Muxtar respublikamızın bütün bölgələri kimi, Babək rayonunda da aparılan abadlıq-quruculuq işlərinin həcmi genişlənir. Belə ki, rayonun Araz kəndində kənd və xidmət mərkəzləri, məktəb binası tikilir. 88 şagird yerlik olacaq təhsil ocağında tikinti işlərinin yeni tədris ilinin başlamasına qədər yekunlaşdırılması nəzərdə tutulub. Burada 11 sinif otağı, kitabxana, şahmat və kompüter sinifləri, fizika və kimya laboratoriyaları, hərbi kabinə fəaliyyət göstərəcək. Həmçinin ötən ildən başlayaraq kənddə içməli su və kanalizasiya sistemlərinin çəkilişi də həyata keçirilir. Artıq evlərdə birləşmələr aparılıb, yaxın gələcəkdə işlərin başa çatdırılması planlaşdırılır.
Rayonun ucqar dağ kəndlərindən olan Göynükdə isə müasir layihə əsasında məktəb, kənd və xidmət mərkəzləri inşa olunacaq, yollar abadlaşdırılacaq.
Rayondakı quruculuq ünvanlarından biri də Sirab kəndidir. Kənddə tikilən məktəb 4 mərtəbəli və 960 şagird yerlik olacaq, elektron lövhəli siniflər, laboratoriyalar, fənn kabinələri yaradılacaq.
Babək rayonunun Cəhri qəsəbəsindəki tarixi məscid də müasir layihə əsasında yenidən inşa olunur. İbadət ocağı ikimərtəbəli olacaq. Birinci mərtəbə kişilər, ikinci mərtəbə isə qadınlar üçün nəzərdə tutulub. Məscidin minarəsi 19 metr olacaq və burada axund otağı da yaradılacaq.
Muxtar Rzazadə
“Şərqin səhəri” qəzeti