Bu günün səbəbkarları

Bu gün Azərbaycanda Sahibkarlar Günüdür

A- A A+

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında Sahibkarlar Gününün təsis edilməsi haqqında” 2016-cı il 21 aprel tarixli Sərəncamına əsasən, aprelin 25-i Azərbaycanda Sahibkarlar Günü kimi qeyd edilir. Ölkəmizin sosial-iqtisadi inkişafında, məşğulluğun təmin olunmasında mühüm rol oynayan sahibkarların fəaliyyətinə verilən yüksək qiymətin ifadəsi olan bu gün münasibətilə muxtar respublikada fəaliyyət göstərən bir neçə sahibkarla görüşüb onların fəaliyyət sahələri ilə tanış olduq.

Muxtar respublikamızda yaradılan əlverişli investisiya mühiti və göstərilən dövlət dəstəyi sahibkarlıq fəaliyyəti üçün geniş imkanlar açıb. Bu gün Naxçıvan Sahibkarlar Konfederasiyası sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin könüllülük əsasında fəaliyyətini əlaqələndirir, onların hüquqi və iqtisadi mənafelərini müdafiə edir. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən Sahibkarlığın İnkişafı Fondu sahibkarları güzəştli kreditlərlə təmin edir, onların fəaliyyətini dəstəkləyir. Bütün bunlar isə   ümumi daxili məhsul istehsalında özəl bölmənin çəkisinin artmasına səbəb olur. Sahibkarlıq inkişaf etdikcə daha çox məhsul istehsal olunur, yeni iş yerləri açılır, əhalinin sosial rifah halı yaxşılaşır, ixrac imkanları artır və ailə təsərrüfatları genişlənir. Sahibkarlığa göstərilən diqqət və qayğının nəticəsidir ki, muxtar respublikada 127-si ərzaq, 257-si qeyri-ərzaq olmaqla  384 növdə məhsul istehsal olunur. 

Bu gün muxtar respublika iqtisadiyyatında mebel sənayesinin də xüsusi çəkisi var. Hazırda bir çox mebel istehsalı sahələrinin fəaliyyət göstərməsi əhalinin mebel məmulatlarına olan tələbatının yerli istehsal hesabına ödənilməsində mühüm rol oynayır. 1998-ci ildən kiçik bir kollektivlə fəaliyyətə başlayan “Şahin şah” MMC-də illərdir ki, insanları zövqlərinə uyğun mebellərlə təmin edir. Əsas fəaliyyət sahəsi mebel istehsalı və satışı olan cəmiyyət muxtar respublikanın böyük mebel istehsalçılarından biri kimi daim müştərilərə keyfiyyətli mebel təqdim etmək üçün çalışır. Cəmiyyətin direktoru Abbas Babayev bizimlə söhbətində bildirdi ki, 90-cı illərdə əhalinin mebelə olan tələbatını nəzərə alaraq belə bir təşəbbüsə başladıq. Mebel dəstlərinin istehsalı üçün lazım olan xammal Çin, Almaniya, Türkiyə, Rusiya kimi xarici ölkələrdən gəlir. Dövlətin bizim üçün ayırdığı kredit hesabına mebellərin istehsal olunduğu fabrikdə ən son texnoloji avadanlıqlar quraşdırılıb. Almaniyadan gətirilən  avadanlıqlarla  biz Avropa standartlarına uyğun keyfiyyətli mebellər istehsal edirik. Keyfiyyətli ağac materiallarından, metal hissələrdən, mexanizmlərdən, boyalardan, dəri və parça üzlüklərdən, döşəklərdən istifadə olunmaqla  fabrikdə ofis və ev mebelləri istehsal olunur. Bu işə cəlb olunan peşəkar  usta və dizaynerlər  əhalini istənilən növ mebellərlə təmin edir”.

Bu gün muxtar respublikada  mebel sənayesi inkişaf edir və keyfiyyətli mebel məhsulları istehsal olunur. Əgər bir vaxtlar xaricdən  Naxçıvana  mebel idxal olunurdusa, bu gün artıq biz yerli  istehsal olan mebelləri  xaricə satmaq iqtidarındayıq. Hazırda zavodumuzda 50 nəfərə yaxın işçi çalışır. Mebelllərimiz Bakı şəhərinə də göndərilir. Gələcək üçün böyük planlarımız var. Naxçıvanı ölkənin digər əraziləri ilə birləşdirən yeni yolların açılmasından sonra zavodumuzun fəaliyyət sahəsini daha da genişləndirib,  məhsullarımızı xaricə də ixrac etməyi düşünürük.

Cəmiyyətin Şahin şah mebel salonunda satışa çıxarılan klassik, avanqard və modern üslubda olan mebellər  alıcıların  zövqünü oxşayır. Əvvəllər xarici ölkələrdən muxtar respublikaya gələn mebellərin çeşidində zövqlər nəzərə alınmırdısa, bu gün yerli istehsal hesabına alıcıların zövqləri və istəkləri nəzərə alınaraq  müxtəlif çeşidli mebellər istehsal olunur və satışa çıxarılır. Bundan əlavə əgər xaricdən gətirilən mebellərə  əlavə vergi və gömrük rüsumları, nəqliyyat xərcləri tətbiq olunurdusa, yerli istehsala əlavə xərclər tətbiq olunmur. Bu isə mebellərin ucuz başa gəlməsinə və sərfəli qiymətlərlə  satışına  imkan verir.

Muxtar respublikamızda sahibkarlığın inkişafına göstərilən dəstəkdən faydalanıb öz biznesini quran və iqtisadiyyatın bu sektorunda çalışanlardan biri də “Karton Tara” MMC-nin direktoru Zaur Məmmədovdur. Özü ixtisasca iqtisadçıdır. 1995-1999-cu illərdə  Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat fakültəsini “İstehsalın İqtisadiyyatı və idarə olunması” ixtisası üzrə bitirib, 2000-2002-ci illərdə  Beynəlxalq İqtisadi münasibətlər üzrə magistr təhsili alıb. Ümumilli lider Heydər Əliyevin 2002-ci ilin aprel–may aylarında sahibkarlarla keçirdiyi görüşdə iştirak edən Zaur Məmmədov bu görüşdən  ruhlanaraq 2003-cü ildə bu sahənin dərinliklərinə bələd  bir gənc kimi sahibkarlıq fəaliyyətinə başlayıb. Karton Tara istehsalı ilə məşğul olan sahibkar dövlətin dəstəyini hər zaman işində hiss edib. 2007 -ci ildə Sahibkarlığa Kömək Fondu tərəfindən 49 min manat  maliyyə dəstəyi alaraq  müəsissədə müasir avadanlıqların  quraşdırılmasına nail olub.  Bu gün onun rəhbəri olduğu və Naxcıvan şəhərinin Qaraxanbəyli inzibati ərazisində 2600 kv.m sahədə yerləşən “Karton Tara” MMC-də İran İslam Respublikasından alınmış  yüksək keyfiyyətli  avadanlıqlarla ay ərzində 200.000 qutu hazırlanır.

15 nəfərin daimi işlə təmin olunduğu “Karton Tara” MMC-nin gündəlik istehsal gücü isə 15-20 min taradır. Beləliklə, istehlakçıların tələbatını yüksək səviyyədə, müxtəlif növ qablaşdırma məhsulları ilə təmin edən müəssisədə hazırlanan muxtəlif çeşidli karton taralar və atlıqlar muxtar respublikada karton taralara olan tələbatı ödəyir. Müəssisədə istehsal olunan taralar çap keyfiyyəti və dizaynı ilə göz oxşayır və  yerli istehsal məhsulları məhz  bu  karton taralarda yer alaraq  Bakı şəhərinə  və dünyanın yaxın uzaq ölkələrinə  yol alır.  

İran, Türkiyə respublikaları  və Bakı şəhərindən alınan xammalla işini günün tələbləri səviyyəsində quran sahibkar  deyir ki, “İstehsal  çox dərin bir mexanizmdir. Biz daim yeni  layihələr üzərində düşünür və ixrac yönümlü məhsullar istehsal etməyə çalışırıq. Bu gün  muxtar respublikadakı  mövcud sənaye müəssisələri karaton taraları  kənardan almır.  Bu isə iqtisadi inkişafa  öz töhfəsini verir.  Bu inkişafda bizim də payımız  varsa, nə xoş...”

Onun sahibkarı olduğu “Karton Tara” MMC 2019-cu ilin avqust ayında  İran İslam Respublikasının paytaxtı Tehran şəhərində keçirilən  “II Beynəlxalq kağız, karton, sellüloz məhsulları və aidiyyəti sənaye sərgisi”ndə  iştirak edib. 

Sosial-iqtisadi inkişafda sahibkarların rolu böyükdür.  “Zümrüd Tikiş” və “Zümrüd Geyim” MMC-nin direktoru Mehrəngiz Əkbərova da muxtar respublikamızda sahibkarlıq fəaliyyəti ilə məşğul olan qadınlarımızdandır. 21 il pedaqoji fəaliyyətlə məşğul olan xanım sahibkar  1997-ci ildə  Zümrüd kiçik müəsissəsini yaradıb. 6 nəfərlik kiçik bir heyətlə işə başlayan bu müəssisə zaman keçdikcə fəaliyyətini genişləndirib. 2009- cu ildə Sahibkarlığın  İnkişafı Fondundan götürülən kreditlə  Zümrüd Tekstil üçün inşa olunan bina avropa standartlarına cavab  verən müasir avadanlıqlarla təmin olunub. 2014-cü ildə   Zümrüd tikiş MMC-ni köynək istehsalı sahəsi yaradılıb. 2018-ci ildə müəssisədə köynək, kişi, qadın, uşaq alt və üst trikotaj geyimləri istehsal edən “Zümrüd Geyim” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb. Hazırda Zümrüd geyim, Zümrüd tikiş, Zümrüd tekstil fabriklərində Türkiyə, Ukrayna və Rusiyadan gətirilən xamallardan istifadə olunur,  Almaniya, Yaponiya, Avstraliya  və Türkiyə respublikasından alınan avadanlıqlarla keyfiyyətli geyim  məhsulları  hazırlanaraq muxtar respublikadakı idarə müəəsisə və nazirliklərin eləcə də məktəblilərin, müəllimlərin vahid geyim formalarına olan tələbatı ödənilir. Müəssisədə peşə məktəbini dərzilik peşəsi üzrə bitirən  qabiliyyətli gənclərin işlə təmin olunmasına böyük önəm verilir. Qeyd edək ki, 2015-ci ildə Naxçıvan Muxtar Respublikasında keçirilən “Ən fəal işəgötürən” müsabiqəsi üzrə ikinci yerin sahibi olan müəsissə rəhbəri, sahibkar qadın Mehrəngiz Əkbərova bu illər  ərzində muxtar respublika iqtisadiyyatına öz töhfəsini   verməyə çalışıb. Onun sahibkarı olduğu müəsissə istehsal etdiyi məhsulların keyfiyyəti ilə hər zaman maraqla qarşılanıb və bir neçə dəfə Bakı şəhərində keçirilən nominasiyalarda təltiflər alıb. Eləcə də İranın Urmiya şəhərində keçirilən sərgilərdə də iştirak edərək alıcıların rəğbətini qazanıb.

25 ildir işinin başında olan  və bu  fəaliyyətinə görə “Tərəqqi” medalı ilə  təltif olunan Mehrəngiz  xanım sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən qadınlara  tövsiyələrini də verməyi unutmadı. Bacarıq, qabiliyyət  və təhsilin  bu işdə öndə gedən amil olduğunu, qadınların da  yeni iş yerləri açaraq sahibkar kimi fəaliyyət göstərməklərinin heç də çətin olmadığını  dedi. Çünki dövlət hər bir sahibkarın iqtisadi inkişafa töhfə verən fəaliyyətinin ən böyük dəstəkçisidir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov  sahibkarlarla keçirilən görüşlərin birində belə deyib: “Sahibkarlığın inkişafının bir yolu da ailə təsərrüfatlarının fəaliyyətini dəstəkləməkdən keçir. Çünki ailə təsərrüfatları həm yerli istehsalın həcminin artmasına və özünüməşğulluğun təmin olunmasına, həm də kiçik və orta sahibkarlığın inkişafına böyük təkan verir”. Bazar iqtisadiyyatının tələblərinə uyğun fəaliyyət göstərən və ildən-ilə genişlənən kiçik ailə təsərrüfatlarının böyüyüb gələcəkdə sahibkarlıq obyektinə çevrilməsi üçün bu gün ailə təsərrüfatlarına da maliyyə dəstəyi və digər köməkliklər göstərilir. Kreditlər verilir, toxum, gübrə, texnika və avadanlıqlarla təmin olunur, sərgi, yarmarka və biznes görüşlərində  ailə təsərrüfatları da iştirak edir. 2021-ci ilin 3 ayı ərzində Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən arıçılıq, heyvandarlıq təsərrüfatlarının yaradılması və genişləndirilməsi məqsədilə 8 ailə təsərrüfatına 94 min 200 manat həcmində dövlət maliyyə dəstəyi göstərilib. Nəticə etibarilə bu gün ailə təsərrüfatları da sahibkarlarla birgə muxtar respublikamızın iqtisadiyyatına böyük töhfələr verməkdədirlər. Kənd yerlərində yaşayan insanların işlə təminatında mühüm rol oynayan ailə təsərrüfatçıları  on il  əvvəl  muxtar respublika üçün yad bir anlayış idisə, bu gün demək olar ki hər bir   kənddə  bir neçə belə  təsərrüfat   mövcuddur.  Əhalinin kənd təsərrüfatı məhsulları ilə  təminatında mühüm rol oynayan ailə təsərrüfatlarında  işlərinin təməli  məhz yazda qoyulur.

Səhərin erkən çağıdır. Günəş zərrin şəfəqlərini torpağın bağrına salır.  Şərur rayonunun göz oxşayan tarlaları üzə gülür. Texnikaların səliqə ilə  saldığı ləklərdə adamlar həvəslə çalışır. Əkin sahələri alaqlardan təmizlənir, zəmilər suvarılır, qarğıdalı əkilir, soğan, kartof sahələrində quraşdırılan müasir suvarma sistemlərinin ətrafa çilədiyi damcılar yağış damlalarını xatırladır və xoş bir mənzərə yaradır.

60 yaşlı bir qadın əlindəki bel ilə  taxıl sahələrinə su verir. Üz-gözündən, əllərindən zəhmət yağır bu qadının. Öyrənirik ki,  o, öz ailə təsərrüfatının sahibidir. Zəhmətkeş bir ailədə doğulub, özünü biləndən mehrini torpağa salıb. Çünki bilir ki, qara torpaq hər zaman  üz ağlığı verib insana, onu əzizləyəni, nazını çəkəni  bol neməti ilə sevindirib. Elə Familə xanımı da. Onun əkin sahələrində qadın əllərinin səliqə-sahmanı ilk baxışdan duyulur. Dərin bir arxın başında, göy otların üstündə oturub Familə xanımla söhbət edirəm.

Ömrünü torpağa bağlayıb, ixtisasca aqranomdur. Torpağın  da dilini yaxşı bilir. İllərdir ki, Cəlilkəndin münbit torpaqlarında tər axıdıb, zər götürüb.  Vaxt olub ki, bu geniş ərazilərdə əkilən pambıq, tütün, üzüm sahələrində çalışıb. Zəhmətdən bir gün də ayrı qalmayıb və öz ailə təsərrüfatını formalaşdırıb. Necə deyərlər, “işinin ağası” olan bacarıqlı və  işgüzar  qadın dövlətin qayğı və dəstəyi ilə hər il daha çox məhsul istehsalı üçün çalışır. 

Bu il 2 ha kartof, 1 ha soğan, 4 ha qarğıdalı, 1 ha taxıl, 0,5 ha sahədə sarımsaq əkib. Təsərrüfatında ailə üzvlərindən əlavə, 10 nəfəri də işlə təmin edib.

Onun işi zəhmətdir. Min nemət yetirən torpağa bağlılıqdır. Qazancını  torpaqdan alan zərif qəhrəman əkinçilikdə qadınların təcrübəsinin kişilərdən daha artıq olduğunu deyir.  “Hər günə uyğun iş planımız var. Bu gün sahələr suvarılmalı, başqa gün alaq otları təmizlənməli, dərmalanmalı, məhsul yığılmalı  və s. beləcə yazın ilk günlərindən payızın sonunadək işlərimiz tənzimlənir. Payızda isə əziyyətimizin bəhrəsini alırıq. Satdığımızı satır, qalan hissəsini isə soyuducu anbarlara təhvil verir və muxtar respublika bazarlarını il boyu  keyfiyyətli yerli məhsullarla təmin edirik.  Bu gün bu sahədə dövlət bizə, biz də dövlətə dəstəyik. İşlərin əsas hissəsini  də Aqrolizinq ASC-nin xətti ilə aldığımız  texnikalar ilə görürük. Əkin sahələrində hər növ texnikalardan istifadə işlərimizi yüngülləşdirib”.

Əkdiyi, becərdiyi torpaq sahələri, necə deyərlər, onun övladıdır.  Zəmiləri, yenicə boy verən kartof, soğan və sarımsaq sahələrini  dolaşan  zəhmətkeş qadının üzü gülür.  

Mütəmadi olaraq “Ailə təsərrüfatı məhsulları” festivalında, sahibkarlarla görüşlərdə iştirak edən və 2019-cu ildə 3-cü  dərəcəli  “Əmək” ordeni ilə təltif olunan Familə xanım  hər kəsə örnək ola biləcək zəhmət dolu bir ömür yaşayır. Onunla söhbət zamanı bir daha düşündüm ki, vaxtilə Sosialist Əməyi Qəhrəmanı Bahar Talıbovanın bu torpaqlarda qoyduğu əməksevərlik bu gün də Familə xanım kimi qadınların timsalında yaşadılır. Və belə qəhrəman qadınlar  da  ailəsinə,  dövlətinə  xeyir verir.

Bu gün muxtar respublikamızın inkişafında işgüzar adamların, sahibkarların da oynadığı rol danılmazdır. Onların bu təqdirəlayiq fəaliyyətinin sabah daha geniş və daha ümidli olacağına şübhə yoxdur.

2020 və 2021-ci ilin muxtar respublikamızda "İxrac ili" olması sahibkarların, ailə təsərrüfatlarının fəaliyyətinin daha da genişlənməsinə, yeni müəssisələrin yaradılmasına, iş yerlərinin açılmasına, istehsalın və ixracın həcminin artmasına səbəb olacaqdır. Bu sahədə əzmlə çalışanlara uğur olsun!

Türkanə Əmoyeva

NUHÇIXAN

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: