İnzibati məhkəməyə müraciət qaydaları

A- A A+

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə digər sahələrdə olduğu kimi, hüquq sistemində də islahatlar aparılıb, yeni hüquq və məhkəmə sisteminin yaradılması istiqamətində mühüm tədbirlər həyata keçirilibdir. Məhz Ulu öndərin bilavasitə sədrliyi ilə yaradılan Hüquqi İslahat Komissiyası tərəfindən bu sistemin yenidən qurulmasına başlanıb, beynəlxalq hüquq normalarının tələbləri nəzərə alınmaqla, yeni qanunvericilik sistemi formalaşdırılıbdır.

Bu gün ümummilli liderin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü işlər nəticəsində son illərdə dövlət müstəqilliyimiz daha da möhkəmlənib, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi yeni mərhələyə qədəm qoyubdur. Belə ki, aparılan demokratik islahatlar ölkənin hüquq sistemini də əhatə edibdir. 2011-ci ildən ölkəmizdə ilk dəfə olaraq “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasınnın İnzibati Prosessual Məcəlləsi qüvvəyə minibdir. Cənab Prezidentin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli Fərmanı ilə məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanmasının və bu sahədə islahatların dərinləşdirilməsinin təməli qoyulub, yeni yol xəritəsi müəyyən olunubdur. Ölkə Prezidenti islahatların yeni mərhələsinin hədəflərini belə müəyyən edibdir: “Müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək məqsədi ilə məhkəməyə müraciət imkanları daha da genişləndirilməli, məhkəmələrin fəaliyyətində şəffaflıq artırılmalı, məhkəmə icraatının effektivliyi yüksəldilməli, məhkəmə qərarlarının tam və vaxtında icra edilməsi təmin olunmalı, süründürməçiliyin aradan qaldırılması üçün görülən tədbirlər gücləndirilməlidir”.

Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasında bir sıra yeni məhkəmələr formalaşdırıldı. O cümlədən Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin bazasında Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi yaradıldı.

İnzibati məhkəmələrin yaradılmasının, İnzibati icraat haqqında Qanunun və İnzibati Prosessual Məcəllənin vacibliyi ilə bağlı qeyd edilməlidir ki, vətəndaşı inzibati orqanların qanunsuz inzibati aktlarından və hüquqazidd hərəkətlərindən (hərəkətsizliyindən) qorumaq üçün səmərəli və ədalətli hüquqi müdafiə institutlarının yaradılması hüquqi dövlət prinsipləri baxımından çox önəmlidir.

”İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının qanunvericilik təcrübəsində ilk dəfə olaraq dövlət hakimiyyəti orqanları ilə münasibətlərdə vətəndaşların hüquqlarının müdafiəsini özündə ehtiva edir. Hamının qanun və inzibati orqan qarşısında bərabərliyini təsbit edir. “İnzibati icraat haqqında” qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Qanunun aliliyi prinsipi inzibati orqanların qanunvericiliyin müəyyən etdiyi qaydalara tabe olmasını və həmin qaydalara uyğun hərəkət etməsini nəzərdə tutur. Eyni zamanda qanunun aliliyi prinsip olaraq inzibati məhkəmələrin öz səlahiyyətləri çərçivəsində inzibati orqanların qanuna nə dərəcədə riayət etmələrini yoxlamaq imkanını nəzərdə tutur. İnzibati Prosessual Məcəllə isə hüquqları pozulmuş şəxsin inzibati akta və digər fəaliyyət formalarına qarşı hüquqi baxımdan müdafiə olunmaq, öz mövqeyini müdafiə etmək üçün daha səmərəli və təsirli hüquqi vəzifələrdən istifadə etmək imkanları verir. İnzibati Prosessual Məcəllə dövlət orqanları ilə fiziki və ya hüquqi şəxslər arasında yaranmış inzibati mübahisələrin məhkəmə qaydasında baxılması və həll edilməsinin prosessual qaydalarını müəyyən edir. Qeyd olunmalıdır ki, bu qanunlar vətəndaşlarla dövlət arasındakı münasibətləri fərqli bir şəkildə tənzimləyərək Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş qanunun aliliyi prinsipini daha da möhkəmləndirir.

Qanunvericiliyə əsasən vətəndaşların inzibati orqanların fəaliyyətinə qarşı hüquq müdafiəsi üçün iki imkan mövcuddur. Birincisi onlar ya yuxarı inzibati orqana müraciət edə, ya da inzibati orqanın qərarını məhkəmə qaydasında mübahisələndirə bilərlər.

Qeyd edim ki “İnzibati icraat” haqqında Azərbaycan Respublikasının qanununun 72-ci maddəsinin tələbinə görə hər iki imkan vətəndaş üçün alternativ  qaydada mövcuddur. Vətəndaş hər iki imkandan eyni zamanda istifadə edərsə, məhkəmə icraatının üstün olması səbəbindən şikayət instansiyasında başlanmış icraata xitam verilir.

İnzibati Prosessual Məcəllənin 2-ci maddəsində bildirilir ki, inzibati məhkəmə icraatı qaydasında aşağıda güstərilən iddialara baxılır:

1. Şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara: bu növ iddialara mübahisələndirmə haqqında iddia da deyilir; Bu o deməkdir ki, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Burada bir qayda olaraq, qəbul edilmiş akt olmalıdır. İnzibati akt dedikdə inzibati orqanlar tərəfindən qəbul edilmiş qərar, sərəncam və əmr hesab edilir. Məsələn, dövlət orqanının və ya bələdiyyənin qəbul etdiyi qərar hər hansı bir fiziki və ya hüquqi şəxsin hüquqlarını pozur. Belə olan halda həmin fiziki və ya hüquqi şəxs inzibati məhkəmədə mübahisələndirmə haqqında iddia qaldıraraq qəbul edilmiş qərarın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.                                                                    

2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyin­dən müdafiəyə dair iddialara: bu növ iddialara isə məcburetmə haqqında iddia da deyilir; yəni, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Məcburetmə haqqında iddia iki halda qaldırıla bilər: 1) İnzibati orqan vətandaşın inzibati aktın qəbul edilməsinə dair ərizəsini rədd etdikdə: 2) İnzibati orqannın hərəkətsizliyi səbəbindən vətandaşın ərizə ilə müraciət etdiyi akt qəbul edilmədikdə. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər.

3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara: buna öhdəliyin icrası haqqında iddiada deyilir; bu o deməkdir ki, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məsələn, dövlət orqanının və ya bələdiyyənin istənilən şəxs qarşısında qanunla və ya müqavilə ilə müəyyən edilmiş öhdəliyi mövcuddur, lakin həmin orqanlar öhdəliyi icra etməkdən yayınır. Belə olan halda şəxs məhkəmədə iddiaçı qismində çıxış edərək dövlət orqanından və ya bələdiyyədən müəyyən hərəkətlərin edilməsini və həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsini də tələb edə bilər.

4. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara: buna müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddiada deyilir. Bu iddia növü vasitəsi ilə vətəndaş inzibati orqandan inzibati akt sayılmayan əlverişsiz hərəkətdən çəkinməyi, yaxud həmin hərəkəti təxirə salmağı tələb edə bilər.

5. İnzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara: bu növ iddialara müəyyən etmə və ya tanınma haqqında iddia da deyilir. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Məsələn, şəxs məhkəmədə iddiaçı qismində çıxış edərək dövlət orqanları və ya bələdiyyə ilə əlaqədar olan, yəni onların səlahiyyətlərinə aid olan hər hansı bir hüquq münasibətinin mövcud olması və ya olmamasının tanınmasını tələb edə bilər. Həmçinin müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər.

6. İnzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (aktları) və ya hərəkətləri (hərəkət­siz­liyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara;

7. Bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına.

8. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlə­rinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanuna­uyğunluğunun yoxlanılmasına dair iddialara: bu növ iddialara qanunauyğunluq haqqında iddia da deyilir. Həmin maddəyə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinə uyğun olaraq yoxlanılması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müstəsna səlahiyyətinə aid edilmiş normativ xarakterli aktlar istisna olmaqla, dövlət və bələdiyə orqanları tərəfindən qəbul edilmiş normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına və onların etibarsız (qüvvədən düşmüş) hesab edilməsinə dair iddia qaldırıla bilər. Qanuna görə iddia subyektiv hüquqlarının pozulduğunu və ya yaxın gələcəkdə pozulacağını əsaslandıra bilən şəxslər, habelə aidiyyətinə toxunulan digər orqanlar tərəfindən irəli sürülə bilər.

9. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının ərizələrinə dair iddialara.

Onuda qeyd edək ki, digər inzibati iddialardan fərqli olaraq qanunauyğunluq haqqındamaliyyə bazarlarına nəzarət orqanının ərizələrinə dair iddialara birbaşa müvafiq apellyasiya məhkəmələri tərəfindən baxılır.

İnzibati orqanın hərəkət və hərəkətsizliyi nəticəsində pozulmuş hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi üçün vətəndaş məhkəməyə müraciət etməzdən əvvəl Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələbinə görə inzibati orqana rəsmi müraciət etməli və həmin orqan tərəfindən inzibati aktın qəbul edilməsindən imtina olunması yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu müəyyən edildiyi hallarda məhkəməyə müraciət edə bilər.

İnzibati məhkəməyə müraciət edərkən məhkəməyə iddia ərizəsi verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində təsbit edilmiş məhkəməyə müraciət etmək hüququnun həyata keçirilməsinin ən ilkin şərti iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsidir. Yalnız bu müraciət məhkəmədə inzibati işin başlanması üçün əsasdır. İddia ərizəsi sərbəst formada tərtib edilərək məhkəməyə yazılı şəkildə verilməlidir. İddia ərizəsinin məzmunu ilə bağlı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 46-cı maddəsində olduqca sadə tələblər müəyyən olunmuşdur. Belə ki, iddia ərizəsində: ərizənin verildiyi məhkəmənin adı; iddiaçının soyadı, adı, atasının adı, yaşayış yeri, cavabdeh inzibati orqanın adı və hüquqi ünvanı; iddiaçının (ərizəçinin) tələbi və ərizəyə əlavə olunmuş sənədlərin siyahısı göstərilməlidir. İddiaçı öz tələblərini iddia ərizəsində açıqlamalıdır. İlk öncə, işin bütün halları xronoloji qaydada təsvir edilməlidir. Çalışmaq lazımdır ki, iddia ərizəsi ikinci dərəcəli məlumatlar ilə doldurulmasın. Diqqəti elə məsələlərə yönəltmək lazımdır ki, orada sizin hüquq və maraqlarınızın pozulması baş verir. Tələblərinizi qanunvericilik aktlarında olan maddələr ilə əsaslandırmalısınız. Ərizədə sizin hansı hüquq və maraqlarınıza toxunulduğunu göstərməlisiniz. Ən əsası tələblərinizi düzgün təsvir etməlisiniz. Nəyi tələb etdiyinizi aydın göstərməlisiniz. Məsələn, "Qərarı ləğv etməyi xahiş edirəm" və s.

İnzibati məhkəmə icraatında proses iştirakçılarının vəkillə təmsil olunmaq hüququ vardır. Dövlət və bələdiyyə orqanları, yaxud hüquqi şəxslər səlahiyyətli nümayəndə vasitəsi ilə, fiziki şəxslər isə vəkil və ya yaxın qohumları vasitəsi ilə təmsil oluna bilərlər. Prosessual nümayəndə onun nümayəndəliyini təsdiqləyən sənədi məhkəməyə təqdim etdiyi andan məhkəmə icraatı ilə bağlı bütün məhkəmə aktları və sənədləri ona təqdim olunur və həmin nümayəndə təmsil etdiyi şəxsin adından bütün prosessual hərəkətləri həyata keçirə bilər.

Vətəndaşların, fiziki və hüquqi şəxslərin, eləcə də inzibati orqanların diqqətinə çatdırmaq istərdim ki, qeyd etdiyimiz məsələlərlə bağlı suallarını və müraciətlərini məhkəmənin elektron poçt ünvanına da göndərə bilərlər. Məhkəmənin elektron poçt ünvanı daim nəzarətdədir və mütəmadi olaraq daxil olan müraciətlər yoxlanılır, onlara operativ şəkildə, hərtərəfli, obyektiv və qanunauyğun baxılaraq cavab verilir.  

Mahmud Abdullayev

                                      Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin

                                                                    baş məsləhətçisi 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: