Naxçıvanda yüksək əməktutumlu iş yerlərinin yaradılması əhali rifahının davamlı yüksəlişinə əsaslı şərait yaradıb. Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, muxtar respublikada bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı göstəricisi 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,9 dəfə artaraq 2018-ci ilin ilk yarımilində 426 manatı ötüb. Orta aylıq əməkhaqqı dövlət sektorunda 346,8 manat, qeyri-dövlət sektorunda isə 484,3 manat olub. Bir işçiyə hesablanmış ən yüksək orta aylıq əməkhaqqı göstəricisi maliyyə və sığorta fəaliyyəti, dövlət idarəetməsi və sosial təminat, topdan və pərakəndə ticarət sahələrində çalışan işçilərdə qeydə alınıb.