Muxtar respublikada aqrar sığortanın tətbiqi genişlənir - FOTOLAR

A- A A+

Muxtar respublikada müasir sığorta sisteminin formalaşdırılması istiqamətində işlər davam etdirilir. İqtisadiyyatın mühüm sahələrindən olan kənd təsərrüfatı məhsullarının sığortasının təşkili və onun fəaliyyətinin stimullaşdırılması məqsədi ilə müxtəlif layihələr reallaşdırılır. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu işlərin davamı olaraq sahibkarların sığorta sahəsinə olan inamlarını artırmaq məqsədilə Naxçıvan Muxtar Respublikası Dövlət Sığorta Xidməti tərəfindən Şərur rayonunda vətəndaşlar arasında maarifləndirmə işləri aparılıb.

Rayonun Oğlanqala kəndində ailə təsərrüfatları və sahibkarlar üçün təşkil olunan maarifləndirici tədbirdə Dövlət Sığorta Xidmətinin əməkdaşı Vüsal Ağayev, Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Əli Hüseynov meyvə bağlarının sığortalanmasının əhəmiyyətindən danışıblar. Diqqətə çatdırılıb ki, əhalinin yerli kənd təsərrüfatı məhsulları ilə təmin olunması məqsədilə fermer və torpaq mülkiyyətçilərinin əmlakına, hazır məhsuluna zərər vuran müxtəlif gözlənilməz hadisələrə qarşı sığorta olunmaq vacib məsələdir. Ağaclarda çiçəkləmə tam başa çatdıqdan sonra sahəyə baxış keçirməklə sığorta müqaviləsi bağlanır. Bostan və zəmilərdə isə cücərtilər alındıqdan sonra bitkilərə baxış keçirilir və sığorta müqaviləsi bağlanır. Sığorta məbləği bir hektar sahənin orta məhsuldarlığının 70 faizi həcmində müəyyən olunur. Meyvə-tərəvəz sahələrinin sığortalanmasından sonra baş verən sığorta hadisələri - yanğın, sel, daşqın, şaxtavurma, dolu baş verdikdə dəyən zərər vətəndaşlara ödənilir. Məhsulun qiymətləndirilməsində bazar qiyməti  götürülür və sığorta məbləğinin 5 faizi həcmində sığorta haqqı alınır.

Qeyd edək ki, altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyasında Dövlət Sığorta Xidmətinə muxtar respublikada sığorta işinin təkmilləşdirilməsi, maarifləndirmə işlərinə diqqətin artırılması, könüllü sığortanın tətbiqi və səyyari xidmətin əhatə dairəsinin genişləndirilməsinin həyata keçirilməsi üzrə tapşırıqlar verilib. Tapşırıqların icrası məqsədilə 2021-ci ilin ötən dövründə bitkiçilik məhsulları üzrə 1296 müqavilə bağlanılıb. Bu da ötən illərlə müqayisədə 1,7 dəfə çoxdur.

Röyal Kərimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: