Şəhid məzarları önündə dayanmışam. Müqəddəs torpağın müqəddəs daşlarını gəzirəm... Bir ananın oğlunun məzarı üstündəki cavabsız danışıqlarını izləyirəm. Göz yaşlarıma hakim ola bilmirəm. Gördüyüm səhnənin tək təsəllisi oğlunu ömürlük itirmiş ananın mərd, hünər dolu baxışları idi. Ona yaxınlaşıb saçlarına sığal çəkirəm. “Qəhrəman şəhidlərin qəhrəman anaları da elə sizin kimi olar” deyirəm. Sizin oğullarınız indi minlərlə insanın oğlu, qardaşıdır...
Bu məzarlıqda yatan şəhidlər ən uca zirvədə dayanıblar. Vətən, xalq sevgisi idi onlara cəsarət verən, daha möhkəm edən. Məhz bu cəsarətdən qüvvət alıb “hər şeydən öncə Vətən” deyib irəli getdilər... Bu ölüm adi ölüm olsaydı, bir ana üçün çox çətin və əzablı olardı, bunu bilirəm. Lakin şəhid anası adını daşıdığı üçün daha vüqarlı, daha əzimlidir. Göynəyən sinəsində dağ vüqarı daşıyan ana göz yaşlarını gizlədərək dedi:
- Övladımdan ayrı qalsam da, fəxarət hissi məni bürüyüb, bilirsinizmi niyə? Çünki oğlum torpaq üstündə şəhid olub. Onun adı ölümsüzlər adı ilə səslənir. Oğlum məni ən yüksək ad olan şəhid anası adına layiq görüb. Təki Vətən sağ olsun. İgid oğullarımızın sayəsində illərdir qanayan yaralarımız sağalıb. Mənim oğlum kimi bütün şəhidlərimiz qürur mənbəyimiz, fəxrimiz, gələcək nəslimizin örnəkçiləridir.
Şəhid qardaşlarımın məzarlarını gəzərkən sordum ki, şəhidim çoxmu gözəldir yerin, darıxırsanmı sevdiklərin üçün?
-Əlbətdə darıxıram, anam üçün, atam üçün darıxıram balaca körpəmə sarılmaq istəyirəm. Tək darıxan biz deyilik axı... Düz 30 il idi torpaqlarımız da darıxırdı... Axı biz məlhəm olmalıydıq. Və olduq. Canımızdan keçərək əbədi, əzəli torpaqlarımızı sevdiklərinə qovuşdurduq. Yurd-yuvalarından didərgin düşmüş vətəndaşlarımızı doğma el-obalarına qaytardıq.
Şəhidlərim, sizi qarşılamağa kimlər gəlmədi ki... İnsanların gözündə bir təlatüm gördüm, göynəyən yaraların şahidi oldum. Elə doğma torpağınıza tapşırılan gün ruhunuz rahatlığına qovuşdu. Əslində isə torpağa deyil, ürəklərə gömüldünüz. Şəhid dərdi ürəklərdən su içir deyiblər. İnsanın qəlbindən su içən isə heç zaman unudulmaz.
Hər kəs bir ömrün sahibidir. İstər az, istər çox yaşa, yenə zaman gəlir yetişir, hər bir insanın dünyadan köçüb getmək məqamı çatır. Lakin sizin kimi əbədiyyət zirvəsində dayanıb, hünər və qeyrət zirvəsinə yüksəlmək hər kəsə nəsib olmur. Bu zirvəyə çatmaq ancaq Vətən uğrunda canını fəda edənlərə nəsib olur. Qardaşlarım, sizin hünəri şərafət, ömrü isə Vətənin yeni adı olaraq yazıldı. Siz bizim qürur mənbəyimiz, böyüyən gəncliyimizin isə örnəyi oldunuz. Qarabağımızın azadlığını yazanlardan, qaranlıq sabahımızdan işıqlı sabahımıza nur gətirənlərdən oldunuz. Məzarlıqda başınızın üstündə dalğalanan üçrəngli bayrağımızın qırmızısında bütün şəhidlərimiz kimi sizin də qanınızın rəngi var. Canınız bahasına geri aldığınız Şuşa torpağında bu il daha fərqli açıb xarıbülbül. Düşmən əsarətindən qurtulan xarıbülbülüm sizin igidliyinizdən, qəhrəmalığınızdan doyunca danışır. Uca dağları, daşları keçərək böyük çətinliklərlə də olsa, onu azad etməyinizdən danışır. Sizdən, qoyub getdiyiniz tarixi qələbədən hələ çox danışılacaq.
Əziz qardaşlarımız, siz qəlbimizdə əbədi yer saldınız. Haqq bayrağını qaldıranlardan, düşmənin qara bağrını öz şücaəti və hünərləri ilə məhv edənlərdən oldunuz. Nə qədər zaman keçir keçsin, gələcək nəsillər qəhrəmanlıq tarixini yazmış oğullarımızı minnətdarlıqla yad edəcəklər. Qəhrəmanlıqla vuruşan, xalqımızın azadlığını hər şeydən uca tutan, bu yolda həyatını qurban verərək ən uca zirvəyə-şəhidlik məqamına ucalanların xatirəsini anmağa borcluyuq.
Xalq şairi Rəsul Rza nə gözəl deyib:
“Mübariz bu gün də var, yarın da,
Mən də onun ən ön sıralarında.”
Şəhadət ən böyük eşq, şəhid ən böyük aşiqdir.
Nuray Əsgərova