Silahı məhəbbət, son sözü Vətən - şəhid İlkin Muradlı - Söz tələbə jurnalistlərindir - FOTOLAR
Gəldi ürəkdəki arzular dilə,
Silahı məhəbbət, son sözü Vətən.
Şəhidlər göstərdi ölümləriylə,
Ölüm aşağıdır Vətən eşqindən.
Vətən! Bu söz bizim hamımız üçün müqəddəsdir, doğmadır, əzizdir. Elə bu səbəbdəndir ki, bir qarış torpağına yağı əli uzananda sipər olur sinələr onun uğrunda. Hələ lap qədimdən Azərbaycan xalqı öz torpağını, yurdunu, doğma vətənini göz bəbəyi kimi qoruyub, düşmən əlləri torpağımıza uzananda canlarını Vətən uğrunda qurban verməyə hazır olublar. Odlar Yurdunun övladları döyüşə atılarkən sadəcə bir cümlə dillərdə səslənir: “Vətən sağ olsun!” Vətən həmişə dilimizin əzbəri, qəlbimizdə ümmanlara sığmayacaq məhəbbət bəslədiyimiz səcdəgahımızdır. Bu gün Vətənimiz 44 gün ərzində təpədən dırnağadək Vətən sevgisi ilə silahlanan igid oğullarımızın torpaqlarımızı qarış-qarış düşmən tapdağından xilas edib ay-ulduzlu üçrəngli bayrağımızı əzəli və əbədi torpaqlarımızda qaldıraraq əldə etdikləri böyük zəfərə şahidlik edir.
Tariximizə qızıl hərflərlə yazılan Vətən müharibəsində əldə olunan böyük zəfərimiz Azərbaycan xalqının mübarizliyini bir daha bütün dünyaya nümayiş etdirdi. 30 il ərzində sülh yolu ilə geri alınmasına nail ola bilmədiyimiz torpaqlarımız müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın rəşadətli ordusu tərəfindən 44 gün ərzində düşməndən azad edildi. Öz qanları ilə tarixin şanlı səhifələri içərisində igidlər yurdu Naxçıvanın mərd oğulları da iştirak edib, şəhidlik məqamına yüksəldilər. Belə igidlərdən olan şəhid İlkin Muradlı ailənin ilk övladı idi. O İlkin ki, bu torpaq uğrunda canından keçib, toy paltarı əvəzinə torpağı özünə şöhrət libası seçdi, məhəbbəti qanlı qərənfil çələnginə döndü. O İlkin ki, “özümüz qurban getsək də, torpağımızın bir qarışından belə keçmərik” dedi. O İlkin ki, Tovuzdan Murova, Murovdan Şuşaya qədər döyüş yolu keçdi və ən uca məqama - şəhidlik zirvəsinə ucaldı... Buna İlahinin yazısımı deyim, ya taleyin hökmümü...
İlkin Muradlı 27 sentyabr 1995-ci ildə Şahbuz rayonunda anadan olub. İbtidai təhsilini Şahbuz şəhər tam orta məktəbində alıb. Qəlbinə hakim kəsilən hərbçi olmaq arzusuna heç kəs mane ola bilmədi. İlkin Heydər Əliyev adına Hərbi Liseyə daxil olub 2013-cü ildə həmin məktəbdə təhsilini başa vurdu. Sonra seçdiyi yol onu Bakıya - Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbinə aparıb çıxardı. 2017-ci ildə bu məktəbi bitirərək leytenant rütbəsində Gəncəyə göndərildi. Əvvəlcə Gəncə, Ağstafa, sonra isə Tovuzda qüsursuz xidmət göstərdi. Elə bu xidmətlərinə görə də o, baş leytenant hərbi rütbəsi aldı, Azərbaycan Ordusunun 100 illiyi medalı ilə təltif olundu. Ölümündən 3 gün əvvəl isə kapitan rütbəsi almışdı. Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu atəşkəs rejimini pozaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin mövqelərinə və yaşayış məntəqələrimizə iriçaplı silahlardan atəş açması ordumuzun əks-hücuma keçməsi ilə nəticələndi. Bu döyüşlərdə irəlidə gedənlərdən biri də İlkin oldu. Özü də xüsusi təyinatlı kəşfiyyatçı kimi. İlkinin qəhrəmanlığı göz qabağındadır. Ondan çox danışmaq, çox yazmaq olar. Qərara gəldim ki, ölməz qəhrəmanımızı daha da yaxından tanıyım. Bu məqsədlə şəhidin doğulduğu evə üz tutdum. Şəhid anası Həcər ana danışdıqca özündən ixtiyarsız sakit-sakit gözlərindən üzüaşağı yuvarlanan göz yaşlarını gördükcə düşünürdüm ki, sanki bu damlalar böyük bir qürurun, baş ucalığının ümmanı və dənizidir. Həcər ana deyir ki, İlkin çox ailəcanlı idi. Vətənini, valideynlərini canından belə çox sevirdi. Bir qohumun doğum gününü belə unutmazdı. İlkinin xüsusi əl qabiliyyəti, əl işləri də var idi. Naxışlarla üzərinə sözlər işlənmiş dəsmalı 8 Mart- Qadınlar bayramında anası Həcər xanıma hədiyyə göndərmişdi.
Şəhid atası İlyas kişi isə İlkinin ölümünə heç inana bilmir. Deyir ki, elə bilirəm indicə zəng vurub hal-əhvalımı soruşacaq. İlkin haqqında ən çox danışan isə ailənin sonbeşiyi Elşən oldu. O, qardaşı haqqında bunları dedi: “Böyük itkidir qardaş itkisi. Təskinliyimiz ondadır ki, qardaşım qəhrəmanlıq göstərərək ən uca zirvəyə- şəhidlik zirvəsinə ucalıb. Oktyabrın 27-si mənim doğum günüm idi. O, harada olursa-olsun, mütləq mənim hədiyyəmi göndərərdi. Bu dəfə döyüşlərdə olduğunu bilə-bilə zarafatla soruşdum ki, bəs bu doğum günümdə mənə nə alacaqsan? Dedi ki, bu dəfə sənə Qarabağı alacağam. Döyüşlərin birində komandirinin şəhid olduğunu dedi, həmin gün çox kədərli idi. Axırıncı dəfə mənlə danışanda dedi ki, bu dəfə mən şəhid olmağa gedirəm, komandirimin qisasını almalıyam.
İlkin Şuşa uğrunda gedən döyüşlərdə misilsiz igidlik göstərib, əlbəyaxa döyüşlərdə iştirak edib, düşmənin canlı qüvvəsi ilə yanaşı, hərbi texnikasını da məhv edib. Elşən onu da söylədi ki, qardaşım sanki döyüşə hazırlıq görüb getmişdi. Qaldığı otaqda hər yan səliqəli, paltarları ütülü, istifadə etdiyi əşyalar da öz yerində. Noyabrın 9-da Şuşa-Laçın uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub İlkin. Amansız əcəlin onu bizim əlimizdən belə tez alması göynədir məni. Ancaq bir təsəllimiz var: Qarabağ bizimdir! İndi torpaqlarımız düşmən tapdağı altında deyil. Həm də qardaşım bu dünyadakı son sözünə və istəyinə nail oldu: Qarabağ azad olundu və o, şəhidlik məqamına yüksəldi...
Odlar Yurdu Azərbaycan ürəyimizin odu, hərarəti, sevgisi və arzularıdır. Qucağında boy atıb qanadlandığımız ulu, müqəddəs vətənimizdir. İndi Qubadlı, Kəlbəcər, Zəngilan, Füzuli, Cəbrayıl, Ağdam, Laçın, Şuşa bizimdir. O torpaqlarda axan hər şəhid qanı oranı daha da müqəddəsləşdirib. Artıq Qarabağımızda tarixi zəfərlərlə dolu olan üçrəngli Azərbaycan bayrağı dalğalanır. Müzəffər Azərbaycan Ordusu torpaqlarımızda vəzifələrini şərəflə yerinə yetirir. Canınızı qurban verdiyiniz bu torpaqlar indi düşmən tapdağı altında deyil. Ona görə də canınızı fəda etdiyiniz Vətən torpağında rahat yatın, şəhidlər!
Nuray Quliyeva
Naxçıvan Dövlət Universiteti
Tibb fakültəsi “Müalicə işi” ixtisası üzrə V kurs tələbəsi