Darıdağ Arsenli Su Müalicə və İstirahət Kompleksinin ətrafında toxumla bərpa aparılıb - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, toxumla əkin işləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən təbii bərpaya kömək məqsədilə həyata keçirilib.
Əkin zamanı texnikanın dəstəyindən istifadə edilib, şırımlar açılıb. Xəstəliyə və quraqlığa davamlı olan ardıc, yemişan və həmərsin toxumlarından istifadə edilib. Ümumilikdə 3 hektardan çox düzəngah və nisbətən dağlıq ərazidə toxumla bərpa işləri görülüb.
Qeyd edək ki, toxumla əkin zamanı təbiət mühafizəçiləri tərəfindən əvvəlcə dağlıq və dağətəyi ərazilərin iqlim şəraiti müəyyən edilir, mütəxəssislər toxum üsulu ilə əkin bərpa işlərinin aparılma qaydalarını əyani şəkildə iştirakçılara izah edirlər.
Ötən illərdə də təbii bərpaya kömək məqsədilə bu ərazilərdə toxumla bərpa işləri aparılaraq badamça, ardıc, yemişan, həmərsin toxumları torpağa salınmışdı. Artıq həmin toxumlar da cücərib, boy atıb.
Ətrafında əkin aparılan 5 mərtəbəli Darıdağ Arsenli Su Müalicə və İstirahət Kompleksinin də tikintisi davam etdirilir. Toxumla əkinlər nəticəsində gələcəkdə bu ərazilər yaşıllıqlarla örtüləcək ki, bu da gələn qonaqların zövqünü oxşayacaq.
Ərhan Novruzov