Naxçıvan Beynəlxalq Hava Limanında taktiki-xüsusi təlim keçirilib - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, nazirliyin təşkilatçılığı ilə baş tutan təlim “Obyektdə baş verən yanğının söndürülməsi, bununla bağlı xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması” mövzusunda olub.

Təlim planına uyğun olaraq ilk növbədə hava limanının Yanğın Təhlükəsizliyi və Qəza-Xilasetmə komandasının döyüş hazırlığının yoxlanılması məqsədilə şəxsi heyətindən “Döyüş açılışı” üzrə normativlər qəbul edilib. Sonra Yanacaq-Sürtkü Materialları anbarında şərti baş vermiş yanğının söndürülməsi üzrə yanğınsöndürmə qüvvələrinin fəaliyyətinin təşkili sualına baxılıb, təlim yerində yanğından mühafizə bölmələrinin praktik fəaliyyətinə qiymət verilib. Yanacaq-Sürtkü Materialları anbarının yanğın cəhətdən təhlükəli obyekt olduğunu nəzərə alaraq şərti yanğının söndürülməsinə Naxçıvan Beynəlxalq Hava Limanından 3 ədəd “MAN”, Fövqəladə Hallar Nazirliyinin Naxçıvan şəhər Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsindən 2 ədəd “İVECO” markalı müasir tipli yanğınsöndürmə texnikası və Babək şəhər Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsindən 1 ədəd “KAMAZ”, 21 nəfər isə şəxsi heyət cəlb olunub. Yanğınsöndürənlərin cəld və çevik fəaliyyəti nəticəsində yanğının qarşısı vaxtında alınıb, yanğının qonşu çənlərə keçməməsi üçün çənlərin soyudulması təmin edilib, yanğın ocağında xəsarət alanlara hava limanının Səhiyyə məntəqəsi tərəfindən ilk tibbi yardım göstərilib və onların xəstəxanaya təxliyəsi təmin olunub.

Təlimdə, həmçinin hava gəmilərinin qəza enişi zamanı yanğın təhlükəsizliyi tədbirlərinin həyata keçirilməsi, xəsarət alanların çıxarılması və onlara ilk tibbi yardımın göstərilməsi praktiki şəkildə həyata keçirilib.

Keçirilən təlimdə Naxçıvan Beynəlxalq Hava Limanı və Fövqəladə Hallar Nazirliyindən ümumilikdə 131 nəfər şəxsi heyət, 6 ədəd yanğınsöndürmə avtomobili, 6 ədəd xüsusi təyinatlı texnika, idarəetmə və rabitə vasitələri cəlb edilib. Təlim uğurla başa çatdırılıb, qarşıya qoyulmuş məqsədlərə nail olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: