“TÜRKSOY” jurnalının növbəti nömrəsində “Naxçıvan tənburu” sərlövhəli məqalə işıq üzü görüb

A- A A+

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) nəşri olan “TÜRKSOY” jurnalının növbəti nömrəsində Babək Rayon Mədəniyyət Şöbəsinin müdiri Fətəli Axundzadənin “Naxçıvan tənburu” sərlövhəli məqaləsi işıq üzü görüb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məqalədə mizrabla çalınan ən qədim musiqi alətlərindən olan tənburun bir sıra xalqlara məxsus alət olduğu vurğulanıb. Müəllif qeyd edib ki, bir çox qədim alətlərə yenidən həyat verən İxtiyar Seyidov 1998-ci ildə Naxçıvan Dövlət Universitetində təhsil aldığı dövrdə “Türk dövlətləri birliyi” adlı simpoziuma simvolik olaraq Naxçıvan tənburu hazırlayıb təqdim edib. Dövrümüzə kimi gəlib çıxmış tənbur növlərindən fərqli olaraq onun ixtira etdiyi hər bir tərəfi bir musiqi aləti olan üçtərəfli tənbur gözəl səsə malik, uzunluğu 110, eni 12 santimetr, 30-a yaxın simi olan və mizrabla çalınan alət kimi formalaşıb. Bir tərəfi saz, digər tərəfi tənbur, üçüncü tərəfi isə çəng səsinə malik olan Naxçıvan tənburunun ixtiraçısı İxtiyar Seyidov alətin mənasını belə izah edir: “Bildiyimiz kimi, bütün türkdilli xalqlar arasında geniş yayılan bu alətlər, yəni saz, tənbur, çəng alətlərini mən birlik rəmzi kimi bir kök üstə, bir gövdə üzərində birləşdirdim və mənası da budur ki, bütün türkdilli xalqların öz dövlətləri olsa da, kökləri birdir. Alətin aşıqlarının hər biri ayrı-ayrı simləri kökləyərək musiqi alətini rəmzi bir mənaya gətirib çıxarır”.

Müəllif yazır ki, tənbur alətinə 3 tel bağlanır. Birinci tel kiçik oktavanın si bemol səsinə, orta – ikinci tel kiçik oktavanın mi bemol səsinə, üçüncü – yuxarıdakı tel isə birinci teldən 1 ton aşağı, yəni lya bemol səsinə köklənir. Amma istənilən vaxt orta telin səsini dəyişərək 1 ton yuxarı və aşağı istiqamətə kökləyərək ifa etmək olar. Əsasən, metal tellərə malik olan bu alət mizrabla ifa olunur. İkinci tərəf saz aləti eynilə dövrümüzdə istifadə etdiyimiz saz kimi köklənir və mizrabla ifa olunur, 6 teldən ibarətdir. Üçüncü tərəf isə çəng alətinin səsinə malik, 21 teldən ibarətdir. Köklənmə sistemi ikinci oktavanın do səsindən başlayaraq diatonik şəkildə üçüncü oktavaya qədər köklənir. Naxçıvan tənburunun çanaq hissəsi, əsasən, tut ağacından, qol hissəsi cəviz, aşıqları isə armud ağaclarından hazırlanır. Tərəflərin üz hissəsinə isə 3 millimetr qalınlıqda deka yapışdırılır.

Sonda vurğulanır ki, türk xalqlarının birliyinin simvolu olan Naxçıvan tənburu gözəl səsə malik çalğı alətidir və türk xalqları var olduğu müddət ərzində onun xoş səsi daim eşidiləcəkdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: