Batrınc dadlı və faydalı bitkidir

A- A A+

Naxçıvan torpağı həmişə öz yüksəkkeyfiyyətli yerli tərəvəz məhsulları ilə tanınıb. Təzə meyvə-tərəvəzə üstünlük verən naxçıvanlıların zəngin yerli mətbəxə məxsus yeməklərin hazırlanmasında istifadə etdikləri müxtəlif ­tərəvəzlər sonda dadı və ləzzəti ilə seçilən xörəklərin ərsəyə gəlməsini təmin edir.

Muxtar respublikanın müxtəlif bölgələrində yetişdirilən meyvə-tərəvəzlər yerli tələbatı ödəməklə, orqanizm üçün hədsiz faydalılığı ilə yanaşı, həm də ərzaq məhsulları idxalının qarşısını alır. İlin bu vaxtı Naxçıvan bazarlarında batrınc bitkisinə tez-tez rast gəlirik. Bu bitkini, bəlkə də, muxtar respublikadan kənarda tanıyan az adam tapılar. Süfrələrin bəzəyi olan, öz görünüşü və dadı ilə digər tərəvəzlərdən fərqlənən batrıncın faydalı xüsusiyyətlərini saymaqla bitməz. Bu bitki haqqında geniş məlumat almaq üçün Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Əsgər Həsənovla həmsöhbət olduq. Əsgər müəllim qeyd etdi ki, muxtar respublika ərazisində əkilib-becərilən səbzə-tərəvəz bitkiləri içərisində batrıncın özünəməxsus yeri və əhəmiyyəti var. Nuh yurdu Naxçıvanda bu bitki çox qədim zamanlardan əkilib-becərilib və mədəni əkinçilik sistemində özünün xüsusi çəkisi olub. Eyni zamanda digər səbzə-tərəvəz bitkiləri, o cümlədən nanə, cəfəri, şüyüd, razyana, reyhan, tərxun, kəvər yerli bazarın təminatında yer tutub, faydasına görə bu bitkilərin əkininə üstünlük verilib.

Mütəxəssislərin apardıqları təhlillərin nəticəsi göstərir ki, Naxçıvan diyarında VI-XII əsrlərdən bəri istifadə edilən batrınc həm insanların gündəlik qida rasionuna daxil edilib, həm də xalq təbabətində geniş istifadə olunub. Ordubad rayonunda batrınc bitkisindən alınmış cövhər qan-damar, böyrək və öd yolları xəstəliklərinin müalicəsində bu gün də müalicəvi təsirə malik vasitə hesab edilir. Çoxillik bitki olan batrınc torpağın strukturundan asılı olaraq şorakət və şoran ərazilərdən başqa, bütün növ torpaq sahələrində əkilib­-becərilir. Digər səbzə-tərəvəz bitkiləri ilə müqayisədə məhsuldarlığı daha çoxdur. Belə ki, batrıncın hər hektarından 70 sentnerdən artıq məhsul götür­mək mümkündür. Muxtar respublika şəraitində həm vegetativ, həm də generativ üsullarla artırıla bilən bu bitki Naxçıvanın bütün bölgələrində əkilir. Müsahibim bildirdi ki, batrıncın Şərur, Şahbuz, Babək, Ordubad və Kəngərli rayonlarında məhsuldarlığı çox olmaqla yanaşı, daha ləziz növlərinə də rast gəlinir. Bu bitkidən həm də muxtar respublikamızın kulinariyasında müxtəlif növ xörəklərin, o cümlədən bozpört, basdırma, kabab, eyni zamanda un məmulatlarının hazır­lanmasında, sıyıq yeməklərində geniş istifadə olunur. Batrınc bitkisi haqqında daha geniş məlumat almaq üçün bazara da yollandıq. Tərəvəz piştaxtalarının üstündə ilk andan diqqəti cəlb edən bitkilərdən biri də elə batrınc oldu. Bu bitkini münasib qiymətə satan Xalid dayı onun çox faydalı olduğunu bildirdi. Göyərtiləri Ordubad rayonunun Dəstə kəndindən gətirdiyini deyən satıcı rayonun müxtəlif kəndlərində əkilib-becərilən batrıncın faydalarından danışdı: – Batrıncı nəinki göyərti kimi istifadə edir, hətta onun çayını dəmləyib içirik. Bu həm qan-damar sistemini tənzimləyir, həm də bədənin bir çox orqanlarının funksiyasını bərpa edir. Rayonda müxtəlif yeməklərin yanında süfrəyə gətirilən bitkini yayda yığıb qurutmaqla qışa da saxlamaq olur. Batrıncı bərəkətli göyərti hesab edən satıcı onu yazın əvvəllərindən əkdiyini, ta qışa qədər istifadə etdiklərini dedi. Satıcı onu da bildirdi ki, bu bitkini ölkəmizin digər bölgələrində tapmaq çətindir. Məhz buna görə də Bakıda yaşayan tanışlarımız burada daddıqları batrıncdan həmişə sifariş edirlər. Muxtar respublikamızın məhsuldar torpaqlarında bitən batrıncı bir yeyən bir də dadmaq istəyir. Odur ki, torpaqlarımızdan məhsuldarlıq, süfrələrimizdən belə faydalı bitkilər əskik olmasın!

 Güntac ŞAHMƏMMƏDLİ

"Şərq qapısı" qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: