İnsanı vətənə bağlayan və onun müdafiəsinə qalxmağa məcbur edən amillər təkcə ruhunun doğurduğu vəziyyət və şüarlar deyil, həmçinin həyatını təmin edən maddi-mənəvi sərvətlərdir. Maddi nemətlər uğrunda aparılan qanlı müharibələr, son nəticədə, yeni ideoloji şüarlar üzə çıxararaq onları “vətən uğrunda aparılan müharibə” müstəvisinə daxil edir. Deməli, vətənin qorunması və müdafiəsinin təşkili o ölkədə yaşayan cəmiyyətin milli birliyindən və sahib olduğu maddi sərvətlərin qorunmasından hədsiz asılıdır. Vətənpərvər insan amilinin kökündə duranlardan ən əsası yaşadığı və ruzi qazandığı, əcdadlarının qəbri olan, nəslinin isə yüz illər sonra da yaşayacağı torpağı müdafiə qayğısıdır. Bu şərtlər onun üçün vətəni qorumağı vacib amilə çevirir.
Özünü ölkənin əsl vətəndaşı hesab edən hər bir ləyaqətli, əqidəli vətənpərvər gənc əməli fəaliyyəti ilə millətin adı və varlığı ilə fəxr edir, onda milli xarakter və milli mənəviyyat formalaşır. Çünki milli mənlikdə milli ideal, milli ləyaqət, milli şərəf, milli birlik hissi, müstəqillik arzuları, milli qürur hissi ehtiva olunur. Milli mənlik hər bir şəxsin özünün milli mənsubiyyətini ətraflı dərk etməsinə imkan yaradır. Milli mənliyi olan şəxs həyatın heç bir hadisəsinə laqeyd qala bilməz. Vətən, torpaq məhəbbəti, millətin və xalqının qayğıları onun şəxsi istək və arzularını üstələyir, onu xalq üçün çalışmağa sövq edir.
İnsanın ən ali və əzəli hisslərindən olan vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı elə, obaya, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətdən qaynaqlanır. Lakin vətənpərvərlik təkcə vətəni sevmək deyil, vətənpərvərlik həm də vətəni naminə çalışmaq, vətəni qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək, vətənin, xalqın hər bir uğuruna sevinməkdir. Bu hiss insanda anadangəlmə olsa da, bütün digər hisslər kimi tərbiyəyə möhtacdır, tərbiyə yolu ilə daha da möhkəmlənir və inkişaf edir. Vətənpərvərlik insanı səciyyələndirən ən mühüm keyfiyyətlərdən olduğundan onun böyüməkdə olan nəslə aşılanması, uşaq, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması həmişə təlim-tərbiyə işinin ən mühüm istiqamətlərindən, təhsil müəssisələrinin ən vacib vəzifələrindən olub.
Hər bir ölkənin gələcəyi onun gənclərinin düşüncə tərzindən, intellektual səviyyəsindən, milli ruhundan və digər amillərdən asılıdır. Azərbaycan gəncliyi bütün dövrlərdə ölkənin taleyüklü məsələlərinə münasibətdə, həlledici məqamlarda öz sözünü deyib. Müstəqilliyin əldə edilməsində olduğu kimi, onun qorunub saxlanılmasında da gənclərin rolu danılmazdır. Gənc nəsil həm də xalqın əsrlər boyu yaradıb-yaşatdığı ənənələri, milli mədəniyyəti yaşadır və gələcək nəsillərə ötürür. Bu mənada gənclərin çiyinlərinə böyük yük düşmüş olur, çünki gənclər dövlətin həm bu günü, həm də gələcəyidir.
Bu gün Azərbaycanda həyata keçirilən gənclər siyasətinin, gənclərə göstərilən diqqət və qayğının əsasında ölkə üçün layiqli vətəndaş və sağlam nəslin yetişdirilməsi dayanır. Müstəqilliyinin üçüncü onilliyinə qədəm qoymuş Azərbaycana məhz milli şüura malik, vətənpərvər və doğma vətənin tərəqqisi naminə çalışan gənclər lazımdır. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu müstəqil Azərbaycanın gənclər siyasəti də məhz bu amala xidmət edir. Dahi rəhbərimiz müstəqil düşüncə tərzinə sahib vətənpərvər nəslin yetişməsini dəfələrlə qürur hissi ilə vurğulayaraq demişdir: “Məni hədsiz dərəcədə sevindirən odur ki, Azərbaycanın gələcəyini möhkəm əllərdə saxlaya bilən, Azərbaycanı daim bütün xətalardan qoruya bilən, Azərbaycanın dövlət müstəqilliyini, demokratik dövlətini qoruya bilən gəncliyi vardır”.
Naxçıvan Muxtar Respublikasında da yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsinin düzgün təşkili, milli-mənəvi dəyərlərin qorunub saxlanılması, vətəndaşlıq hisslərinin aşılanması diqqət mərkəzindədir. Belə ki, muxtar respublika rəhbərinin qayğısı ilə yeniyetmə və gənclərin təhsili, sağlamlığının qorunması, asudə vaxtının səmərəli təşkili, vahid mərkəzlərdə eyni ideya ətrafında birləşməsi sahəsində əhəmiyyətli tədbirlər həyata keçirilmişdir. Qədim tarixi abidələrin, yurd və yaşayış yerlərinin bərpa olunması, gənclərin bu yerlərə gəzintilərinin təşkili də onlarda yurda, vətənə məhəbbət hissi formalaşdırır. Aidiyyəti qurumlar tərəfindən gənclərlə iş, onların vətənpərvərlik tərbiyəsinin təşkili ilə bağlı müxtəlif layihələr reallaşdırılır. Bu baxımdan Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələrinin Naxçıvan Muxtar Respublika Təşkilatı mütəmadi olaraq təhsil müəssisələrində müxtəlif tədbirlər keçirir, milli qəhrəmanlarımızın tanıdılmasına, onların keçdiyi şərəfli döyüş yolunun gənc nəslə çatdırılmasına, Azərbaycan ordusunun gücü-qüdrəti haqda məlumatların verilməsinə çalışır. Son dövrlər şanlı ordumuzun əldə etdiyi şanlı qələbələr, qaytarılan yurd yerlərində bərpa və abadlıq işlərinin aparılması da bu sahədə ən yaxşı nümunədir, gənclərə vətənpərvərlik hissələrini aşılayır. Təşkilat üzvləri gənclərin hərbi xidmətə yola salınmasında, hərbi hissələrdə keçirilən tədbirlərdə də yaxından iştirak edirlər. Bu və bu kimi digər tədbirlər gənc nəslin vətənpərvərlik tərbiyəsinə, vətəni sevmək hisslərinin formalaşmasına böyük təsir göstərir. Bu gün Azərbaycan gəncliyi də göstərilən qayğıya cavab olaraq, elinə, obasına, vətəninə bağlı hisslərlə formalaşır.
Məcid Seyidov
Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələrinin Naxçıvan Muxtar Respublika Təşkilatının sədri