Evdən iş yerimə qədər olan məsafədə yol kənarlarında çoxlu tut ağacları var. Hər gün getdiyim bu yolda arabir ayaq saxlayar, yolüstü ağacdan bir neçə tut meyvəsi qoparıb dadardım. Bir az keçdikdən sonra isə budaqlardakı ömrünü başa vuran tutlar ağacın dibinə tökülüb qaldı. Sonrakı mərhələdə isə yoldan ötənlərin ayağının altında qalıb ayaqqabılarının altına yapışmaq vardı. Tut ağaclarının budaqları üzərinə əyilən damların üstündə, şiferlərin novlarında saralan, yağışın, küləyin ixtiyarına buraxılan on-on beş kiloqram tut qurusuna yəqin ki, çoxumuz rast gəlmişik. Bu mənzərəni gördükdə isə vaxtilə kəndimizin yaşlı qadınlarının dedikləri düşür yadıma. Həmişə deyirdilər ki, İkinci Dünya Müharibəsi illərində azuqə baxımından korluq çəkiblər. Buna görə də meyvələrin qurusunu qənd əvəzi çayla içirdilər. Yəni onların birini belə puça çıxmağa qoymurdular. Elə indi də bu cür insanlar var. Müxtəlif meyvə ağaclarının, ən çox da tutun altına salınmış süfrə... Yəqin ki, bu mənzərə ilə rastlaşmamış olmazsınız. Bəziləri həyətindəki, yaxud da hasarının yanındakı ağacların altına süfrə salıb meyvələrin torpağa düşüb zay olmasının qarşısını alır. Sonradan həmin meyvələri qış üçün qurudur, yaxud da tutdan doşab, alçadan lavaşa və sair hazırlayırlar. Əvvəllər xüsusilə kənd yerlərində belə mənzərə ilə addımbaşı rastlaşmaq mümkün idi. Hətta mövsümündə meyvələri qurudub satmaqla ailə büdcəsinə dəstək olan insanlar da az deyildi. Lap satmağı qoyuram bir kənara, demək olar ki, hamı öz ehtiyacını ödəyəcək qədər hazırlayırdı. Lakin indi belələrinin sayı azalıb.
Əslində keçmişdən, daha dolğun desək, dədə-babadan bizə miras qalan vərdişlər, məsləhətlər var. Belə deyək, vaxtilə uzun müddət sınaqdan keçmiş, üzərində müzakirələr aparılmış bəzi şeyləri biz hazır şəkildə mənimsəmişik. Məsələn, əksəriyyətimiz, hətta deyərdim ki, hamımız doşabın boğaz ağrısına faydalı olduğunu bilirik və belə halla qarşılaşanda ondan istifadə də edirik. Çoxumuz heç sorğulamırıq da ki, boğaz ağrısı zamanı niyə doşabdan istifadə olunur? Onun tərkibində nə var ki, bu iltihabi xəstəliklə mübarizədə yararlıdır? Sadəcə istifadə edir və müəyyən mənada faydasını da görürük deyə heç sorğulamağımıza da ehtiyac qalmır. Lap elə götürək ürəyə xeyirli olan ərik qurusunu. Bu meyvənin adı keçdimi, deyirlər ki, ürəyin birinci dərmanıdır. Mən hələ ərik qurusundan hazırlanan qaysava yeməyini demirəm. Yəqin ki, qaysavanın nə olduğunu soruşsaq, çoxumuz çiyinlərimizi çəkəcəyik. Amma bunlar dildən–dilə keçən xalq təbabəti nümunələridir. Xülasə, zamanında ata-babalarımız onlardan istifadə ediblərsə, deməli, bu, bizim üçün də vacibdir. Söhbət yalnız tutdan, ya da ərikdən getmir. Orqanizmdən toksinləri xaric edən armud, xərçəng hüceyrələrinin inkişafına mane olan əncir, astma və ürək xəstəliklərinə qarşı qoruyucu təsirə malik olan alma qurusu və s. də belələri siyahısındadır.
Söhbətin məğzindən bir az kənara çıxacağam. Mən Ordubad rayonundanam. Bizim rayonda Ramazan ayının 15-ci günü xüsusi qeyd olunur. “Orucun on beşi” adını alan xalq arasında keçirilən bu mərasimdə axşamçağından uşaqlar əlinə torba alıb qapı-qapı gəzər, sovqat toplayarlar. Mən də uşaq yaşlarımda sovqatın sorağında qapı-qapı az gəzməmişəm. Yığılan ərzaqlar isə demək olar ki, eyni olur-müxtəlif şirniyyatlar, şokoladlar və sair... Lakin bəzi yaşlı qadınlar içində cürbəcür meyvə quruları, qoz, fındıq olan balaca torbanı uzadar, əlində də 2-3 sadə konfet verib: “Sağ- salamat”, - deyərək uğurlayardı bizi. Axşam evə gəlib torbanı yerə töküb nə yığdıqlarımızı sevinə-sevinə sayarkən o balaca torbaları ayırıb bir kənara qoyardıq. Digərlərini kimləsə paylaşsaq da, onları ən əziz tikə kimi özümüzə saxlardıq. Hə, digərlərini həm mağazadan tapa bilərdik, həm də gözümüz o qədər görmüşdü ki, adi gəlirdi bizə.
Məsələnin həqiqiliyinə gəldikdə isə, lap elə götürək bu günü. Qonaq getdiyimiz evdə masanın üstündə cürbəcür şirniyyatlar, meyvələr, konfetlər olur. Amma, yuxarıda sadaladığım təbii meyvə quruları hər evdə olmur. Hətta o qədər az rastlayırıq ki, gördüyümüz yerdə əlimizi ilk olaraq onlara uzadırıq. Deyirlər ki, insan nəyi az görsə, o hər nədirsə, gözündə dəyəri artar. Bu deyimi həmin quruların bazardakı qiymətləri ilə əlaqələndirmək olar. Maraqlananlara məlumdur ki, onlar heç də ucuz qiymətə tapılmır. Hətta istədikləri məbləği verməyə razı olmaqla yanaşı, min bir xahişlə onları satan adamları axtaranlar da var. Qəribədir, sonradan bu qədər axtarırıqsa, bəs niyə mövsümündə yerə tökülüb ziyan olmağına icazə veririk?
Fatma Babayeva