Ramazanda necə qidalanmalı?

A- A A+

Ramazan xeyir-bərəkət ayı olmaqla yanaşı, Allahı dərk etmək, ruhən təmizlənmək və Uca Yaradana yaxınlaşmaq ayıdır. “Qurani-Kərim”in nazil olunduğu bu ay insanlar arasında birlik və bərabərliyin, xeyirxahlıq və şəfqətin bağlılığının təntənəsini nümayiş etdirir. Artıq on bir ayın sultanı, dinimizdə uca və müqəddəs qəbul edilən Ramazan ayını yaşayırıq. Ramazan ayında İslamın təməl adətlərindən olan oruc ibadəti başlayar və bütün dünyadakı müsəlmanlar bu ay boyunca oruc tutar. Oruc tutduğumuz zaman imsak və iftarda yediyimiz, içdiyimiz qidalara diqqət yetirməliyik. Mövzu ilə bağlı həkim rəyini öyrəndik.

Babək Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin həkim-kardioloqu Vəliqulu Həsənov bildirdi ki, oruc tutmağın həm də tibbi cəhətdən faydaları vardır. Belə ki, il ərzində sistemli qida qəbulundan yorulan insan orqanizmi bu ayda dincəlir. Oruc tutan insanın mədəsi digər insanlara nisbətən daha sağlam olur. Bu il Ramazan ayı yaz fəslinə təsadüf edib. Havaların sərin keçməsinə baxmayaraq, yenə də oruc tutarkən susuzluğu daha çox hiss etmiş oluruq. Bunun üçün imsak və iftarda tərkibində maye olan qidalar qəbul edilməlidir. Xüsusilə, immun sisteminin zəifləməməsi üçün imsakda qidalanmaya mütləq diqqət yetirmək lazımdır. Bəzi insanlar sahura qalxıb yemək yemədən oruc tuturlar. Qeyd edək ki, sahura qalxmadan, eyni zamanda sübh vaxtı yalnız su içərək oruc tutmaq sağlamlığa zərərlidir. Dinimizdə isə bu müstəhəb hesab edilir və həzrəti Məhəmməd Peyğəmbər də hədislərində buna təşviq etmişdir: “Obaşdanlıqda yemək yeyin, çünki onda bərəkət vardır”.

Həkim bildirdi ki, imsak vaxtı bal və mürəbbə yemək məsləhət deyil. Çünki qandakı şəkəri ani sürətdə qaldırdığı və endirdiyi üçün orqanizmdə pozğunluq yarada bilər. İmsakda süd, pendir, qaymaq və digər ağartı məhsulları, yumurta, şorba, tərəvəz, yarma plovu kimi yeməklər yeyilə bilər. Əgər düzgün qidalansaq, gün ərzində həm su, həm də enerji balansımızı qorumuş olar, özümüzü yorğun və halsız hiss etmərik.

İftar zamanı orucu ilıq su ilə açmaq lazımdır. Ardınca xurma, tərəvəz salatı, göyərti və digər yüngül qidalarla qidalanmaq, bir müddət sonra isə yeməyə keçmək lazımdır. İftarda sulu yeməklər, ayran və qatığın daha çox qəbul edilməsi faydalıdır. Bitki çaylarına, az şəkərli kompotlara üstünlük verilməlidir. Şirin məmulatların həddən artıq qəbul edilməsindən çəkinmək lazımdır. Fasilələrlə qidalanmaq daha çox faydalıdır, qida tələsmədən yeyilməlidir. İftar zamanı normadan artıq fasiləsiz qida qəbul etmək ziyandır. Xüsusilə, qidanın axşam saatlarında həddən çox qəbulu və müxtəlif içkilərdən artıq dərəcədə istifadə olunması piylənməyə gətirib çıxarır. İftardan sonra piyada gəzmək insan orqanizmi üçün də faydalıdır. Oruc tutanlar yuxu rejiminə də düzgün əməl etməlidirlər. Sağlamlıq üçün yuxu qida qədər önəmlidir. Yuxu zamanı baş beyində və beyin qabığında tormozlanma baş verir, sinir hüceyrələri enerji ehtiyatlarını bərpa edir.

Oruc Allahın biz müsəlmanlar üçün vacib saydığı ibadətlərdən biridir və əksər müsəlman bu ibadəti yerinə yetirir. Oruc tutarkən çalışaq ki, düzgün qidalanma qaydalarına əməl edək və sağlamlığımızla bağlı hansısa bir çətinliklə üzləşməyək. Ruhumuzun təmizləndiyi bu müqəddəs ayda Allah bütün müsəlmanların orucunu qəbul etsin!

Nərminə Seyidzadə

“Şərqin səhəri” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: