi ilə məşğul olur. 2009-cu ildə təsis edilən bu müəssisə 2010-cu ildən tam fəaliyyətə başlayıb. Yaradıldığı ilk ildə cəmi 4 adda – çobanyastığı, solmazçiçəyi, adaçayı, yarpız bitkilərini toplayıb çaylarını hazırlayan müəssisə ildən-ilə fəaliyyətini genişləndirib, 2014-cü ildə 40 çeşiddə, 24 adda istehsal olunan müəssisədə hazırda bu rəqəm 69 çeşidə, 55 ada çatdırılıb. Burada 7 daimi (sifarişlər çox olduqda 2-3 nəfər də müvəqqəti olaraq işə cəlb olunur), 20 mövsümi işçi çalışır.

Müəssisəni əsas xammalla rayon sakinləri təmin edirlər. Onlar dağlardan, çəmənlərdən hər birinin öz dərilmə vaxtında topladıqları min bir dərdə dərman sayılan bitkiləri müəssisəyə təhvil verirlər.

Müəssisənin rəhbəri Yasin Babayev bildirdi ki, buraya bitkilər, əsasən, Biçənək, Kükü, Keçili, Şahbuzkənd və Badamlı kəndlərinin sakinləri tərəfindən gətirilir. Elə bitkilər var ki, onlar Şahbuz rayonunun ərazisində bitmir və yaxud ehtiyatı az olur. Bu bitkiləri isə muxtar respublikanın digər rayonlarının sakinlərindən qəbul edirik. Bitkilərin hər birinin də öz qəbul qiyməti var ki, o da 2-20 manat arasında dəyişir. Bu yurdun nemətləri dərdlərin dərmanı olmaqla yanaşı, həm də kəndlərimizdə yaşayan əksər insanların qazanc mənbəyidir.

Müəssisədə istehsal olunan məhsulların 26-sı müalicəvi bitkilər, 14-ü müalicəvi bitki çayları, 15-i müalicəvi bitki yığıntıları, 2-si bəkməz (2 adda, 4 çeşiddə), 10-u isə kapsullardır. Müalicəvi bitkilər 40 qramlıq qutularda qablaşdırılır. Bitkilərin növündən və istifadə qaydasından asılı olaraq istehsal üçün onların yarpağı, çiçəyi, meyvəsi, qabığı götürülür. Müalicəvi bitki çayları 2 çeşiddə – açıq və birdəfəlik şəkildə istehsal edilir, müxtəlif ölçülü qutularda qablaşdırılır. Adi, limonlu, qızılgül ətirli kəklikotu, baldırğan, qantəpər çiçəklərindən, yemişan, həmərsin meyvələrindən və digər çiçəklərdən hazırlanan çaylar ətri və insan orqanizmi üçün faydalarına görə əvəzsizdir. Faydalı minerallarla yanaşı, fosfor, yod, kalsium və bir sıra vitaminlərlə zəngin olan bu çayların tərkibindəki antioksidant maddələri xərçəngin istənilən növünün yaranmasının qarşısını alır. Orqanizmdə maddələr mübadiləsini bərpa etməklə xolesterolun miqdarını azaldır, artıq çəkinin yaranmasının qarşısını alır. Həmçinin bakteriyaları və mikrobları öldürür, orqanları daxilən təmizləyir, beyin hüceyrələrini aktivləşdirir.

Müəssisədə istehsal olunan müalicəvi bitki yığıntıları isə bir neçə bitkinin qarışığından hazırlanaraq 27 və 40 qramlıq qutularda qablaşdırılır. Onlar şəkərli diabet, mədəaltı vəzin iltihabına qarşı, ağciyər xəstəlikləri, piylənmə, sinir sistemində oyanıqlıq və sair xəstəliklərin, səhhətdə yaranan hər hansı problemin təbii yolla müalicəsində çox qiymətli vasitədir. Keçibuynuzu və tut bəkməzləri 330, 450 və 800 qramlıq qablaşmalarda “Şahab” və “Şəfam” etiketləri ilə buraxılır. Keçibuynuzu bəkməzi Türkiyə Respublikasından xammal olaraq alınır, müəssisədə əlavə emal edilməklə homogenləşmə aparıldıqdan sonra qablaşdırılır. Tut bəkməzi isə tamamilə yerli xammaldan hazırlanır. Burada, həmçinin müxtəlif xəstəliklərin müalicəsində istifadə olunan qara çörəkotu, ərküdə, sarımsaq və digər bitki yığıntılarından kapsullar da hazırlanır.

Müəssisə rəhbəri ilin sonunadək istehsalına başlayacaqları 5-6 adda yeni məhsulun sırasında ürək, yuxarı tənəffüs yolları xəstəliklərində, soyuqdəymədə faydalı olan gülümbahar və qaraqınıq bitkilərindən hazırlanan çayların, yığıntıların da olacağını bildirdi.

Qeyd edək ki, müəssisə gün ərzində 800 qutu çay, 400 şüşə qab bəkməz, 300 şüşə qab kapsul istehsal etmək gücünə malikdir.

 Mətanət MƏMMƏDOVA

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: