Naxçıvanda muzeylər, tarixi abidələr ziyarət olunur - FOTOLAR
“Muzey günləri” çərçivəsində muxtar respublikada muzeylərə, tarixi abidələrə kollektiv ekskursiyaların təşkil olunması tariximizin, mədəniyyətimizin təbliğatı baxımından böyük əhəmiyyət kəsb edir. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ötən şənbə mədəniyyət ocaqlarına növbəti ziyarətlər təşkil olunub.
Belə ki, Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin kollektivi Heydər Əliyev Muzeyində olub. Ekspozisiyada nümayiş olunan eksponatlar barədə geniş məlumat verən bələdçi vurğulayıb ki, hazırda muzeydə 4620-dən çox eksponat mühafizə olunur. Həmin eksponatlar ümummilli liderin dövlətçilik və siyasi fəaliyyətinin öyrənilməsində, onun mənalı həyatı, zəngin və çoxşaxəli fəaliyyətinin gələcək nəslə çatdırılmasında böyük rol oynayır.
Kəngərli Rayon İcra Hakimiyyətinin kollektivi Qarabağlar Türbə Kompleksində olub. Bələdçi abidə haqqında geniş məlumat verərək bildirib ki, Qarabağlar türbəsi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Qarabağlar Türbə Kompleksinin bərpası və tədqiq olunması haqqında” 2016-cı il 4 iyul tarixli Sərəncamına uyğun olaraq 2018-ci il iyulun 5-də istifadəyə verilib.
Sonra ziyarətçilər türbə kompleksinin zalında nümayiş etdirilən eksponatlarla tanış olublar.
Hafizə Əliyeva