Yaz aylarında təbiətin qoynunda, dağlarda bitən elə bitkilər var ki, onlar min bir dərdin dərmanıdır. Xalq təbabətində min illərdir ki, ayrı-ayrı “türkəçarə”lər tərəfindən sınaqdan çıxarılan belə bitkilərin sırasında uşqun da var. Xoş ətri ilə dağı, dərəni bürüyən bu bitki muxtar respublikamızda əsasən, Ordubad, Culfa və Şahbuz rayonlarında geniş yayılıb. Bu günlərdə bir çoxlarımız uşqun yığmaq üçün dağlara üz tuturuq. Əsasən, qumsal dağ yamaclarında bitən uşqunun xoş ətri və turşməzə dadı var. Onu bir dəfə yeyən bir də yemək istəyir.
Bitkinin məhsuldarlığı qışda və yazda yağan yağıntılardan çox asılıdır. Əgər il yağıntılı keçərsə, uşqun bol olar. Yığılması isə çox sadədir, bıçaqdan istifadə olunmur. Mineral və vitaminlərlə olduqca zəngin olan uşqundan xalq arasında şəkər, xərçəng, ürək xəstəliklərində, immun sistemin möhkəmləndirilməsində, orqanizmdə xolesterolun səviyyəsinin aşağı salınmasında, həzm prosesinin yaxşılaşdırılmasında geniş istifadə olunur. İlin bu vədəsində dağlara per-pencər yığmağa gedənlər yağışdan və günəşdən qorunmaq üçün uşqunun yarpaqlarından çətir kimi də istifadə edirlər.
Aprel ayının 15-dən may ayının sonunadək, cəmi 30-40 gün uşqunun yeməli dövrüdür. Sonra isə bərkidiyindən onu yemək olmur. Ancaq yayın ortalarına kimi uşqunun həm çiçəyindən, həm də ətrafında olan yarpaqlarından da istifadə olunur. Bitkinin yığılma vaxtı bitdikdən sonra özəklər daha da böyüyür, azacıq sarı və qızılı rəngə çalan balaca çiçəklər açırlar. Xoş ətri ilə dağı, dərəni, yamacları bürüyən uşqun çiçəkləri yığılır və gün düşməyən yerlərdə qurudulur. Uşqunun çiçəklərinin çayı dəmlənərək gündə bir stəkan içilərsə, mədə-bağırsaq xəstəliklərindən və qaraciyər xəstəliklərindən əziyyət çəkən xəstələrə xeyli köməklik edər. Bir çox dərdlərin dərmanı olan bu bitkidən təkcə yazda deyil, qışda da istifadə olunur. Ondan çox gözəl turşu və mürəbbə hazırlanır. Əhvalaçıcı qoxusu və rəngi olan uşqun mürəbbəsindən, əsasən, ağır soyuqdəymələr zamanı istifadə edilir. Bu gün muxtar respublikamızda bu bitkini nəinki təkcə öz ailələri üçün tədarük edənlər, eyni zamanda bazarlara çıxarmaqla ailə büdcələrini zənginləşdirən ailə təsərrüfatçıları da çoxdur.
Turanə Baxşəliyeva
“Oğuz səsi”