Naxçıvanda rəssamlıq sənətinin inkişafına həsr olunmuş elmi konfrans keçirildi - FOTOLAR

A- A A+

Naxçıvanda rəssamlıq sənətinin tarixi Gəmiqaya təsvirlərindən başlayıb və XII əsr memarlıq məktəbinin təsiri ilə inkişaf edib. XX əsrin əvvəllərində Azərbaycan realist rəssamlığının banisi Bəhruz Kəngərli ilə zirvəyə yüksələn Naxçıvan rəssamlıq sənəti Rəssamlar Birliyinin yaradılması və fəaliyyəti ilə daha da zənginləşib, inkişaf edib. Bu gün Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi 56 üzvü ilə günümüzün real mənzərəsinin yaradılmasında, tariximizin və milli dəyərlərimizin təbliğində mühüm rol oynayır. Məhz səmərəli fəaliyyətinin nəticəsidir ki, Ali Məclisin Sədrinin 2021-ci il 2 mart tarixli “Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin 50 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı ilə Tədbirlər Planı təsdiq edilib. Tədbirlər Planına əsasən birliyin 50 illik yubileyi muxtar respublikada geniş qeyd olunur.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirlər AMEA Naxçıvan Bölməsində Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin yaradılmasının 50 illiyinə həsr olunmuş  elmi konfransda AMEA Naxçıvan Bölməsinin sədri Akademik İsmayıl Hacıyev tərəfindən səsləndirilib.

"Naxçıvanda rəssamlıq sənətinin inkişafı” mövzusunda baş tutan konfransda Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva Birliyin yaranma tarixindən danışıb, müstəqillik illərində diyarımızda rəssamlıq sənətinin inkişafı ilə bağlı görülən ardıcıl tədbirləri vurğulayıb. "Muxtar respublikada 1 xalq rəssamı, 3 Azərbaycan Respublikasının, 6 Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı və 1 Əməkdar incəsənət xadimi fəaliyyət göstərir",- deyən Birliyin sədri qeyd edib ki, rəssamlara göstərilən qayğının nəticəsidir ki, bu gün muxtar respublikada rəssamlığa maraq göstərən kifayət qədər uşaq, yeniyetmə və gənc formalaşır. Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında yerləşən uşaq yaradıcılıq mərkəzlərində mütəmadi olaraq ustad dərsləri keçilir, balaca rəssamların rəsm sərgiləri təşkil edilir. Ötən ildən birliyin nəzdində ilk dəfə olaraq Gənc rəssamlar bölməsi yaradılıb. Bu gün həmin bölmədə 25 gənc təmsil olunur. Naxçıvan Dövlət Universitetində Təsviri incəsənət müəllimliyi, rəngkarlıq, Naxçıvan Müəllimlər İnstitutunda Təsviri incəsənət müəllimliyi ixtisasları Rəssamlar Birliyinin hamiliyinə verilib.

Ali Məclis Sədrinin imzaladığı Sərəncamla 2011-cı ildə birliyin 40 illik yubileyinin də geniş şəkildə qeyd olunduğunu qeyd edən Ülviyyə Həmzəyeva  “Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin 50 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamın bir daha muxtar respublikamızda rəssamlıq sənətinə verilən qiymətin, diqqətin və rəssamlarımıza böyük qayğının ifadəsi olduğunu diqqətə çatdırıb. Ülviyyə Həmzəyeva rəssamlıq sənətinin inkişafına göstərdiyi qayğıya görə Ali Məclisin Sədrinə muxtar respublika rəssamları adından minnətdarlıq edib.

Konfransda Naxçıvan Dövlət Universitetinin professoru, Azərbaycan Respublikasının Xalq rəssamı Hüseynqulu Əliyevin, Naxçıvan Müəllimlər İnstitutunun kafedra müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Həbibə Allahverdiyevanın, AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun əməkdaşı Şəmsiyyə Zalovanın da çıxışları dinlənilib.

Mədinə Rəhimli

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: