Toxum tədarükü davam edir - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, hazırda “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinin kollektivi torpaq mülkiyyətçilərini keyfiyyətli toxumla təmin etmək üçün yaradılan şəraitdən səmərəli istifadə edir. Bu məqsədlə cari ildə 600 hektardan çox sahədə taxıl biçini aparılıb və zəmilərdən nəzərdə tutulduğundan çox məhsul götürülüb. Taxılçılar həmin ərazilərdə rayonlaşdırılmış “Qobustan”, “Quality” və “Bezos” məhsuldar toxumlardan istifadə edərək əkin aparıblar. İndi isə təsərrüfatda toxumlar təmizlənir, dərmanlanır, çəkilir və paketlənir. Paketlənən toxum sortları anbarlara yığılır.
Toxumçuluq təsərrüfatı üçün yeraltı suvarma şəbəkələrinin qurulması burada işlərin səmərəliliyini daha da artırıb. Hazırda bu təsərrüfatın Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində 600 hektar sahədə qapalı suvarma şəbəkəsi tikilir. Bu isə gələcəkdə taxıl əkini sahələrinin daha da genişləndirilməsi və keyfiyyətli toxum istehsalına imkan yaradacaq.
Əbülfəz Dünyamalıyev