“Düz”ə verilən su və ya reallaşan arzular

A- A A+

Hələ 1980-ci illərin ortaları idi. Şahbuz rayonunun Külüs kəndinin ərazisində yerləşən 400 hektara yaxın ərazisi olan “Düz” massivinə su çəkilməsi ilə bağlı işlər görülürdü. Şahbuzçayın kənarında tikilən nasos stansiyası təqribən 2000 metrə yaxın məsafəyə su vurmalı, ərazilər əkinə cəlb edilməli idi. Və bu kənd sakinlərinin ən böyük arzusu idi.

Mən bu kənddə-Külüsdə doğulmuşam. Biz onda uşaq idik. Təsərrüfatımızda olan quzuları otarmaq üçün həmin əraziyə aparar, işin gedişinə maraqla baxardıq. İntensiv iş gedirdi; traktorlar yamacları hamarlayır, boruları uc-uca düzür, qaynaqçılar onları bir-birinə qaynaq edirdilər. Bizə isə tez-tez xəbərdarlıq edirdilər ki, qaynaq olan yerə baxmayaq. Yoxsa gözümüz “svarkaya düşər”.  Qaynaq zamanı yaranan güclü işıq gözün qişasına təsir etdiyi üçün hətta həftələrlə gözümüz ağrıyırdı. Amma biz uşaq həvəsi ilə yenə də o prosesi izləyirdik.

Amma təəssüf ki, o qədər hay-küylə görülən işin nəticəsi olmadı. Cəmi bir dəfə su vuruldu və bir neçə dəqiqədən sonra transformator sıradan çıxdı. Beləcə, o zaman hamının gözlədiyinin əksinə “Düz” massivinə su vurulmadı. Açığı onda dünyanın ən güclü dövləti olan Sovet hökuməti bunu bacarmadı. Maili dağ yamacı ilə təqribən 2 km yaxın bir yerə su vurmaq üçün elektrik enerjisi və nasos tapılmadı. Nə vardısa hamısını taleyin hökmünə və təbiətin “insafına” buraxıb getdilər. Hamını da inandırdılar ki, bu yerə su vurmaq mümkün deyil!

...Amma 2021-ci ildə yenidən bu iş reallaşdırıldı və  həmin əraziyə su çəkilərək 340 hektar sahə əkin dövriyyəsinə qatıldı. Bu müstəqilliyin bəhrəsi, doğma torpağa sevgi ilə yanaşı ortaya qoyulan iradənin və təşəbbüsün təntənəsi idi.

“Düz” massivində Şahbuz rayonunun Külüs, Mahmudoba və Nursu kəndlərinə məxsus 340 hektar torpaq sahəsi var. Əyyami-qədimdən burada yaxşı xaşa və taxıl olurdu. Kolxoz və sovxoz zamanı hər il buradan əldə edilən yem ehtiyatı ilə Külüs kəndinin mal-qarası və qoyunçuluq təsərrüfatı təmin edilirdi. Bundan başqa yerli sakinlər də bu ərazidən ot biçir, kolxoz və sovxoza məxsus sahələrdə yerdə qalan saman və küləşi toplamaqla qış üçün ev heyvanlarına yetərincə ehtiyat yaradırdılar. Yəni çox bərəkətli torpağı var bu yerlərin.

Yaxşı yadımdadır, Külüs kəndindəki “Ukrayna” kolxozunun sədri mərhum Xeyrulla Cəfərov maraqlı bir əhvalat danışmışdı. Keçmiş kolxoz sədri deyirdi ki, 1976-cı ildə bu ərazidə yaxşı xaşa yetişdirmişdik. Sorağı hətta Leninqrada qədər gedib çatmışdı. Çünki bir gün baxdım ki, Leninqraddan bir neçə elm adamı bizim kəndə gəlib və həmin xaşanın məhsuldarlığı ilə maraqlanırlar. Birlikdə o zaman bir qədər kələ-kötür olan yollarla sahəyə qalxdıq (İndi həmin dağ yolları rahatlıqda hətta kəndlərarasındakı yollardan geri qalmır).  Qeyd edim ki, bu ərazilər dəniz səviyyəsindən 2000 metrdən yüksək məsafədə yerləşir. Leninqradlı alimlər dəniz kimi dalğalanan xaşa zəmisinin qarşısında heyrətlə dayanıb gah başında hələ də ala-tala qar qalan dağlara, gah yuxarıdan baxanda az qala dibi görünməyən dərələrə, gah da iri dənli sünbüllərə baxırdılar. Bunu necə əldə etdiyimizlə maraqlandılar. Sadəcə yerli sort olduğu və hər il belə məhsul götürdüyümüzü dedim. İlk dəfə onda gördüm ki, özlərinin gəldikləri xüsusi maşına girib oradan iri bir simsiz telefonla  Leninqradla danışdılar. Bildirdilər ki, çox yaxşı toxumluq xaşa növü tapıblar. Almaq üçün onlardan icazə istədilər. Sonra isə bir kilosu 10 manatdan (halbuki o zaman xaşa toxumu qəpik-quruş idi) bir ton Külüs xaşasının toxumundan aldılar.

Çox sevindirici haldır ki, bu gün bu yerlər su ilə təmin edilib. Yəni dəmyə əkin sahələri artıq suvarılan əraziyə çevrilib. Nəticədə isə bu bərəkətli torpaqların məhsuldarlığı birə-beş çoxalacaq. Yerli sakinlərin taxılçılığa və ümumiyyətlə əkinçiliyə marağı artacaq. Bu əraziləri su ilə təmin edəcək nasos stansiyasının açılışında iştirak edən və əkinə yeni cəlb edilən torpaq sahələrinə baxan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov öz çıxışında bu məsələlərə bir daha toxundu: “Qısa müddətdə burada böyük işlər görülüb. Bu işlərin görülməsi üçün muxtar respublikanın büdcəsindən 1 milyon manata yaxın vəsait sərf olunub ki, torpaq mülkiyyətçiləri, bələdiyyə torpaqlarını icarəyə götürənlər torpaqlardan səmərəli istifadə edə, bol məhsul götürə bilsinlər. Dövlət dəstəyi ilə güzəştli şərtlərlə gübrələr verilir, əkinçilərə hər hektara görə vəsaitlər ödənilir. Bu ildən taxılın hər kiloqramı dövlət tərəfindən 42 qəpiyə alınacaqdır. Ona görə də torpaqlardan səmərəli istifadə olunmalı, bol məhsul əldə edilməlidir. Bu da həm əkinçilərin öz həyat şəraitini yaxşılaşdırmağa, həm də  ölkəmizin ərzaq təhlükəsizliyinin təmin olunmasına töhfə verəcəkdir”,- deyən Ali Məclis Sədri ərazidə qapalı suvarma şəbəkəsinin qurulmasına başlanılması, əkin zamanı məhsuldar və yerli şəraitə uyğunlaşdırılmış toxum sortlarından istifadə edilməsi, torpaq mülkiyyətçilərinin maarifləndirilməsi barədə müvafiq tapşırıqlar verib.

“Düz” massivinin su ilə təmin edilməsi digər tərəfdən mühüm bir sahəyə ciddi təsir edəcək. Bu Külüs, Mahmudoba və Nursu kəndlərinin ərazisindəki bulaqların suyunun artması üçün çox mühüm stimuldur. Çünki bu ərazi coğrafi baxımdan yaşayış məskənlərindən hündürdə yerləşir. Təbii ki, davamlı olaraq torpağa hopan suyun bir qismi dağların yamacında olan bulaqları daim qidalandıracaq. Nəticədə su bolluğu yaranacaq və həyətyanı sahələrdə yaşıllıq sahələrinin, meyvəçiliyin genişlənməsinə imkan yaranacaq. Yəni həyata keçirilən layihə müxtəlif istiqamətdə kənd təsərrüfatı və meliorasiya ilə bağlı məsələləri həll edəcək.

Səməd Canbaxşiyev

Naxçıvan Muxtar Respublikasının əməkdar artisti    

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: